Məhkəmə qərarları › İş №3(019)-504/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-504/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-504/2024 28.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X1 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Dön-ət” dönər evinin sahibi Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: “Dön-ət” dönər evinin sahibi Şəxs xx.xx.2024-cü il tarixdə “Dön-ət” dönər evində istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X1 vəzifəli şəxsləri- X11 və X12 tərəfindən ŞZRB-255 nömrəli, xx.xx.2024-cü il tarixli yoxlamanın aparılması haqqında Qərara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış KY242254918 nömrəli xx.xx.2024-cü il tarixli çıxarış əsasında nəzarət qaydasında planlı yoxlamanın keçirilməsinə maneçilik törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Dön-ət” dönər evinin sahibi Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. İnzibati xəta haqqında icraat başlamış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 əməkdaşları tərəfindən Balakən şəhərində keçirilən monitorinq zamanı Balakən şəhəri R.Səmədov küçəsi,şəhid Amin Novruzov adına Texniki və X9 yaxınlığında fəaliyyət göstərən “Dön-ət” dönər evindən götürülmüş nümunələrin labarator müayinəsi aparılarkən nümunələrdə mikrobioloji (E.coli) çirklənmə aşkar edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 tərəfindən həmin obyektdə plandankənar yoxlama keçirilməsi qərara alınmış və bu barədə SZRB-299 nömrəli, 04 noyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Yoxlamanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 SZRB-299 nömrəli, 04 noyabr 2024-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə alınmış xx.xx.2024-cü il tarixli KY422254918 nömrəli Çıxarışa əsasən 04 noyabr 2024-cü il tarixdə həmin obyektdə yoxlama aparılması üçün nümayəndələri ora getmişlər,lakin obyektin sahibi olmadığından yoxlamanın aparılması mümkün olmamışdır. Bu səbəbdən əlavə sənədlərin alınması üçün yoxlamanın aparılması 9 iş günü müddətinə-24 noyabr 2024-cü il tarixə kimi dayandırılmışdır.25 noyabr 2024-cü il tarixdə AQTA-nın Şəki- Zaqatala regional bölgəsinin əməkdaşları yenidən Dön-ət” dönər evinə getmişlər. Lakin sahibkar Şəxs yoxlamanın keçirilməsi üçün şərait yaratmamışdır.Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir.”Dön-ət” dönər evinin sahibi Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, 2024-cü ilin avqust ayında Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Dön-ət” dönər evini icarəyə götürərək işlətmişdir. 04 noyabr 2024-cü ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 əməkdaşları ona zəng edərək obyektdə yoxlama aparılması üçün şərait yaratmasını demişlər.O, həmin vaxt Lənkəran şəhərində toyda olmuşdur və bu barədə əməkdaşlara bildirmişdir.O,05 noyabr 2024-cü ildə həmin obyektdə öz fəaliyyətini dayandırmış, arvadı X7 adına VÖEN açaraq həmin obyektdə onun işləməsini qeyd etdirmiş, lakin yenə də obyekti özü işlətmişdir. 25 noyabr 2024-cü ildə o, yenə də obyektdə olmamışdır. Bu səbəbdən onun barəsində inzibati protokol tərtib olunmuşdur. Həmin obyektdə hazırda da öz VÖEN-i ilə fəaliyyət göstərir. O, həmin obyekti işlətməklə ailəsini dolandırır. Onun təyin ediləcək cəriməni ödəmək imkanı yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 04 noyabr 2024-cü il tarixli ŞZRB-299 nömrəli yoxlamanın aparılması haqqında qərarından görünür ki, həmin qərarla fiziki şəxs Şəxs məxsus Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Dön-ət” dönər evində 04 noyabr 2024-06 noyabr 2024-cü il tarixlərdə yoxlama aparılması qərara alınmışdır. İşdə olan 04 noyabr 2024-cü il tarixli KY242254918 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkar Şəxs məxsus Balakən şəhəri R.Səmədov küçəsində yerləşən ”Dön-ət” dönər evində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yoxlama aparılması qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 05 noyabr 2024-cü il tarixli ŞZRB-299 nömrəli yoxlamanın dayandırılması barədə qərardan görünür ki, yoxlama xx.xx.2024-cü il tarixədək (doqquz iş günü müddətində) dayandırılması və bu barədə məlumatın Azərbaycan Respublikası Ədlliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi qərara alınmışdır. İşdə olan 25 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 tərəfindən Balakən şəhəri R.Səmədov küçəsində fəliyyat göstərən Şəxs məxsus “Dön-ət” dönər evində yoxlamaya şərait yaradılmamış, Sahibkar yoxlamaya şərait yaratmadığına görə İXM-nin 544.1-ci maddəsi ilə protokol tərtib edilməsi barədə xəbərdar edilmişdir. İşdə olan 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X6 X2 ünvanlanmış 27 noyabr 2024-cü il tarixli 3-21-2-19/2-22622/2024 nömrəli məktubdan görünür ki, Balakən şəhəri R.Səmədov küçəsi ərazisində yerləşən “Dön-ət” dönər evi adlı obyekdə fiziki şəxs X13 (VÖEN:**********) fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. “Dön-ət” dönər evində fiziki şəxs X7 (VÖEN:**********) fəaliyyət göstərməsi barədə 13 saylı Ərazi Vergilər İdarəsinin 27 noyabr 2024-cü il tarixli 3-21-2-19/2-22622/2024 nömrəli məktubu ilə bağlı qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özü etiraf etdi ki, yoxlama təyin olunduğu müddətdə obyektin sahibi özü olmuş,o,05 noyabr 2024-cü ildə həmin obyektdə öz fəaliyyətini dayandırmış,arvadı X7 adına VÖEN açaraq həmin obyektdə onun işləməsini qeyd etdirmiş, lakin yenə də obyekti özü işlətmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra yenidən öz VÖEN-i ilə özü fəaliyyət göstərir.Ona görə hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün olaraq Şəxs barəsində tərtib olunmuşdur. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Dön-ət” dönər evinin sahibi Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinsin, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar