Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-517/2024 27.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən 13 dekabr 2024-cü il tarixli, 00500-01051/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 10 dekabr 2024-cü il tarixində, təxminən saat 21:00 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “VOLVO” markalı, 99ZT500/99ZH474 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə “Tiber" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilmiş, nəqliyyat vasitəsinin kabinəsinin salonuna əsaslı gömrük yoxlaması zamanı, kabinənin salonunun sürücü tərəf yuxarı tavan hissəsinin sol tərəfindəki panel örtüyün arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş aksiz markası ilə markalanmayan və məcburi nişanlama ilə nişanlanmayan 8 blok (80 qutu) “Marlboro touch gray” markalı siqaretlər aşkar olunmuşdur. İşə baxılmasının yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Şəxs ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, 10 dekabr 2024-cü il tarixində, təxminən saat 21:00 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Volvo” markalı 99ZT500/99ZH474 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra “Tiber” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə “Volvo" markalı 99ZT500/99ZH474 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabina hissəsinə reaksiya vermişdir. Bundan sonra nəqliyyat vasitəsinin kabinəsinin salonuna əsaslı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, kabinənin salonunun sürücü tərəf yuxarı tavan hissəsinin sol tərəfindəki panel örtüyün arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş aksiz markası ilə markalanmayan və məcburi nişanlama ilə nişanlanmayan 8 blok (80 qutu) “Marlboro touch gray” markalı siqaretlər aşkar olunmuşdur. Aşkar olunan hüquqpozma predmetləri bu protokol əsasında götürülmüşdür. Yoxlama zamanı videokameradan istifadə olunmuş, videoçəkilişin əks olunduğu 01 ədəd DVD disk protokola əlavə olunmuşdur. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs izahatında bildirmişdir ki, təxminən 10 ildir ki, həm fərdi olaraq, həm də müxtəlif nəqliyyat şirkətlərində sürücü kimi çalışır. Hal-hazırda özünə məxsus “Volvo” markalı 99ZT500/99ZH474 nişanlı yük nəqliyyat vasitəsini idarə edir. Adətən Türkiyə Respublikasından Bakı səhərinə, həmçinin tranzit qaydada digər ölkələrə müxtəlif təyinatlı, yüklər daşıyır. Sonuncu dəfə xx.xx.2024-cü ildə Türkiyə Respublikasının Bursa səhərindən sifariş əsasında mebel yükünü tranzit qaydada Moskva səhərinə aparmaq üçün yola düşmüş və 07 dekabr 2024-cü il tarixində “Sarp” gömrük postuna çatmışdır. Buradakı “DUTY FREE” mağazasından 124 avro ödəyib 8 blok (80 qutu) “Marlboro touch gray” markalı siqaretlər almışdır. Bu siqaretlərin 3 blokunu özü, 5 blokunu dostu üçün almışdır. Aldığı siqaretləri gətirib maşında yanına qoymuş, Gürcüstan tərəfə keçdikdən sonra maşını tır parklarının birində saxlayaraq nəqliyyat vasitəsinin kabinasının sürücü tərəf yuxarı tavan hissəsinin sol tərəfindəki panel örtüyün arxasındakı boşluqda gizlətmişdir. 10 dekabr 2024-cü il tarixində təxminən saat 21:00 radələrində “Mazımqara” gömrük postuna daxil olmuş və əvvəlcə maşını tərəziyə sürmüşdür. Maşın çəkildikdən sonra avtomobili yük avtomobilən üçün nəzərdə tutulmuş xəttdə saxlamış və sərhədçilər pasportunu qeydiyyata almışdır. Daha sonra gömrük əməkdaşı ondan gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olub-olmadığını soruşmuş, o isə şəxsi əşyalarının olduğunu demişdir. Bundan sonra avtomobil gömrük əməkdaşı tərəfindən kinoloji xidmət iti tətbiq edilməklə yoxlanılmağa başlanılmış və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının sürücü tərəf yuxarı tavan hissəsinin sol tərəfindəki panel örtüyün arxasındakı boşluqdan 8 blok (80 qutu) “Marlboro touch qray” markalı gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş 8 blok (80 qutu) “Marlboro touch gray” markalı siqaretlər qömrük əməkdaşı tərəfindən protokollaşdırılaraq götürülmüşdür. O, siqaretləri gömrük sərhədindən keçirmək üçün gizlətdiyini, siqaretləri şəxsi istifadəsi üçün aldığını, hər hansı kommersiya məqsədinin olmadığını bildirmişdir. Gömrük sərhədindən 1 blokdan artıq siqaretin keçirilməsinin qadağan olduğunu bildiyi üçün həmin siqaretləri gizlədərək gətirmək qərarına qəlmişdir. Əməlindən səmimi peşmandır. Əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 11-Ş nömrəli ekspertiza aktından görünür ki, tədqiqata təqdim olunmuş “Marlboro touch gray” markalı siqaretlərin xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri 560 manatdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Odur ki, iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti - ümumi dəyəri 560 manat olan 8 blok (80 qutu) “Marlboro touch gray” markalı siqaret müsadirə edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-517/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-517/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver