Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-503/2023 14.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi- Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi X4, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Şambul kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 5740 manat aliment borcunu tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)-760/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış); tərəflərin birgə nikahından 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 140 manat, hər ay iki uşaq üçün 280 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Hər iki icra sənədi üzrə Şəxs tərəfindən on iki min manatdan artıq aliment ödənilmişdir. Şəxs əvvəl alimenti vaxtlıvaxtında ödəmiş, lakin aliment məbləği artırıldıqdan sonra ödənişlərdə çətinliklər yaranmışdır. Şəxs ilə telefon əlaqəsi saxlanılmamış, həmçinin onun harada olması barədə sorğular verilməmişdir. Onun anası ilə danışıq aparılmış, sonra Şəxs evdə olmaması müəyyən edilmiş və ona görə də barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs Balakən rayon İcra və Probasiya Şöbəsində bildirdiyinə görə onun barəsində axtarış elan olunmasından xəbəri olmamışdır. Şəxs hazırki 5740 manat aliment borcundan 1800 manat ödəmiş və qalan borcu da bir ay müddətində ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)-760/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış); onların birgə nikahından 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən ondan hər ay hər bir uşaq üçün 140 manat, hər ay iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. O, alimenti ödəməkdən heç vaxt yayınmamış, ümumilikdə hər iki icra sənədi üzrə on iki mindən artıq aliment ödəmişdir. Hazırda Bakı şəhərində tikintidə günəmuzd fəhlə işləyir. Elə ay olur işi olur, elə ay olur ki, işi olmur. Orta hesabla götürəndə aylıq qazancı 400-450 manat arası olur. Onun axtarışda olduğundan xəbəri olmamışdır. Belə ki, qazandığı pulu həmişə evə-anasına göndərmiş, anası da həmin puldan aliment məbləğini ödəmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən onunla əlaqə saxlanılmamış, telefonla ona zəng olunmamışdır. Eyni zamanda axtarış qərarı ona göndərilməmişdir. Evdən də axtarışda olması barədə ona heç bir məlumat bildirilməmişdir. O, heç vaxt alimenti ödəməkdən yayınmamışdır. Onun uşaqlara indiyə qədər 12 min manatdan artıq aliment ödəməsi bunu təsdiq edir. Həmçinin bildirir ki, onun başqa nikahdan da uşaqları vardır. O, hazırda 5740 manat aliment borcundan 1800 manat ödəmişdir, qalan 3940 manat alimenti də bir ay müddətində ödəyəcəkdir. Bundan sonra alimenti tam məbləğdə ödəyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)-760/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış); birgə nikahdan 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 140 manat, hər ay iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin alınaraq, ona ödənilsəsi qərara alınmışdır. Şəxs 5740 manat aliment borcundan 1800 manat ödəmiş və qalan borcu da bir ay müddətində ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)-760/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış); tərəflərin birgə nikahından 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 140 manat, hər ay iki uşaq üçün 280 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkara Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1800 manat məbləğində aliment ödənilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, tələbkara olan alimentdən vaxtaşırı əhəmiyyətli ödənişlər etmiş, onun inzibati xəta haqqında protokol tərtib edilən xx.xx.2023cü il tarixə 5740 manat aliment borcu olmuş, həmin borcun 1800 manatını da xx.xx.2023cü il tarixdə ödəmiş, eyni zamanda qalan aliment borcunu da bir ay müddətində ödəyəcəyini bildirmişdir. Eyni zamanda Şəxs bildirişlə və ya telefon əlaqəsi saxlanılmaqla rəsmi qaydada Balakən rayon İcra və Probasiya Şöbəsinə çağrılmamış, müvafiq dövlət orqanlarına sorğular edilmədən və harada olduğu müəyyən edilmədən barəsində 21 fevral 2023-cü il tarixli borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Halbuki iş materiallarına və borclu Şəxs məhkəmədə verdiyi izahata əsasən o, Balakən rayon İcra və Probasiya Şöbəsinə çağrılmamış, Bakıda günəmuzd işdə işləməklə qazandığı pul vəsatini alimentin ödənilməsi üçün Balakən rayonu Tülü kəndinə-anasına göndərmiş, anası da həmin vəsaitlərdən alimenti ödəmişdir. Onun barəsində axtarış verilməsi haqqında qərardan xəbəri olmamış, eyni zamanda heç vaxt alimenti ödəməkdən boyun qaçırmamışdır. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Musayevin və barəsində inzibati xəta haqqnda iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə bildirdiyinə görə Şəxs indiyə qədər 12 min manatdan artıq alimnet ödənişi etməsi onun alimenti ödəməkdən yayınmadığını təsdiq edir. İş materiallarından, həmçinin məhkəməyə təqdim edilmiş icra işindən də görünür ki, icra məmuru tərəfindən müxtəlif orqanlara göndərilən sorğular əsasında Şəxs işləməməsi, aylıq hər hansı qazanca malik olmaması, onun bank əmanətlərinin, tələb yönəldilə biləcək daşınar və daşınmaz əşyalarının olmaması, pensiya və digər sosial müavinət almaması, bir sözlə ödəniş qabiliyyətinin olmaması müəyyən edilmişdir. Belə olan halda şübhəsizdir ki, Şəxs sözügedən icra sənədini tam icra etməməsi və bununla bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirməməsi üzrlü səbəblərdən baş vermişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən olunmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Onu da nəzərə çatdırmaq lazımdır ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 4 saylı Protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 1-ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər qanun normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yetirməsi üçün maddi vəsaitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi 22 iyul 2021-ci il tarixli Kərimov və başqaları Azərbaycana qarşı şikayəti üzrə qərarında ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovun borclarını ödəmək iqtidarında olmadıqlarına görə həbs olunmaları ilə bağlı Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsində nəzərdə tutulmuş hüquqlarının pozuntusunu müəyyən etmiş və ərizəçilərin hər birinə 3600 avro təzminat ödənilməsini qərara almışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1. 109.2, 112-113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-503/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-503/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver