Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-500/2024 28.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-cı il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 noyabr 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3736/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 4820 manat aliment borcunu tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 193 manat müvəqqəti aliment, daha sonra 220 manat aliment tutulub, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Hazırda icra sənədinə əsasən aliment borcu 4820 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir və ödəmək istəmir. Müxtəlif orqanlara sorğular göndərilmiş və həmin sorğulara cavablar nəticəsində borclunun adına daşınmaz əmlak, bank hesabı, tələb yönəldilə biləcək əmlak qeydə alınmamışdır. İcra şöbəsinə gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hazırda onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən aliment borcu 4820 manat təşkil edir. Uşağı ona göstərmədikləri və uşağın hansı şəraitdə yaşaması barədə məlumatı olmadığı üçün alimenti ödəmir. O, MilliÖN ödəniş sistemi vasitəsi ilə aliment borcundan tələbkara bir neçə dəfə ödəniş etmişdir. Rayona gəlməmişdən 2 həftə əvvəl uşaq onun yanında olmuşdur. Barəsində olan axtarışla bağlı məlumatı olmuş, ancaq COP29 ilə bağlı icra məmurunun çağırışına gələ bilməmişdir. Ona münasibətdə qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4cü maddəsinə əsasən hazırki işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-300/2023 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 19 oktyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, iddiaçı Zərərçəkmiş şəxs verilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3736/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən tutulmuş aliment nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 3736/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsi icraya yönəldilmiş, bu barədə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin dərhal icrası haqqında borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin 29 aprel 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs 500 və 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər onun sözügedən icra sənədi üzrə 4820 manat aliment borcunu üzrlü səbəb olmadan ödəmədiyini göstərir. Ona görə də məhkəmə Şəxs izahatında uşağı görmədiyi üçün alimenti ödəməməsini bildirməsini əsassız sayır və inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 14.55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. Həbs müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 14.55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-500/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-500/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver