Məhkəmə qərarları › İş №3(019)-519/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-519/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-519/2024 20.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Gürcüstan Respublikası, Siteli-Skaro rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən 19 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Balakən şəhəri Ə.Ansuxski küçəsində anası Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb, təhqir edərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici izahatı, zərərçəkmişin, şahidin ifadələri və digər sübutlarla tam sübuta yetirilmişdir. Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxs qızının ərizəsi əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri alınmış, Şəxs evdə, daha sonra həyətdə anasını söyərək təhqir etmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verməkdən imtina etmişdir. Törətdiyi əməldən peşman olduğunu, hadisəni içkili vəziyyətdə olduğundan törətdiyini, bir daha belə əməllərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə oğlu Ruslan içkili vəziyyətdə gəlmiş, evdə və həyətdə söyməyə başlamışdı. İçəndə hər kəsi incidir. O, Şəxs barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində qardaşı Şəxs içkili vəziyyətdə onunla anası Sevilin yaşadığı evə gəlmiş, onları evdə və küçədə söymüşdür. İş materiallarında olan 19 dekabr 2024-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs adlı azyaşlı uşağı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs əməlindən peşman olması, himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallardır və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar