Məhkəmə qərarları › İş №3(019)-508/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-508/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-508/2024 24.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Türkiyə Respublikasının Mardin şəhərində anadan olan, Türkiyə Respublikası vətəndaşı, (pasport TUR № U********), sürücü işləyən, Türkiyə Respublikasının Mardin şəhəri, Nusaybin bölgəsi, Akçatarla məhəlləsi, Kümə evləri 103 ünvanında qeydiyyatında olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: Şəxs barəsində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə 06 dekabr 2024-cü il tarixli, 00500-00779/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 07 oktyabr 2024-cü il tarixində, təxminən saat 01:00 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “VOLVO” markalı, 33ATB409/33F8567 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı sükanın alt hissəsindən 6 blok (60 qutu) qutu “MARLBORO EDGE” markalı gömrük nəzarətindən gizləşdilmiş siqaretlər aşkar edilmişdir. İşə baxılmasının yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Şəxs ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, 07 oktyabr 2024-cü il tarixində, təxminən saat 01:00 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “VOLVO” markalı, 33ATB409/33F8567 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olubolmaması barədə sorğu-sual aparılmışdır. Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı sükanın alt hissəsindən 6 blok (60 qutu) qutu “MARLBORO EDGE” markalı gömrük nəzarətindən gizləşdilmiş siqaretlər aşkar edilmişdir. Aşkar olunan hüquqpozma predmetləri bu protokol əsasında götürülmüşdür. Yoxlama zamanı videokameradan istifadə olunmuş, videoçəkilişin əks olunduğu 01 ədəd DVD disk protokola əlavə olunmuşdur. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs izahatında bildirmişdir ki, o, uzun müddətdir ki, yük avtomobili idarə edir. Hazırda “EUROWAY” nəqliyyat şirkətində sürücü kimi çalışır və şirkətə məxsus “VOLVO” markalı, 33ATB409/33F8567 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edir. Müxtəlif ölkələrə müxtəlif yüklər daşıyır. Sonuncu dəfə nəqliyyat vasitəsinə İtaliya Respublikasından tranzit olaraq Azərbaycana yük gətirən zaman “Aktaş” gömrük postundakı rüsumsuz ticarət dükanından 6 blok (60 qutu) qutu “MARLBORO EDGE” siqaretlər almışdır. Siqaretləri Azərbaycanda təhsil alan bacısı oğlu üçün almışdı və satmaq niyəti olmayıb. Aldığı siqaretləri sükanın alt hissəsindəki boşluqda gizlədi ki, gömrüyü keçəndə problem yaranmasın. 07 may 2024-cü il tarixində saat 01:00 radələrində “Mazımqara” gömrük postuna gəlib çatdı. Posta daxil oldu, əvvəlcə maşını tərəziyə sürdü. Maşın çəkildikdən sonra avtomobili yük avtomoblləri üçün nəzərdə tutulmuş xətdə saxladı. Sonra sərhədçilər pasportunu qeydiyyata aldı. Daha sonra isə avtomobilin və malın qeydiyyatının aparılması üçün sənədləri gömrük əməkdaşına təqdim etdi. Digər gömrük əməkdaşı yaxınlaşıb üzərində və maşında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olub-olmadığını soruşdu, o isə maşında gömrük orqanlarına bəyan olunmalı hər hansı malın olmadığını bildirdi. Yoxlama zamanı sükanın alt hissəsindən 6 blok (60 qutu) qutu “MARLBORO EDGE” markalı gömrük nəzarətindən gizləşdilmiş siqaretlər aşkar edildi. Onu da qeyd etmək istəyir ki, birinci dəfədir gizlədərək gömrükdən mal keçirmək istəmişdir. Əməlindən səmimi peşmandır, bir daha qanunları pozmayacağına söz verir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 9/8379 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Marlboro edge less smell” markalı siqaretlərin xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri 420 manatdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXMnin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Odur ki, iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti - ümumi dəyəri 420 manat olan 60 qutu “Marlboro edge less smell” markalı siqaret müsadirə edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar