Məhkəmə qərarları › İş №3(019)-68/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-68/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-68/2022 18.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru, polis leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə xx.xx.1999-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1-də yaşayan Şəxs oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs oğlu 13 noyabr 2021-ci il tarixdə Balakən rayonu ərazisində özünə məxsus “VAZ-2106” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının iki təkərini yolun səthindən qaldırmaqla idarə edib avtoxuliqanlıq etmiş və bu barədə videogörüntüləri “Tik Tok” sosial şəbəkəsində yerləşdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs oğlu özünü təqsirli bilməyərək göstərdi ki, “VAZ-2106” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının ona məxsusdur. Sosial şəbəkələrdə yayılan video il yarım bundan əvvəl qeydə alınmışdır. Həmin görüntüləri sosial şəbəkədə o yerləşdirməmişdir. O, iki aydır ki, “Tik Tok” sosial şəbəkəsindən istifadə etmir və özünə məxsus maşını istifadə etmək üçün atasına vermişdir. O, əməlindən peşimandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs oğlu özünü təqsirli bilməsə də onun sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru, polis leytenantı Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru vəzifəsində xidmət edir. 18 fevral 2022-ci il tarixdə sosial şəbəkədə paylaşılan videogörüntüyə baxarkən VAZ-2106 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün ötmə əməliyyatı etdiyini, avtomaşınla ziqzaqvari hərəkətlər etdiyini, avtomaşını iki təkər üzərinə çıxararaq idarə edib avtoxuliqanlıq etdiyini aşkar etmişdir. Bununla bağlı tərəfindən araşdırma aparılmış və həmin avtomaşının sürücüsünün ünvan 1 ünvanında yaşayan Şəxs olduğu aşkar olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan fotoşəkil və videogörüntülərdən görünür ki, Şəxs məxsus VAZ-2106 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü şosse yolda avtomaşının iki təkərini yolun səthindən qaldırmaqla idarə edir. Həmin videogörüntülər 13 noyabr 2021ci il tarixdə “Tik Tok” sosial şəbəkəsində yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-cu maddəsində avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətan törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 1(bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar