Məhkəmə qərarları › İş №3(019)-501/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-501/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-501/2024 29.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, orta təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, VÖEN **********, Balakən rayonu Mahamalar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 29 noyabr 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-442/2021, e-2-2(117)-596/2022, e-2- 2(117)-554/2024 saylı, Balakən Rayon Məhkəməsinin e-2(019)-377/2024 saylı icra sənədlərinə əsasən Şəxs 84473 manatı tələbkarlara ödəməkdən imtina edir. Bununla da Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-442/2021, e-2-2(117)- 596/2022, e-2-2(117)-554/2024 saylı, Balakən Rayon Məhkəməsinin e-2(019)-377/2024 saylı icra sənədlərinə əsasən cavabdeh Şəxs 84473 manat borc tutularaq tələbkarlara ödənilməlidir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Şəxs borcunu ödəməkdən yayınır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədlərinə əsasən 84473 manatı tələbkarlara ödəməlidir. Onun icra sənədlərini əvvəllər icra etməməsi çətin maddi vəziyyəti ilə bağlı olmuşdur. Əvvəlki borcunu ödəyib yekunlaşdırmışdır. Əvvəllər təsərrüfatla məşğul olmuşdur, bu il də tütün əkmiş, bir kilo belə verə bilməmişdirlər. VÖEN hazırda aktivdir. 20 gündür lazeroloq işləyir, 1200 manat əmək haqqı alanda ödəniş edəcək. Lazer aparatı var, onu verib borcunun ödənilməsinə razıdır. Övladı dil qüsurlu olduğu üçün işləyə bilməmişdir. Himayəsində 3 azyaşlı uşağı vardır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" QSC BOKT-nın və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXMnin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-442/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs cəmi 3190 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-596/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs cəmi 56.500 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-554/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 23440 manat məbləğində pul vəsaiti və 160.32 dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Balakən Rayon Məhkəməsinin e-2(019)-377/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 1302 manat əsas borc, 10 manat cərimə borcu olmaqla cəmi 1312 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 34.32 manatın 31,57 manatı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməlidir. Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-442/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun 19 avqust 2022-ci il tarixli qərarı ilə Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-596/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-554/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin e-2(019)-377/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-205/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs himayəsində xx.xx.2009-cu il tarixdə doğulmuş X6, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 olmaqla üç azyaşlı uşaq vardır. İş materiallarında olan vergi məlumatlarından çıxarışdan görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınmış, tütün becərilməsi fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlər onun sözügedən icra sənədi üzrə 84473 manat borcunu üzrlü səbəb olmadan ödəmədiyini göstərir. Həmçinin iş materiallarından görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınmış və qanunvericiliyin tələbinə əsasən vəzifəli şəxs sayılır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin «Qeyd» hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsində inzibati xətanın himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən eyni xətanı bir il ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib vəzifəli şəxs kimi inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar