Məhkəmə qərarları › İş №3(019)-505/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-505/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-505/2024 19.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, xx.xx.1987-ci ildə Türkiyə Respublikası, Hatay şəhərində anadan olan, Türkiyə Respublikası vətəndaşı (pasport: TUR U********), Türkiyə Respublikasının Hatay şəhəri, Kumlu Akkerpiç məhəlləsi, 1406 küçəsi, ev 23-də qeydiyyatda olan, “Garip Trans” nəqliyyat şirkətində sürücü işləyən Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən 03 dekabr 2024-cü il tarixli, 00500-00895/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 25 noyabr 2024-cü il tarixində, təxminən saat 06:00 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi "MERCEDES-BENZ” markalı, 31NFP12/31AOC964 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında üst yataq hissəsindəki döşəyin altından 12 blok (120 qutu) "X1” markalı gömrük nəzarətindən gizlədilmiş aksiz markası ilə markalanmamış və məcburi nişanlanma ilə nişanlanmamış siqaretlər aşkar edilmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Şəxs ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, 25 noyabr 2024-cü il tarixində, təxminən saat 07:30 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "MERCEDES-BENZ” markalı, 31NFP12/31AOC964 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında üst yataq hissəsindəki döşəyin altından 12 blok (120 qutu) "X1” markalı gömrük nəzarətindən gizlədilmiş aksiz markası ilə markalanmamış və məcburi nişanlanma ilə nişanlanmamış siqaretlər aşkar edilmişdir. Aşkar olunan hüquqpozma predmetləri bu protokol əsasında götürülmüşdür. Yoxlama zamanı videokameradan istifadə olunmuş, videoçəkilişin əks olunduğu 01 ədəd DVD disk protokola əlavə olunmuşdur. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs tərcüməçinin iştirakı ilə izahat vermiş, izahatında bildirmişdir ki, təxminən 3 aydır ki, “Garip Trans” nəqliyyat şirkətində sürücü kimi çalışır. Azərbaycandan Türkiyəyə, həmçinin Türkiyədən Bakı səhərinə müxtəlif təyinatlı yüklər daşıyır. Sonuncu dəfə Türkiyədən məişət üçün təmizlik vasitələri yükünü Bakıya - İpək yolu gömrük postuna aparmalı idi. Türkiyədə Mersin şəhərində yüklər avtomobilə yükləndikdən sonra yola düşmüş və Aktaş gömrük postunda yerləşən “Duty Free” mağazasından hər bloku üçün 18 dollar, ümumilikdə 216 dollar ödəyərək 12 blok (120 qutu) “X1” markalı siqaretlər almışdır. Həmin siqaretləri nəqliyyat vasitəsinin dartıcısının üst yataq hissəsindəki döşəyin altında gizlədərək Azərbaycana yola düşmüşdür, 25 noyabr 2024-cü il tarixində gecə təxminən saat 04:00 radələrində “Mazımqara” gömrük postuna daxil olmuş və əvvəlcə maşını tərəziyə sürmüşdür. Maşın çəkildikdən sonra avtomobili yük avtomobilləri üçün nəzərdə tutulmuş xəttdə saxlamış və sərhədçilər pasportunu qeydiyyata almışdır. Daha sonra gömrük əməkdaşı ondan gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olub-olmadığını soruşmuş, o isə şəxsi əşyalarının olduğunu demişdir. Bundan sonra avtomobil gömrük əməkdaşı tərəfindən yoxlanılmağa başlanılmış və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan üst yataq hissəsindəki döşəyin altından 12 blok (120 qutu) “X1” markalı gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş 12 blok (120 qutu) "X1” markalı siqaretlər gömrük əməkdaşı tərəfindən protokollaşdırılaraq götürülmüşdür. O, siqaretləri gömrük sərhədindən keçirmək üçün gizlətdiyini, siqaretləri şəxsi istifadəsi üçün aldığını, hər hansı kommersiya məqsədinin olmadığını, gün ərzində 2-3 qutu siqaret çəkdiyini bildirmişdir. Gətirdiyi siqaretlərin 2-3 blokunu Azərbaycanda yaşayan dostlarına hədiyyə edəcəyini, yükü boşaltdıqdan sonra Azərbaycanda bir müddət qalacağına görə həmin müddət ərzində aldığı siqaretlərdən istifadə edəcəyini qeyd etmişdir. Azərbaycanda həmin siqaretlər tapılmadığından və Türkiyədə daha ucuz olduğundan gömrük sərhədini keçməzdən öncə siqaretləri gizlədərək gətirmək qərarına gəlmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Əmtəəşünaslıq ekspertizasının 02 dekabr 2024-cü il tarixli, 09-Ş nömrəli ekspertiza aktından görünür ki, tədqiqata təqdim olunmuş 12 blok (120 qutu) "X1” markalı siqaretlərin ümumi dəyəri 840 manatdır. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Odur ki, iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti - ümumi dəyəri 840 manat olan 12 blok (120 qutu) “PARLAMENT Super Slims” markalı siqaret müsadirə edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar