Məhkəmə qərarları › İş №3(019)-53/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-53/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-53/2025 06.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, X1 katibliyi ilə, xx.xx.1966-cı il tarixdə Balakən rayonunda anadan olmuş, Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki,Şəxs xx.xx.2025-ci il tarixdə saat 17.00 radələrində Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evində saxlanması və təyinatı üzrə istifadəsi üçün aidiyyatı icra hakimiyyəti orqanından xüsusi icazəsi olmayan İJ markalı, nömrəsi silinmiş, 16 kalibrli, təhlükəli ov tüfəngini qanunsuz saxlaması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Balakən Rayon Polis Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Hazırki işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Şəxs Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, atası X2 hələ sağikən ona məxsus müvafiq sənədləri olmayan İJ markalı, 16 çaplı, nömrəsi silinmiş, təhlükəli ov tüfəngi var idi. 1998-ci ildə atası dünyasını dəyişmişdir. Bundan sonra atasından ona miras qalmış, saxlanması və təyinatı üzrə istifadəsi üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmayan ov tüfəngini o, rayon Polis Şöbəsinə təhvil vermək əvəzinə yaşadığı evdə qanunsuz olaraq saxlamışdır. Ov tüfəngini o, ovda və başqa hər hansı məqsədlə istifadə etməmişdir. Sadəcə olaraq atasından yadigar qaldığı üçün həmin sənədsiz ov tüfəngini yaşadığı evin zirzəmisində gizlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yaşadığı Balakən rayonu Hənifə kəndinin polis sahə rəisi ünvanına gəlmiş, onunla bu barədə apardığı profilaktiki söhbətlərin nəticəsində o, evində sənədsiz ov tüfəngini saxlamasını səmimi olaraq etiraf etmiş və həmin ov tüfəngini polis əməkdaşına təqdim etmişdir. Balakən RPŞ-nin İTB-nin polis sahə rəisi Sahil Bayramov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17.00 radələrində Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs yaşadığı evdə saxladığı saxlanması və təyinatı üzrə istifadəsi üçün aidiyyatı icra hakimiyyəti orqanından xüsusi icazəsi olmayan İJ markalı, nömrəsi silinmiş, 16 kalibrli, təhlükəli ov tüfəngini ona təqdim etmişdir. Şəxs götürülmüş ov tüfənginin fotoşəkili iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; 9-cu maddəsinin əsasən İİ. hissəsinə əsasən mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, şəxsin təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ondan götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan silah dövlət nəfinə müsadirə edilməklə inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd İJ markalı, nömrəsi silinmiş, 16 kalibrli ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar