Məhkəmə qərarları › İş №3(019)-56/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-56/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-56/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası X4 X8 İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil Fərhad oğlunun iştirakı ilə Zaqatala rayonu, Qımır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 428.7.3-cü maddəsilə Azərbaycan Respublikası X4 X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası X4 X8 İdarəsinin ENŞ-in böyük müfəttişi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsilə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin iş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilir ki, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda fəaliyyət göstərən Şəxs X8 İdarəsindən 10/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli məktubla göndərilmiş, xx xxxxxx 2021-ci il tarixli, İMG seriyalı 001225 saylı “İcrası məcburi olan göstəriş”in tələblərini yerinə yetirməyərək, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinin tələblərini pozmaqla açıq məkanda eni 3 metr, uzunu 3 metr (sahəsi - 9 m2) ölçülərdə olan estetik görüntü normalarına uyğun olmayan reklamı demontaj etməmiş (sökməmiş), nəticədə Şəxs tərəfindən Azərbpaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Zaqatala rayonu, Qımır kındində qeydiyyatda olsa da, faktiki olaraq Zaqatala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev-1 ünvanında yaşayır. Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda Dövlət Vergi Xidmətin 13 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata düşməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. «Azgranata firma mağazası”nın binasının fasadında yerləşdirilmiş reklamlarla görə qanunvericiliyin tələblərinə müvafiq olaraq 2019-cu ildən mütəmadi olaraq Azərbaycan Respublikası X4 X8 İdarəsindən icazə alınmış və bunun müqabilində zururi ödənişlər həyata keçirilmişdir. Sonuncu dəfə də xx xxxxxx 2021-ci il tarixdə «Azgranata firma mağazası”nın binasının fasadında yerləşdirilmiş reklamlarla görə qanunvericiliyin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası X4 X8 İdarəsindən icazə alınmışdır. Azərbaycan Respublikası X4 X8 İdarəsinin ENŞ-in böyük müfəttişi Nümayəndə, onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsilə ilə nəzərdə tutulmuş inzibati xətanının tərkib əlamətlərinin olması ilə bağlı xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib etməsinə səbəb olan binanın sol tərəfindəki pəncərə boşluğundakı reklam uzun müddətdir ki, ora yerləşdirilmişdir. Ən azından, 2019-cu ilin avqust ayından bu yana Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaları həmin reklam barədə məilumatlıdırlar və sonuncular həmin reklama görə ona icazə vermişlər. İşin bu halı iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, P**********001 qeydiyyat nömrəli “Açıq məkanda yerləşdirilən reklama dair” X2 və ona əlavə edilmiş foto şəkillər ilə tam sübut olunur. 2021-ci ilin yanvar ayının sonlarından etibarən səhhəti ilə bağlı olaraq işdə olmamışdır. Həmin vaxt Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məğul olduğu Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”na gələrək, heç bir tutarlı əsas gətirmədən işçisi Elşən Qarayevə binanın sol tərəfindəki pəncərə boşluğundakı reklamı sökməsini bildirmişlər. İşçisi ona bir neçə gün sonra bu barədə məlumat vermişdir. Sonrdan məlumatı olmuşdur ki, Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşları xx xxxxxx 2021-ci il tarixdə, özü olmadlğı halda “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” İRY seriyalı, 001225 nömrəli akt tərtib etmişdlər. Daha sonra isə ona eni 3 metr, uzunu 3 metr (sahəsi - 9 m2) ölçülərdə olan reklamın estetik görüntü normalarına uyğun olmaması əsası ilə xx xxxxxx 2021-ci il tarixli, İMG seriyalı 001225 nömrəli “İcrası məcburi olan” göstərişi göndərmişdlər. Özlüyündə Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşlarının tələbləri ilə razılaşmasa da, 2021-ci ilin fevral ayının əvvəllərində problem yaranmaması üçün binanın sol tərəfindəki pəncərə boşluğunda yerləşdirilmiş reklamı sökmüşdür. Bir müddət sonra ona məlum olmuşdur ki, X8 İdarəsinin ENŞ-in böyük müfəttişi Nümayəndə tərəfindən heç bir qanuni əsas olmadığı halda barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsilə ilə nəzərdə tutulmuş inzibati xətanının tərkib əlamətlərinin olması əsası ilə xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası X4 X8 İdarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, X8 İdarəsi aprel 2018-ci il tarixdə yaradılmışdır. 2021-ci ilin yanvar ayında o, və X8 İdarəsinin digər əməkdaşı Elvin Abdullayev tərəfindən Şəxs məxsus Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nın sol tərəfindəki pəncərə boşluğunda estetik görüntü normalarına uyğun olmayan reklam yerləşdirilməsi və yayımı aşkar edilmişdir. Nümayəndə idarənin böyük müfəttişi kimi reklam qanunvericiliyinin pozulması, o cümlədən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati protokol tərtib etmək səlahiyyətinə malikdir. Nümayəndə tərəfindən həmin vaxt, yəni, xx xxxxxx 2019-cu il tarixdə qanunvericiliyin pozulması, yəni fasadlarda estetik görüntü normalarına uyğun olmayan reklam yerləşdirilməsi və yayımı ilə bağlı “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” İRY seriyalı 001225 nömrəli akt tərtib edilmiş və Şəxs işçisinə bu barədə məlumat verilmişdir. İş yerinə qayıtdıqdan sonra isə, bu barədə məlumatı rəhbərliyə təqdim etmişdir. X8 İdarəsinin rəisi tərəfindən Şəxs İMG seriyalı 001225 nömrəli “İcrası məcburi olan” göstəriş göndərilmiş və “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” İRY seriyalı 001225 nömrəli aktda qeyd olunan pozuntuların aradan qaldırılması ona bildirilmişdir. Lakin söz verilməsinə baxmayaraq, Şəxs keçən müddət ərzində həmin reklamı sökməmişdir. Ona görə də qanunun tələbinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib olunmuşdur. Həqiqətən də sözügedən reklam 2019-cu ilin avqust ayında mağaza binasına yerləşdirilmiş, lakin həmin vaxt reklam solğun olmamışdır. Həmin reklamın yerləşdirilməsinə görə 2019-cu ildə Şəxs bacısı tərəfindən reklam idarəsindən icazə alınmışdır. Belə ki, həmin vaxt mağazanı Şəxs bacısı işlətmişdir. Şəxs tərəfindən törədilən inzibati xəta davam edən inzibati xətadır. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına əsasən davam edən inzibati xətalara görə xətanın aşkar edildiyi istənilən vaxt şəxsi inzibati məsuliyyətə cəlb etmək mümkündür. Ona görə də Şəxs barəsində qanunda nəzərdə tutulmuş xitamverici əsaslar yoxdur. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası X4 X8 İdarəsinin böyük müfəttişi Nümayəndə tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokolda qeyd olunur ki, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda fəaliyyət göstərən Şəxs X8 İdarəsindən 10/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli məktubla göndərilmiş, xx xxxxxx 2021-ci il tarixli, İMG seriyalı 001225 saylı “İcrası məcburi olan göstəriş”in tələblərini yerinə yetirməyərək, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinin tələblərini pozmaqla açıq məkanda eni 3 metr, uzunu 3 metr (sahəsi - 9 m2) ölçülərdə olan estetik görüntü normalarına uyğun olmayan reklamı demontaj etməmiş (sökməmiş), nəticədə Şəxs tərəfindən Azərbpaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşları Nümayəndə və Elvin Abdullayev tərəfindən tərtib olunmuş “Açıq çəkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” İRY seriyalı 001225 nömrəli aktda, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda açıq məkanda eni 3 metr, uzunu 3 metr (sahəsi - 9 m2) ölçülərdə olan estetik görüntü normalarına uyğun olmayan, demontaj olunması (sökülməsi) tələb olunan fasad reklamlarının yerləşdirilməsi və yayımı faktının aşkar edilməsi göstərilmiş, həmin aktın həmçinin Şəxs iştirakı olmadan tərtib edilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X4 X8 İdarəsinin rəisi O.Ağayev tərəfindən, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nın sahibi Şəxs ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, İMG seriyalı 001225 nömrəli “İcrası məcburi olan” göstərişdə «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 3-cü bəndi rəhbər tutularaq, müvafiq aktda qeyd olunan qanun pozuntularının (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 (beş) gün ərzində aradan qaldırılmasının tələb olunması, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsas tutularaq barəsində inzibati xəta haqqında protokolunun tərtib olunması göstərilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, P**********001 qeydiyyat nömrəli “Açıq məkanda yerləşdirilən reklama dair” X2 və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda yerləşdirilmiş açıq məkan reklamları ilə bağlı icazə müqaviləsinin bağlanması üçün sənədləşmə işlərinə başlanılmışdır. İş materiallarında olan, xx xxxxxx 2021-ci il tarixli, İ**********0001 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” İcazədən görünür ki, Azərbaycan Respublikası X4 X8 İdarəsi Şəxs Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda 3.00 metr x 1.10 metr ölçüdə növü “digər fasad reklamarı”na aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermişdir. İş materiallarında olan, xx xxxxxx 2021-ci il tarixli, İ**********0002 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” İcazədən görünür ki, Azərbaycan Respublikası X4 X8 İdarəsi Şəxs Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda 2.90 metr x 0.80 metr ölçüdə növü “digər fasad reklamarı”na aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermişdir. İş materiallarında olan, xx xxxxxx 2021-ci il tarixli, İ**********0003 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” İcazədən görünür ki, Azərbaycan Respublikası X4 X8 İdarəsi Şəxs Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda 2.90 metr x 0.80 metr ölçüdə növü “digər fasad reklamarı”na aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermişdir. İş materiallarından görünür ki, “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” İRY seriyalı 001225 nömrəli akt və xx xxxxxx 2021-ci il tarixli, İMG seriyalı 001225 nömrəli “İcrası məcburi olan” göstəriş Şəxs göndərilmişdir. Lakin iş materiallarında «Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” İRY seriyalı 001225 nömrəli akt və xx xxxxxx 2021-ci il tarixli, İMG seriyalı 001225 nömrəli “İcrası məcburi olan” göstərişin Şəxs tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən hər hansı sənəd yoxdur. İş materiallarından həmçinin görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında uçota durmuş və ona ********** nömrəli VÖEN verilmişdir. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-2, 26.2-2.1 və 26.2-3-ci maddələrinə əsasən reklam yayıcısı, həmçinin reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə üçün reklam yayıcısı (reklam qurğularının mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydanın 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına eyni zamanda bildirilməlidir; reklam yayıcısı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırıldığı barədə reklam yayıcısının müraciətindən sonra müddətin axımı bərpa olunur; reklam yayıcısı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində reklam yayıcısına təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin Qaydanın 2.8 və 2.9-cu bəndlərinə əsasən reklam yayıcısı aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazə alınması üçün müvafiq quruma ərizə ilə təkrar müraciət edə bilər; icazə verilməsinə görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu muüvafiq qurumun verildiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin Qaydanın 3.1, 3.2 və 3.3-cü bəndlərinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir; reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Həmin Qaydanın 3.4 və 3.5.1-ci bəndlərinə əsasən yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum: reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır). Yenə də həmin Qaydanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və X4 X8 İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədlərə hüquqi qiymət verməklə hesab edir ki, inzibati xəta hadisəsi olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətlərinin keçməsi əsası ilə hazırki başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X4 X8 İdarəsinin böyük müfəttişi Nümayəndə tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokoldan da göründüyü kimi iddia edilir ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məğul olduğu Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinin tələblərini pozmaqla açıq məkanda eni 3 metr, uzunu 3 metr (sahəsi - 9 m2) ölçülərdə olan estetik görüntü normalarına uyğun olmayan reklam yerləşdirmişdir. Lakin, Azərbaycan Respublikası X4 X8 İdarəsi Şəxs “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinin hansı bəndinin pozulması ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini protokolda əsaslandırılmamışdır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinin (açıq məkanda reklam) dispozisyası inzibati xəta haqqında protokolun tərtib olunduğu vaxtda aşağıda qeyd olunan redaksiyada olmuşdur:

1. 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

2. 26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir.

4. 26.2-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

5. 26.2-2. Reklam yayıcısı, həmçinin:

6. 26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır;

7. 26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir.

8. 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir.

9. 26.3. Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər.

10. 26.4. Yaşayış binasında yerləşdirilən reklam onun təhlükəsiz istismarına, mənzillərin havalandırılmasına, təbii işıqlandırılmasına mane olmamalı, sakinlərin rahatlığını pozmamalı, ətraf mühit üçün təhlükə törətməməlidir.

11. 26.5. Açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır.

12. 26.6. Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. 26.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

14. 26.8. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.

15. 26.9. Yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır.

16. 26.10. Bu Qanuna görə reklam yerləşdirilməsinə yol verilməyən ərazilərdə reklamın yerləşdirilməsi yalnız dövlət bayramlarında, beynəlxalq və dövlət tədbirlərində bu Qanunun 26.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla konkret dövr üçün nəzərdə tutula bilər. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinin dispozisyasındanda göründüyü kimi, estetik görüntü normalarına uyğun olmayan reklamların açıq məkanda yerləşdirilməsi həmin maddədə inzibati xəta kimi nəzərdə tutulmamaqla yanaşı, nə həmin Qanunda, nə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarında, nə də başqa bir aidiyyatı normativ hüquqi aktda estetik görüntü normalarına uyğun olmayan reklam anlayışı yoxdur və reklamların estetik görünüşləri ilə bağlı normativlər qanunla müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, xx xxxxxx 2021-ci il tarixli, İMG seriyalı 001225 nömrəli “İcrası məcburi olan” göstərişdə, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda sol tərəfdəki pəncərə boşluğunda yerləşdirilmiş reklamın estetik görüntü normalarına uyğun olması əsası ilə Azərbaycan Respublikası X4 X8 İdarəsi tərəfindən sökülməsinin tələb edilməsi əsassız və qanunsuz olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixli, İMG seriyalı 001225 nömrəli “İcrası məcburi olan” göstərişi icra etməməsi, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsinə əsasən,heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsində qeyd olunur ki, inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənini 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hüququn aliliyi prinsipinin baza tələbi olan nulla poena sine lege prinsipinə görə qanunda nəzərdə tutulmayan əmələ görə cəza verilə bilməz. Bununla yanaşı, hətta Şəxs əməlində inzibati xətanın tərkib elementləri olmuş olsa idi belə, tərəflər işin mübahisəsiz halı kimi qəbul edirlər ki, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda eni 3 metr, uzunu 3 metr (sahəsi - 9 m2) ölçülərdə olan sözügedən fasad reklamları ən azından 2019-cu ilin avqust ayında yerləşdirilmiş və Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşları, həmçinin “İcazə və razılaşdırma şöbəsi”nin müdiri X1 tərəfindən 2019-cu ilin avqust ayında həmin açıq reklamın yerləşdirilməsi və yayımı aşkar edilmişdir. İşin bu halı iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, P**********001 qeydiyyat nömrəli “Açıq məkanda yerləşdirilən reklama dair” X2 və ona əlavə edilmiş fotoşəkillərlə tam sübut olunur. Lakin qeyd olunan vaxt X8 İdarəsinin əməkdaşları tərəfindən həmin reklamların götürülməsi üçün heç bir tədbir görülməmişdir. İş materialları ilə o da müəyyən olunur ki, Azərbaycan Respubdlikası Prezidentinin x xxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»na əsasən Azərbaycan Respublikası X4 X8 İdarəsinin böyük müfəttişi kimi Nümayəndə o cümlədən İXM-nin 428.7.3-cü maddəsirndə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə protokol tərtib etmək səlahiyyətinə malik olmuşdur və hazırda da malikdir. Azərbaycan Respublikasının İXM-nin 9.2-ci maddəsində davam edən inzibati xətalara görə inzibati məsuliyyətinin yaranmasının ümumi əsasları göstərilmiş, lakin həmin Məcəllədə uzanan inzibati xətalardan bəhs edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İXM-də, nə də başqa qanunvericiliek aktlarında davam edən və uzanan inzibati xətaların definisiyası verilməmiş, hansı xətanın davam edən, hansı xətanın isə uzanan xəta olması və onların fərqi müəyyən edilməmişdir. Avropa Konvensiyasının 6-cı maddəsi və Avropa Məhkəməsinin Enqel və başqaları Niderlanda qarşı işində müəyyən edilmiş Enqel meyarlarına görə (1) daxili hüquqda təsnifat; 2) hüquqpozmanın xarakteri; 3) tətbiq edilən və mümkün cəzanın ağırlığı) inzibati xətanın cinayət ittihamına bərabər sayılması xüsusunda o da vurğulanmalıdır ki, cinayət hüququnda uzanan və davam edən cinayətlər anlayışı uzanan və davam edən inzibati xətaların definisiyası üçün də tətbiq oluna bilər. Belə ki, uzanan cinayətlər elə cinayətlərdir ki, bu zaman şəxs öz hərəkətləri və ya hərəkətsizliyi ilə qanunla cinayət təqibi üzrə qorxu altında onun üzərinə qoyulan vəzifələri uzun müddət ərzində yerinə yetirmir. Yəni burada fasiləsiz olaraq qanunu pozur və bununla da cinayəti müəyyən zaman kəsiyində edir. Ancaq uzanan cinayətlərdəki daxili bağlılıq onu vahid cinayət edir və cinayətlərin məcmusunu yaratmır. Davam edən cinayətlər isə ümumi məqsədin həyata keçirilməsinə yönələn və öz məcmusuna görə vahid cinayət olan bir neçə eyni cinayət əməlinin cəmidir. Bu xüsusda uzanan inzibati xətalar elə inzibati xətalardır ki, bu zaman şəxs öz hərəkətləri və ya hərəkətsizliyi ilə qanunla inzibati məsuliyyət üzrə qorxu altında onun üzərinə qoyulan vəzifələri uzun müddət ərzində yerinə yetirmir, yəni fasiləsiz olaraq qanunu pozur və bununla da inzibati xətanı müəyyən zaman kəsiyində törədir. Ancaq uzanan inzibati xətalardakı daxili bağlılıq onu vahid xəta edir və bir neçə xətanın baş verməsi halını yaratmır. Davam edən inzibati xəta isə ümumi məqsədin həyata keçirilməsinə yönələn və öz məcmusuna görə vahid xəta olan bir neçə eyni əməlin cəmidir. Göründüyü kimi, davam edən inzibəti xəta vahid məqsədin həyata keçirilməsinə yönəlməklə, bir neçə əməlin cəmində ehtiva olunan bir xəta kimi xarakterizə olunur. Uzanan xətalarla davam edən inzibati xətalar arasında başqa fərqlərlə yanaşı, inzibati məsuliyyətə cəlb olunma müddətinin başlandığı vaxtlarında da fərqlər vardır. Qanunvericilikdə uzanan xətalar və onlara görə inzibəti məasuliyyətə cəlb olunma müddətlərinin başlanğıc vaxtı müəyyən olunmasa da, hüquq nəzəriyyəsində bu vaxt xətanın aşkara çıxarıldığı gündən sonrakı gün sayılır. Azərbaycan Respublikası İXMnin 38.2-ci maddəsinə əsasən davam edən inzibəti xətalara münasibətdə bu müddət xətanın aşkara çıxarıldığı gündən hesablanır. Nəzərə çatdırılmalıdır ki, uzanan və davam edən inzibəti xətalar bəzi hallarda hərəkətsizlikdə törədilir, yəni şəxs inzibati məsuliyyət qorxusu altında üzərinə qoyulan vəzifələri uzun zaman ərzində yerinə yetirmir. İş materiallarından görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda ən azından 2019cu ilin avqust ayında həmin reklamları yerləşdirdikdən sonra, Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşlarının iddiasına görə qanunun tələblərini pozaraq, onları icazəsiz yerləşdirməkdə və yaymaqda davam etmiş və bununla da «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın tələblərini pozmuşdur. X8 İdarəsinin nümayəndəsi, həmin idarənin böyük müfəttişi Nümayəndə məhkəmədə vediyi izahatlarından müəyyən olunur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin böyük müfəttişi Nümayəndə tərəfindən avqust 2019-cu ildə aşkar edilmiş və həmin vaxt akt və göstəriş tərtib edilməli olmasına, həmçinin İXM-nin 428.7.3-cü maddəsilə inzibəti xəta haqqında prortokol tərtib ediməli olmasına baxmayaraq, bu hərəkətlər edilməmişdir. Əslində İXM-nin 428.7.3-ci maddəsinin dispozisiyasında mütləq qaydada şəxs haqqında əvvəl “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” akt və «Reklam haqqında» Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin pozulmasına dair “İcrası məcburi olan” göstərişin tərtib edilməsi, şəxsə göndərilməsi, sonra isə onun haqqında inzibati xəta haqqında protokolun tərtib edilməsi dispozitiv şərtlər kimi nəzərdə tutulmamışdır. Yəni inzibati xəta haqqında protokoldan əvvəl bu ilkin hərəkətlərin edilməsi, hazırki halda akt və göstərişin tərtib edilməsi həmin inzibati xətanın mahiyyətinə aid deyildir. Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinin tələbinə görə də inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Belə dispozitiv şərtlər isə hələ İXM-nin 428.7.3-cü maddəsinə daxil edilməmişdir. Ona görə də X8 İdarəsinin böyük müfəttişi Nümayəndə avqust 2019-cu il tarixdə İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş xəta hadisənin mövcudluğunu göstərən kifayət qədər hallar aşkar etdikdən sonra Şəxs və ya digər şəxs (həmin vaxt mağazanı işlədən Şəxs bacısı) barəsində İXM-nin 428.7.3-cü maddəsilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisənin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraat başlamaq üçün səbəbdir. Azərbaycan Respublikası İXM-nin 99.2.4-cü maddəsinə əsasən o cümlədən inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Nümayəndə tərəfindən avqust 2019-cu il tarixdə İXM-nin 428.7.3-cü maddəsində göstərilən inzibati xəta hadisəsinin mövcduluğun göstərən kifayət qədər hallar bilavasitə aşkar edildikdən sonra Şəxs və ya başqa şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokolun tərtib edilməməsi və onun həmin vaxt inzibati məsuliyyətə cəlb edilməməsində ifadə olunan hərəkətsizliyi, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas və imperativ şərt deyildir. Belə olan halda, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə İXM-nin 428.7.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat ümumiyyətlə başlana bilməzdi. Məhkəmə iclasında X8 İdarəsinin nümayəndəsinin Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına əsasən davam edən inzibati xətalarda inzibati xətanın davam etmə müddəti ərzində istənilən vaxt şəxsin inzibati məsuliyyətə cəlb edilə bilinməsi barədə mülahizəsinə hüquqi qiymət verərək, hesab edirəm ki, həmin mülahizə qanunauyğun deyildir və əsassızdır. Belə ki, İXM-nin 9.2-ci maddəsində davam edən inzibati xətaya görə şəxsin inzibati məsuliyyə cəlb olundluqdan sonra da bu xətanı törətməkdə davam etdiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunmasından söhbət gedir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəlləsinin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» qərarında isə göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Göründüyü kimi, qanuna görə davam edən inzibati xətalara görə məsuiyyət şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam etdiyi təqdirdə mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli qərarında isə İXM-nin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə təkrar məsuliyyət şəxs bu xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli icra istisna olmaqla) müəyyən edilir. Bununla bağlı qeyd edilməlidir ki, əvvəla, Şəxs İXM-nin 428.7.3-cü maddəsilə yenidən inzibati məsuliyyətə cəlb olunmamışdır. Belə o, bu əmələ görə əvvəllər İXM-nin 428.7.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb olunmamışdır. İkincisi, onun əməli İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xəta deyildir. İXM-nin 428.7.3-cü maddəsi ilə İXM-nin 528.1-ci maddəsi fərqli-fərqli inzibati xətalara görə məsuliyyət müəyyən edir. Digər tərəfdən İXM-nin 38.1 və 38.2-ci maddələri birmənalı şəkildə davam edən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilməsi müddətinin əvvəlini bu xətanın aşkar çıxarıldığı gün müəyyən etməklə, həmin gündən 3 ay ərzində inzibati məsliyyətə cəlb etmənin mümkünlüyünü müəyyən edirlər. Bu müddət də hazırki işdə birmənalı şəkildə keçmişdir. Bundan başqa, Azərbaycan Respubikası Konstitusiya Məhkəməsi Plenmununun davam edən inzibati xətaya görə əvvəl bu xəta üzrə məsuliyyətə cəlb edilmədən istənilən vaxt şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü barədə hər hansı qərarı mövcud deyildir. Digər tərəfdən İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan xəta uzanan inzibati xəta sayılmalıdır. Ona görə də həmin mülahizə əsassızdır. Digər tərəfdən X8 İdarəsinin nümayəndəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün 2019-cu ilin avqust ayında sözügedən reklamın solğun olmaması, hazırda isə solğun olması və estetik görüntü tələblərinə uyğun olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, reklamın yerləşdirilməsinin aşkara çıxarıldığı 2019-cu ilin avqut ayında estetik görüntü tələblərinə uyğun olması, hazırda isə bu tələblərə uyğun olmamasını sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə onun üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarından, o cümlədən təqdim edilmiş fotoşəkillərdən sözügedən reklamın 2019-cu ilin avqust ayında solğun olmaması və estetik görüntü tələblərinə uyğun olması, hazırda isə bu estetik görüntü tələblərinə uyğun olmaması müəyyən olunmur. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın 3-cü bəndində (3.1) reklam idarəsinə reklam qurğularının sökülməsi barədə qərar qəbul etmək və onları sökmək səlahiyyətləri verilmişdir. Belə olan halda X8 İdarəsi əməkdaşlarının belə səlahiyyətləri olduğu halında onların qanunun tələblərinə cavab verməyən həmin reklamları nəyə görə sökməməsi məhkəmə üçün aydın deyildir və həmin idarənin nümayəndəsi də bunun səbəbləri barədə məhkəməyə hər hansı tutarlı əsas bildirilməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatından görünür ki, tərəfindən həmin reklam artıq sökülmüş və tələb predmeti aradan qalxmışdır. Hazırki iş üzrə birmənalı şəkildə müəyyən olunur ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Azgranata firma mağazası”nda eni 3 metr, uzunu 3 metr (sahəsi - 9 m2) ölçülərdə olan fasad reklamları ən azında 2019-cu ilin avqust ayında yerləşdirilmiş inzibati xəta haqqında protokol isə xx xxxxxx 2021-ci il tarixdə, yəni inzibati xətanın aşkara çıxarıldığı avqust 2019-cu il tarixdən 1 il 6 aydan da çox sonra tərtib olunmuşdur. Yəni, hətta Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta olmuş olsa idi belə, o, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın aşkara çıxarıldığı gündən 3 ay keçdikdən sonra inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, inzibati xəta hadisəsi olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətlərinin keçməsi əsaslarına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1, 38, 53, 105.1, 112-114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı m: İnzibati xəta hadisəsi olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətlərinin keçməsi əsaslarına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində bu qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Balakən Rayon Məhkəməsinin hakimi: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar