Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-58/2022 09.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) sahə rəisi, polis mayoru X1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1968-cı ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, natamam orta təhsilli, evli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən şəhəri, R.Səmədov küçəsi, ev 140 ünvanında qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 08.02.2022-ci il tarixdə, saat 01.00 radələrində qara rəngli gödəkcəsinin sol yan cibində ümumi təmiz çəkisi 3.92 qram narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarında saxlamışdır. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 08 fevral 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 08.02.2022-ci il tarixdə Balakən rayonu Tülü kəndində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra onu narkotik vasitə saxlamasında şübhəli bildiklərini qeyd etmiş və üzərində şəxsi axtarış aparılması üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üstündə şəxsi axtarış aparılmış, bu zaman üstündə və siqaretində ümumi təmiz çəkisi 3,93 qram olan qurudulmuş marixuana aşkar etmişlər. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmişdir. O, həmin narkotik vasitəni 2021-ci ilin avqust ayında Balakən rayonu Tülü kəndindəki çöllük ərazidə bitən nəşə ağacından götürüb qurudaraq üstündə istifadə üçün saxlamışdır. O, 08 fevral 2022-ci il tarixdə saat 23.00-da inzibati qaydada tutulmuş və 09 fevral 2022-ci il tarixdə saat 14:30-da azad edilmişdir. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 göstərmişdir ki, Şəxs 08 fevral 2022-ci il tarixdə, saat 01 radələrində narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarında saxlamışdır. Bu barədə işdə kifayət qədər sübutlar olduğundan Şəxs barəsində Azçərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında iş üzrə protokol tərtib etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının 08 fevral 2022-ci il tarixli, 17/129 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs üzərindən aşkar edilmiş kütlələr....“ sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, açıq vəziyyətdə təmiz çəkisi-3,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisindəki 01 (bir) ədəd siqaretin içərisində təmiz çəkisi-0,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin siqaretin içərisindəki təmiz çəkisi-0,33 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuanaların ümumi təmiz çəkisi-3,92 qram, tədqiqata sərf edildi-0,10 qram (hər ob. 0,05 qr), qalıq-3,82 qram. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 fevral 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1-99 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə Azərbaycan Respublikaı CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs şübhəli şəxs statusuna xitam verilmiş, qərarın surəti Şəxs barəsində inzibati tədbir görülməsi üçün RPŞ-nin İTByə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna və Şəxs göndərilməsi qərara alınmış, həmçinin Şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış maddi sübutun Balakən RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılması qeyd edilmişdir. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli, ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 fevral 2022-ci il tarixdə, saat 23.00-da inzibati qaydada tutulmuş və 09 fevral 2022-ci il tarixdə, saat 14.30-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs narkotik vasitə olan marixuananı şəxsi istahlak miqdarında saxlamasını səmimi olaraq etiraf etmiş və bu hal işdəki digər sübutlarlaməhkəmə-bioloji ekspertizasının 08 fevral 2022-ci il tarixli, 17/129 nömrəli rəyi ilə, 08.02.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və sair sübutlarla da təsdiqini tapmışdır. Ona görə də Şəxs əməli Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. İnzibati xəta törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan məbləğdə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyinəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs 08 fevral 2022-ci il saat 23:00-dan 09 fevral 2022-ci il saat 14:30-dək inzibati qaydada tutulması nəzərə alınmaqla ona təyin ediləcək cərimə tənbehinin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimənin yuxarı həddinin dörddə üç hissəsindən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin hazırki qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Balakən RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ümumi təmiz çəkisi 3,92 qram olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,82 qramı məhv edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X9 oğlu, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X9 oğluna ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun 08.02.2022-ci il saat 23.00-dan 09.02.2022-ci il saat 14.30-dək inzibati qaydada tutulması nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Hazırki qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Balakən RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ümumi təmiz çəkisi 3,92 qram olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,82 qramı məhv edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X9 oğluna ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-58/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-58/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver