Məhkəmə qərarları › İş №3(019)-62/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-62/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-62/2024 02.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Balakən rayonu Talalar kəndində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifətinə 1 dəfə şillə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TBnin təhqiqatçısı, polis kapitanı Natiq Muradovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və Balakən rayonu Talalar kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə hərbi xidmətdən evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında arvadı Zərərçəkmiş şəxs ona heç nə demədən onun tanımadığı, Naciyə adlı rəfiqəsinin evinə getmişdir. O, Ayşəyə Vatsapp vasitəsi ilə yazaraq evə gəlməsini demiş, lakin Ayşə evə gəlməyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs evə gəlmiş, evə daxil olduqda evin qapısını 5-6 dəfə vurmuşdur. Həmin vaxt o, yuxudan ayılmış və onların arasında mübahisə baş vermişdir.Mübahisə zamanı o, Ayşəyə “nəyə görə evə gec gəlirsən”- deyə əsəbləşmiş və onun sifət nahiyyəsinə bir dəfə şillə ilə vurmuşdur. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə aınmaqla barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki,əri Şəxs xx.xx.2024-cü il tarixdə həbi xidməti bitirərək yaşadıqları evə qayıtmışdır. Əri Rasim hərbi xidmətdə olarkən 2 azyaşlı uşaqlarını baxmaq üçün o, Balakən şəhərində yerləşən kafelərdən birində ofisant işləmişdir. Əri hərbi xidmətdən qayıtdığı üçün 4-5 gün işə getməmişdir. xx.xx.2024cü il tarixdə saat 19 radələrində o, Balakən şəhərində yaşayan rəfiqəsi Naciyə Məsiyevanın evinə qonaq getmişdir. O, orada qonaq olduğu zaman əri Rasim Vatsapp vasitəsi ilə ona nalayiq sözlər yazmış, “evə gəlib uşaqları da aparmağını yazmış və sonra hara istəsə getməyini” bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:15 radələrində tanışı Mübariz adlı şəxsin idarə etdiyi taksi avtomaşını ilə evə gəlmiş, həmin vaxt əri Rasim onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şəxs onun sifət nahiyəsinə 2 dəfə şillə ilə vuraraq, onun boğazından tutub yerə yıxmışdır. Şəxs ilə barışmamışdır, ondan şikayətçidir,onun barəsində tədbir görülməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, “Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs Balakən RPŞ-yə ərizə ilə müraciəti əsasında toplanmış HK- 1-45 saylı material üzrə cinayət işinin başlanılması rədd edilsin. Qərarın surəti Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun qeyd edilən maddə əsasında inzibatı məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilsin”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,təhqiqatçı tərəfindən material üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, lakin Zərərçəkmiş şəxs bədənində hər hansı xəsarət olmadığını bildirərək tibbi müayinədən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, işdə olan sənədləri və hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs səmimi peşimançılığı onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar