Məhkəmə qərarları › İş №3(019)-48/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-48/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-48/2024 24.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Rəsulov X3 Rayon Məhkəməsinin 2(019)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1 ədəd taxılyığan New Holland TC 4.90 markalı Kombaynı Zərərçəkmiş şəxs verməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 18 yanvar 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-48/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati qaydada cərimə edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-48/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən şikayət verilmiş, şikayət baxılması üçün iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-63/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(019)-48/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-264/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən saz vəziyyətdə alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Şəxs 1 ədəd taxılyığan New Holland TC 4.90 markalı Kombaynı Zərərçəkmiş şəxs verməkdən imtina etmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən saz vəziyyətdə alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmin kombaynı o, özü almışdır. Onun adında gecikmə olduğu üçün kombayn Valehin adına sənədləşdirilmişdir. Kombaynı o, olmayanda ondan xəbərsiz Zərərçəkmiş şəxs gəlib qarajdan aparmışdır. 2023-cü ilin iyun-iyul aylarında həmin kombaynla Valeh 5-6 nəfərin torpaq sahəsini biçmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınmışdır. Barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən saz vəziyyətdə alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 264/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icraya yönəldilmiş, borcluya tələbin könüllü icrası təklif edilmiş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində 320509 №-li axtarış işi açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, icra məmurunun qanuni tələblərinə baxmayaraq Şəxs tərəfindən Balakən Rayon Məhkəməsinin 2(019)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməmişdir. İş materiallarından həmçinin görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qediyyata alınmışdır və qanunvericiliyin tələbinə əsasən vəzifəli şəxs sayılır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin «Qeyd» hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi "Hornşbi Yunanıstana qarşı" iş üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, "Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququ vardır. Bu hüquq işin ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsidir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir. Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda, bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prossesual təminatların dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnun tənzimlənməsi kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır." "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X2 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, "İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışının müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrası şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olduğu, həm də məhkəmə qətnaməsi ilə müəyyən olunan tələb Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından şəxsin mülkiyyət hüququ kateqoriyasına aid olduğu üçün, qətnamənin icra edilməməsi və icrası ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu və mülkiyyət hüququnu pozmuş olacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən kombaynın ona məxsus olmasını, həmin kombaynı o, olmayanda ondan xəbərsiz Zərərçəkmiş şəxs gəlib qarajdan aparmasını və icra sənədinin icra edilməməsinin ona aid olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlər onun sözügedən icra sənədini üzrlü səbəb olmadan icra etmədiyini göstərir. Şəxs icra sənədini icra etməkdən və icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar və Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114,115-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar