Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-69/2023 18.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay , işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Katex kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 16 fevral 2023-cü il tarixdə saat 13:00 radələrində Balakən rayonu Katex kəndində - ictimai yerdə ucadan ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid1 və X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis mayoru Şahid1 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, şahidlərin izahatları alınmış və Balakən rayonu Katex kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Katex kəndində yaşayır. 16 fevral 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdən çıxaraq Katex kəndinin mərkəzinə getmiş və orada olan zaman telefonla danışmağa başlamışdır. Onun telefonda sözlü mübahisəsi yaranmış, əsəbiləşərək ünvansız söyüşlər söyməyə başlamışdır. Bir az sonra iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ictimai yerdə söyüş söyməməyi tələb etmişlər. O, isə əsəbi olduğundan onların sözünə məhəl qoymamışdır. Əməlindən peşimandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Balakən RPŞ-də sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində RPŞnin sahə polis nəfəri, polis serjantı X3 ilə təhkim olunduğu Balakən rayonu Katex kəndinin mərkəzində olarkən bir nəfər şəxsin ucadan ünvansız söyüşlər söydüyünü görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu intizama dəvət edərək ictimai yerdə söyüş söyməyin inzibati məsuliyyət yaratdığını ona bildirmişlər. Həmin şəxs əsəbi halda öz qanunsuz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə qəsdən əməl etməmişdir. Ona görə də onu Balakən Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Balakən rayonu Katex kənd sakini Şəxsdur. Bundan sonra o, tədbir görülməsi üçün raportla Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuş,18 fevral 2023-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16 fevral 2023-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuş və 18 fevral 2023-cü il tarixə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı iki gün müddət ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun 16 fevral 2023-cü il tarixdə saat 15:00-dan 18 fevral 2023-cü il tarixə saat 10:00- a kimi inzibati qaydada tutulduğu 02(iki) gün müddət həmin müddətdən çıxılsın və üzərində 06 (altı) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 18 fevral 2023-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-69/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-69/2023
18.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver