Məhkəmə qərarları › İş №3(019)-64/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-64/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-64/2025 04.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTB-nin sahə rəisi X3, müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22.50 radələrində Balakən şəhəri S.Gözəlov küçəsində ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuş, bu hərəkətlərinin dayandırılmasını tələb edərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X10, xx.xx.2025-ci il tarixdə icraatına Balakən RPŞ-nin DYPB tərəfindən raport daxil olduğunu, həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edildiyini, inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu, barəsində həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində kafedən çıxdıqları zaman YPX əməkdaşları X4 arxadan tutaraq xidməti avtomobillərinə mindirmək istədiklərində o, onlara PPX çağırmalı olduqlarını bildirmiş, onlar buna məhəl qoymadıqları üçün videoçəkiliş etmişdir. O, tabesizlik etməmişdir. Sonrakı gün onu saxlamış, Balakən RPŞ-nə gətirmiş, zorla mobil telefonunu almış, ona aid şəxsi məlumatlara baxmış, təhqiramiz ifadələr işlətmişlər. O, vəkil tələb etmiş, lakin çağırmamışlar, həmçinin ailəsilə əlaqə saxlamasına imkan verməmişlər. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində o və RPŞ-nın DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Anar Mirəliyev KİA markalı 99-YP- 593 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Balakən şəhəri S.Gözəlov küçəsində xidmət aparan zaman Mercedes-Benz E-230 markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü dönmə qaydasını pozduğu üçün tərəflərindən saxlanılmışdır. Onlar sürücüyə yaxınlaşan zaman o, maşını sürərək oradan uzaqlaşmış və təxminən 300 metr irəlidə “08 Pub” adlı kafenin qarşısında saxlayaraq kafeyə girmək istəmişdir. Onlar həmin şəxsə yenidən yaxınlaşıb ona özlərini təqdim etmiş və sonradan Balakən şəhər sakini X7 olduğu onlara məlum olan sürücüdən gələn kəskin spirt qoxusunu onun sərxoş olması barədə onlarda şübhə yaratmışdır. Ona həkim müayinəsindən keçməsi üçün onlarla Balakən RMX-ya gəlməli olduğunu izah etmişlər. Lakin sürücü Orxan Muradov onlarla mübahisə edərək küçədə ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxtı kafedən 1 nəfər şəxs çıxaraq onlara yaxınlaşmışdır. Sonradan Şəxs olduğu onlara məlum olan həmin şəxs onların ünvanına nalayiq ifadələr işlədərək onlardan saxladıqları sürücünü buraxmalarını tələb etmişdir. Onlar həmin şəxsə də qanunun tələblərini izah edərək işlərinə müdaxilə etməməsini bildirsələr də, Şəxs və Orxan Muradov öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Sonradan Şəxs onları mobil telefon vasitəsi ilə görüntüyə almağa başlamış və “görün başınıza nə oyun açacam” deyərək onlara hədə-qorxu gəldikdən sonra oradan uzaqlaşaraq getmişdir. Bundan sonra onlar bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Valeh Zaman oğlunun izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2025ci il tarixdə Bayraq Meydanı adlanan ərazidə xidmətdə olmuşdur. YPX əməkdaşları rabitə vasitəsi ilə çağırmışlar. Həmin yerə yaxınlaşdıqda vətəndaşın söyüşlər söydüyünü görmüş. İctimai qaydaya riayət etməsini tələb etsələr də qanuni tələblərinə əməl etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs xx.xx.2016-ci il təvəllüdlü X11 adında bir azyaşlı uşağı var. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 8-ci maddəsinə əsasən qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. 13-cü maddəsinə əsasən polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 1) Hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək; 2) cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək. Polis əməkdaşları öz vəzifələrini həyata keçirərkən ayrıca əmr və ya göstəriş gözləmədən əməkdaşlıq etməyə, qarşılıqlı fəaliyyət göstərməyə və bir-birinə hərtərəfli kömək etməyə borcludurlar. 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı hüquqları vardır: 1) hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək; 3) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq; 8) bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək. 26-cı maddəsinə əsasən polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər: 1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda; 2) inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda; 3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə. Məhkəmə işin hallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22.50 radələrində Balakən şəhəri S.Gözəlov küçəsində X7 tərəfindən inzibati xəta törədilibtörədilməməsini müəyyənləşdirmək üçün tədbirlər görən polis əməkdaşlarını söyərək səsküy yaratmış, ictimai qaydanı pozmuş, polis əməkdaşlarından X2 buraxılmasını tələb etmiş, polisin qanuni fəaliyyətinə maneə yaratmış, bu hərəkətlərinin dayandırılmasını, ictimai qaydaya əməl etməsini tələb edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Şəxs özünü təqsirli bilməməsi inzibati məsuliyyətdən yaxa qurtarmaq və özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndilir. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Şəxs himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs tətbiq edilməli, onun inzibati həbs müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən saat 11:30-dan hesablanmalıdır. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 18 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən saat 11:30-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun («KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ**********00********) hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar