Məhkəmə qərarları › İş №3(019)-533/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-533/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-533/2024 28.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. X2 inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, eyni zamanda vəsatət verərək qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Onun şikayəti 26 dekabr 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, Balakən rayonu, Yeni Şərif kəndi ərazisində onun xüsusi mülkiyyətində olan 0.7779 ha kənd təssərüfatı təyinatlı, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışlı və əlavə 1.49 ha ailə üzvlərinin ümumi mülkiyyətində olan torpaq sahəsi vardır. Ailələrinin mülkiyyətində olan həmin 1.49 ha torpaq sahəsində olan yardımçı tikilini təsərrüfat fəaliyyətində istifadə etmək üçün 2 il əvvəl təmir etmiş, yəni dam örtüyünü dəyişdirmişdir. Yəni həmin tikili əvvəldən həmin torpaq sahəsində mövcud olmuşdur. Bunu ərazinin peyk görüntülərini əldə etməklə də müəyyən etmək olar. Lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin əməkdaşları onun və ailə üzvlərindən kimsənin icazəsi və iştirakı olmadan kənarı hasarlanmış, qeyd edilən torpaq sahəsinə qanunsuz daxil olaraq yoxlama keçirmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsilə bağlı protokol tərtib etmişlər. xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin sektor müdiri vəzifəsini icra edən X3 tərəfindən hər hansı inzibati araşdırma aparılmadan və onun iştirakı təmin edilmədən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək 500 manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qərar barədə də ona hər hansı məlumat verilməmişdir. Təxminən bir ay sonra yaşadığı ünvana yuxarıda qeyd edilən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və protokol gəldikdə onun məlumatı olmuşdur. Həmin vaxt artıq qərardan şikayət etmə müddəti keçmişdi. Ona görə də inzibati protokoldan şikayət etməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. X2 vəsatətdə qərarı qəbul ediləndən təxminən 1 ay sonra, yəni sentyabr ayında aldığını göstərmiş, lakin bunu təsdiq edən sübutu ərizəsinə əlavə etməmişdir. Eyni zamanda sentyabr ayından şikayət verilən tarixə - xx.xx.2024-cü il tarixə təxminən 3 ay vaxt keçmiş, həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı əsaslı dəlil göstərməmiş, bu barədə iş materiallarına mötəbər sübut əlavə edilməmişdir. Göründüyü kimi onun tərəfindən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmışdır. Belə olan halda X1 Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən, vəsatət rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti rədd edilsin. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar