Məhkəmə qərarları › İş №3(019)-502/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-502/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-502/2023 24.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X6 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 333.1-cu maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs xx.xx.2023-cü il tarixdə saat 14.03də Vaz 21074 minik markalı ** NG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Balakən Rayon Polis X6 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Polis X6 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolu müdafiə edərək, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs xx.xx.2023cü il tarixdə saat 14.03-də Vaz 21074 minik markalı ** NG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəməri olmadan idarə etdiyini, onun avtomaşınının saxlandığını, Şəxs alkotestrdən keçirildiyini və alkotestrin kağız daşıyıcıda əks olunmuş məlumatı ilə Şəxs avtomaşını 0,397 promili olmaqla alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyini, Şəxs təkidi ilə onun Balakən Rayon Mərkəzi Xəstəxanasına həkim narkoloqun müayinəsinə aparıldığını, həkim narkoloq tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 549 saylı aktla aparılan müayinə zamanı Şəxs 0,397 promili alkoqol sərxoşluğunun olduğunun müəyyən edildiyini, Şəxs bununla razılaşmadığını, onun Şəxs yenidən müayinə üçün Şəki şəhərinə və ya Gəncə şəhərinə gedə biləcəyini dediyini, alkotestr cihazının yeni olduğunu və hər dəfə kağızdan çıxarılaraq istifadə edildiyini, müayinədən əvvəl ona qətiyyən spirt vurulmadığını, xx.xx.2023-cü il tarixdə saat 14.03-də Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyini, alkoqolun qanda 72 saat ərzində qaldığını göstərərək, Şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14.03-də Vaz 21074 minik markalı ** NG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəməri taxaraq idarə etmişdir. Lakin polis əməkdaşları tərəfindən onun avtomaşını saxlanılmış və o, alkotestrdən keçirilmişdir. Alkotestr məlumatı nəticəsində onun avtomaşını guya alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi ona bildirilmiş, lakin bu məlumat ona göstərilməmişdir. O, bu halla qətiyyən razı olmamışdır. Belə ki, həmin vaxt alkoqollu içkilər qəbul etməmiş, xüsusi evdə ustalıq etmiş və tikinti materialı almaq üçün avtomaşını ilə mağazaya gedərkən polislər onu saxlamışlar. Həmin evdə asetonla işlədiyindən ola bilsin ki, üstündən spirt iyinə oxşar iyi olan aseton iyi gəlmişdir. O, təkid edərək müayinə üçün onu Balakən Rayon Mərkəzi Xəstəxasına aparılmasını xahiş etmişdir. Polis əməkdaşları da onu müayinə üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Lakin xəstəxanada həkim narkoloq ondan qan analizi götürməmiş və onu müayinə etməmiş, alkotestr məlumatına istinad edərək onun sərxoş olması barədə akt tərtib etmişdir. O, bununla qətiyyən razı olmamış və müayinə üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Lakin Zaqatala Rayon Mərkəzi Xəstəxanasında alkoqol sərxoşluğu ilə bağlı onu müayinə etməkdən imtina etmişlər. O, tibbi müayinə üçün Şəki şəhərinə və ya Gəncə şəhərinə getməmişdir. Ehtimal edir ki, polislər alkotestrə spirt vurmuş və nəticədə alkotestr məlumatına əsasən onda alkoqol sərxoşluğu çıxmışdır. Rayonda yoxlamadan əvvəl alkotestrə spirt vurulması ilə bağlı gəzən söz-söhbətlərə görə bunu ehtimal edir. Lakin bunu təsdiq edən hər hansı sübutu yoxdur və məhkəməyə təqdim edə bilmir. Həmçinin barəsində alkoqol sərxoşluğu ilə bağlı tərtib edilən həkim narkoloqun aktının düzgün olmaması və həmin vaxt onda alkoqol sərxoşluğunun olmaması ilə bağlı hər hansı sübutu yoxdur və təqdim edə bilmir. Cərimə olunmasına etiraz etmir. Belə ki, himayəsində iki uşaq və aliment verdiyi üçüncü uşaq vardır. Uşaqları məktəbə aparmaq üçün avtomaşından istifadə edir və bu səbəbdən sürücülük hüququnun məhdudlaşdırılmasını istəmir. Ona məxsus Vaz 21074 minik markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşın ona qaytarılmışdır. Barəsində ədalətli və qanuni qərarın çıxarılmasını xahiş edir. Şəxs həmin inzibati xətanın törətməsi iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan 02 noyabr 2023-cü il tarixli 549 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yoxlama zamanı Şəxs 0,397 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi haqqında aktdan görünür ki, Şəxs məxsus Vaz 21074 markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin duracağına qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Şəxs məxsus olan Vaz 21074 markalı ** NG *** qeydiyyat nişanlı avtomobil X3 təhvil verilmiş və həmin şəxs həmin avtomaşını təhlükəsiz olaraq sahibinin həyətinə çatdırmağa söz vermişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02 noyabr 2023-cü il tarixdə saat 14.03-də ona məxsus Vaz 21074 minik markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşını alkoqol sərxoşluğu vəziyyətində idarə etməməsi, həmin vaxt onda sərxoşluğun olmaması, alkoqol sərxoşluğu yoxlanılarkən polis əməkdaşlarının alkotestr cihazına spirt vurması və nəticədə onda alkoqol sərxoşluğunun müəyyən olunması, həkim narkoloq tərəfindən müayinə edilməməsi və onda 0,397 promili alkoqol sərxoşluğunun olması ilə bağlı 02 noyabr 2023-cü il tarixli 549 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının həqiqəti əks etdirməməsi və onda həmin vaxt ümumiyyətlə alkoqol sərxoşluğunun olmaması barədə məhkəmə iclasında verdiyi izahatında bildirdiklərini işdəki heç bir mötəbər sübutla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi bu halların mövcud olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdəki mötəbər sübutlarla da Şəxs göstərdiyi bu məlumatlar təsdiq olunmur, əksinə tamamilə təkzib olunur. Lakin o da bildirilməlidir ki, təqsirsizlik prezumpsiyası hüququna görə Şəxs özünün müdafiəsi üçün göstərdiyi bu xüsusatlar heç bir halda onun əleyhinə istifadə oluna bilməz, yəni ona istinad olunan inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona inzibati tənbehin verilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Resublikası İXM-nin 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İş materiallarından görünür ki, 02 noyabr 2023-cü il tarixli 549 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə aparılan müayinə zamanı Şəxs 0,397 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasına əsasən ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Hesab edirəm ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin o cümlədən alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi Şəxs istinad olunan İXM-nin 333.1-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğu üçün İXM-nin 33.1.7-ci maddəsində nəzərdə tutulmuş həmin məsuliyyəti ağırlaşdıran hal Şəxs inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz və onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən oluna bilməz. İş materialları ilə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar