Məhkəmə qərarları › İş №3(019)-513/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-513/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-513/2023 07.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 333.1-cu maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs xx.xx.2023-cü il tarixdə saat 10.20də Vaz 21074 minik markalı 10MN085 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Balakən Rayon Polis X4 Polisi Bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Hazırki iş üzrə 05 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs Balakən Rayon Polis X4 Polisi Bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolu müdafiə edərək, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs xx.xx.2023-cü il tarixdə saat 10.20-də Vaz 21074 minik markalı 10MN085 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkotestrdən keçirilməklə və alkotestrin kağız daşıyıcıda əks olunmuş məlumatı ilə 0,337 promili olmaqla alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyini, Şəxs təkidi ilə onun Balakən Rayon Mərkəzi Xəstəxanasına həkim narkoloqun müayinəsinə aparıldığını, həkim müayinəsindən keçirildiyini və həkim tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli 573 saylı aktla aparılan müayinə zamanı Şəxs 0,337 promili alkoqol sərxoşluğunun olduğunun müəyyən edildiyini, Şəxs bununla razılaşmadığını, onun Şəxs yenidən müayinə üçün Gəncə şəhərinə gedə biləcəyini dediyini, alkotestr cihazına müayinədən əvvəl qətiyyən spirt vurulmadığını, xx.xx.2023-cü il tarixdə saat 10.20-də Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyini göstərərək, Şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş etmişdir. Hazırki işin məhkəmə iclasının 07 dekabr 2023-cü il tarixə saat 17.40-a təyin edilməsinə və həmin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs Balakən Rayon Polis X4 Polisi Bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə 07 dekabr 2023-cü il tarixə saat 17.40-a təyin edilmiş məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də həmin məhkəmə iclasının inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs Balakən Rayon Polis X4 Polisi Bölməsinin yol patrul xidməti inspektoru Nümayəndə iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmiş, məhkəməyə təqdim etdiyi ərizəsində və izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23.30 radələrində ona məxsus VAZ 2107 markalı 10MN 085 dövlət nömrə nişanlı avtomobili idarə edərkən heç bir qayda pozuntusu etmədiyi halda Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və özünü təqdim etməyən «Maqa» ləqəbli DYP əməkdaşı ondan məcburi şəkildə alkotestrə üfürməyini tələb etmiş, sonra Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılaraq narkoloqun iştirakı olmadan, qan və sidik analizi götürmək barədə tələbinə məhəl qoymayaraq tibb bacısı ilə əlbir olaraq onu təkrar DYP əməkdaşlarında olan alkotestrə üfütdürərək, onu sərxoş elan etmişlər. O, həkim narkoloqun iştirakı ilə qan və sidik analizləri götürülməklə, həmçinin hal şahidlərinin iştirakı ilə müayinə aparılmasını tələb etmiş, qanuni tələbləri yerinə yetirilmədiyinə görə protokolu imza etməkdən imtina etmişdir. Çünki o, sərxoş olmamışdır. DYP əməkdaşları alkotesterin trubkasına əvvəlcədən spirt vuraraq alkotestrdən nəticə çıxarırlar. Himayəsində bir azyaşlı uşaq vardır. Avtomaşını ona qaytarılmışdır. Barəsində tərtib edilmiş İXP5831922 nömrəli inzibati protokolun qanunsuz və əsassız olduğundan ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında Balakən Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım şöbəsində həkim işlədiyini, 12 noyabr 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixə keçən gecə xəstəxanada növbədə olduğunu, təlimata əsasən gecə növbəsində olan həkim tərəfindən narkoloji müayinənin aparıldığını, Şəxs xx.xx.2023 tarixdən xx.xx.2023 tarixə keçən gecə xəstəxanada müayinə olunduğunu və onda 0,337 promili alkoqol sərxoşluğunun müəyyən olunduğunu, bu barədə akt tərtib edildiyini, aktın həkim narkoloq Şahid tərəfindən imzalandığını və xəstəxananın möhürü ilə möhürləndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında Balakən Mərkəzi Rayon Xəstəxanasında həkim narkoloq işlədiyini, təlimata əsasın gecə vaxtı narkoloji müayinənin növbədə olan təcili tibbi yardım şöbəsinin həkimi tərəfindən aparıldığını, aldığı məlumata görə Şəxs xx.xx.2023-dən xx.xx.2023 tarixə keçən gecə xəstəxanada həkim Ayşə Mustafayeva tərəfindən müayinə olunduğunu və onda 0,337 promili alkoqol sərxoşluğunun müəyyən olunduğunu, bu barədə 13 noyabr 2023-cü il tarixli 573 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının tərtib olunduğunu və həmin aktın həkim narkoloq kimi onun tərəfindən imzalandığını göstərmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Belə ki, iş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 573 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı Şəxs 0,337 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan 12 noyabr 2023-cü il tarixli Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs idarə etdiyi VAZ 21074 minik markalı 10MN085 dövlət qeydiyyat nişanlı avtomaşın 12 noyabr 2023-cü il tarixdə Balakən RPŞ-nin duracağına qəbul edilmiş və 13 noyabr 2023-cü il tarixdə Şəxs təhvil verilmişdir. İş materiallarından müəyyən olunur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X1 olmaqla Şəxs himayəsində bir azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 10.20-də ona məxsus Vaz 21074 minik markalı 10MN085 dövlət qeydiyyat nişanlı avtomaşını alkoqol sərxoşluğu vəziyyətində idarə etməməsi, həmin vaxt onda sərxoşluğun olmaması, alkoqol sərxoşluğu yoxlanılarkən polis əməkdaşlarının alkotestr cihazına spirt vurması və nəticədə onda alkoqol sərxoşluğunun müəyyən olunması, həkim narkoloq tərəfindən müayinə olunmaması və onda 0,337 promili alkoqol sərxoşluğunun olması ilə bağlı 13 noyabr 2023-cü il tarixli 573 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının həqiqəti əks etdirməməsi və onda həmin vaxt ümumiyyətlə alkoqol sərxoşluğunun olmaması barədə məhkəmə iclasında verdiyi izahatında bildirdiklərini işdəki heç bir mötəbər sübutla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi bu halların mövcud olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdəki mötəbər sübutlarla da Şəxs göstərdiyi bu məlumatlar təsdiq olunmur, əksinə tamamilə təkzib olunur. Lakin o da bildirilməlidir ki, təqsirsizlik prezumpsiyası hüququna görə Şəxs özünün müdafiəsi üçün göstərdiyi bu xüsusatlar heç bir halda onun əleyhinə istifadə oluna bilməz, yəni ona istinad olunan inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona inzibati tənbehin verilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İş materiallarından görünür ki, 13 noyabr 2023-cü il tarixli 573 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə aparılan müayinə zamanı Şəxs 0,337 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə düzgün olaraq inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasına əsasən ilk dəfə inzibati xəta törətməsini və himayəsində bir azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Hesab edirəm ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin o cümlədən alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi Şəxs istinad olunan İXM-nin 333.1-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğu üçün İXM-nin 33.1.7-ci maddəsində nəzərdə tutulmuş həmin məsuliyyəti ağırlaşdıran hal Şəxs inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz və onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən oluna bilməz. İş materialları ilə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi və himayəsində bir azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar