Məhkəmə qərarları › İş №3(019)-5/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-5/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-5/2024 07.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Balakən rayonu Sarıbulaq kəndində yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 525-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs oğlu xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Şeş-beş” çay evində pul müqabilində kart oynamaqla qumar oyununda iştirak etmişdir. Balakən RPŞ-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Hazırki iş üzrə 15 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X2, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 525-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs oğlunun İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən hazırki işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şəxs oğlunun həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Belə ki, işdə olan, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Süleyman Qarayev tərəfindən Balakən RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanova ünvanlanmış raportda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Balakən rayon R.Səmədov küçəsində yerləşən "Şeş-beş” adlı çay evində 3 nəfər şəxsin kart ilə puldan qumar, oyunu oynaması barədə whatsapp sosial ani-mesajlaşma sistemində video görüntü yayılmışdır. Tərəfindən bu barədə maraqlanan zaman onların Balakən rayon Sarıbulaq kənd sakinləri, xx.xx.1992-cı il təvəllüdlü X4, xx.xx.1997-cı il təvəllüdlü Şəxs və xx.xx.1996-ci il təvəllüdlü X5 olmaları məlum olmuşdur. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən RPŞ-də verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19.00 radələrində qohumları X4 və X3 ilə birlikdə Balakən şəhərində yerləşən “Şeş-beş” kafesində olmuşlar. Həmin vaxt kafedə pivə və çay içmişlər. Hesabı soruşduqda 21 manat olduğunu bilmişlər. Həmin vaxt masanın üstündə kart var idi. Həmin kartla qumar, yəni pul müqabilində 1 manatdan buro adlanan oyun oynamağı qərarlaşdırmışlar. Onların həmin oyunu oynamaqda məqsədləri kafeyə olan 21 manat hesabı bağlamaq olmuşdur. Oyun zamanı udduqları pulları şalvarlarının arxa cibinə yığmışlar ki, hesabları olan 21 manat düzəlsin. Qeyd etmək istəyir ki, masanın üzərinə pul qoymamışlar. Həmin vaxt o, 11 manat udmuş, Asif 4 manat, Şamil 6 manat udmuşdur. Onların qumar oynadığını heç kim görmürdü. Həmin kafedə 1-2 saat olmuş, qumar oynadıqları zaman 21 manatla hesablarını bağladıqdan sonra kafeni tərk etmişlər. Məhkəmə iclasında iş üzrə maddi sübut olan 1 ədəd DVD diskinə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Balakən rayon R.Səmədov küçəsində yerləşən "Şeş-beş” adlı çay evində Şəxs, X4 və X1 pul müqabilində qumar oyununda iştirak etməsi, qumar oynaması təsdiq olunmuşdur. İş materiallarından həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, şəxsiyyətini xarakterizə edən halları, o cümlədən ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı və və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Məhkəmə həmçinin hesab edir ki, oyun ləvazimatı olan kartlar maddi sübut kimi götürülmədiyi, eyni zamanda işdə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, habelə qazanılmış uduş, mükafat və ya digər gəlir olmadığı və iş materiallarına əsasən X4, Şəxs və X5 tərəfindən götürüldüyü üçün oyun ləvazimatı olan kartların, həmçinin işdə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, habelə qazanılmış uduş, mükafat və ya digər gəlirin müsadirə edilməsi barədə qərar qəbul edilməsi qeyri-mümkündüır və bu hal nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 113-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar