Məhkəmə qərarları › İş №3(019)-55/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-55/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-55/2021 01.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, müdafiəçi Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Balakən rayonu Katex anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Katex kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, 0393529№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-37/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs yaranmış 1670 manat alimenti tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-37/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 16 sentyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs 1670 manat aliment borcundan 400 manat ödəniş etmiş, qalan borcun ödənilməsinə söz vermişdir. İş üzrə tələbkar da aliment ödənişlərini qəbul etmiş və alimentin bundan sonra vaxtlı-vaxtında ödənilməsinə razı olduğunu bildirmişdir. İşin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-37/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 16 sentyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci ildə doğulmuş X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 160 (bir yüz altmış ) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Hünbətova Cəmilə İlqar qızına verilməlidir. Hal-hazırda 1670 manat aliment borcundan 400 manat ödəniş etmişdir, qalan borcu da yaxın vaxtlarda ödəyəcəkdir. Buna tələbkar da etiraz etmir. Özünün tələb yönəldilə biləcək hər hansı əmlakının, aylıq qazancının olmamasına baxmayaraq, o, alimenti ödəməkdən heç vaxt imtina etməmişdir. Qalan aliment borcunu da ödəyəcəkdir. Onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-37/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 16 sentyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Hünbətova Cəmilə İlqar qızına verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 37/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli və 4250 nömrəli qəbzlərdən görünür ki, inzibati xətia haqqında protokol tərtib olunduqdan sonra Şəxs X2 müvafiq olaraq 300 manat və 100 manat olmaqla cəmi 400 manat aliment ödənişi etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-37/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, tələbkara olan 1670 manat aliment borcundan 400 manatını ödəmişdir. İş materialları ilə, o cümlədən inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bu fakt təsdiqlənmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qalan aliment borcunu da tezliklə ödəyəcəyini bildirmişdir. İş materiallarından həmçinin görünür ki, icra məmuru tərəfindən müxtəlif orqanlara göndərilən sorğular əsasında Şəxs işləməməsi, aylıq hər hansı qazanca malik olmaması, onun bank əmanətlərinin, tələb yönəldilə biləcək daşınar və daşınmaz əşyalarının olmaması, pensiya və digər sosial müavinət almaması, bir sözlə ödəniş qabiliyyətinin olmaması müəyyən edilmişdir. Belə olan halda şübhəsizdir ki, Şəxs sözügedən icra sənədini tam icra etməməsi və bununla bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirməməsi üzrlü səbəblərdən baş vermişdir. Bu əməldə Şəxs təqsiri yoxdur. Onun İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən olunmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-37/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-37/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar