Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-70/2024 26.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 iştirakı ilə X9 tərəfindən Balakən Rayon Polis Şöbəsinin DYPB-nin İXP ******* saylı protokolun əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP6210914 nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər barədə xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 şikayətini onunla əsaslandırmışdır ki, o, 15 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində azyaşlı övladını dərsdən gətirmək üçün getdiyi zaman Balakən YPX-nin əməkdaşı Nümayəndə heç bir qanun pozuntusu etmədiyi halda ona məxsus nəqliyyat vasitəsini təqib edərək saxlama əmri verdi. O da əmrə tabe olaraq nəqliyyat vasitəsini saxladı. Bu zaman həmin şəxs ona yaxınlaşaraq alkotestr vasitəsilə müayinə olunacağını bildirdi. O da əmrə tabe olaraq dediyini etdi. Bu zaman onun içkili olduğunu bildirdi. O da etiraz edərək bildirdi ki, alkotesrtlə razı deyil. Bu zaman onu Rayon Mərkəzi Xəstəxanasına aparsalar da ona heç bir həkim yaxınlaşmadı və onu sadəcə qeydiyyata aldılar. Qeydiyyat şöbəsindəki əməkdaş ondan sadəcə ad və soyadını soruşdu. Əlavə olaraq bildirmək istəyir ki, o, qan analizi tələb etsə də ona məhəl qoymadılar. Bundan sonra ona məxsus nəqliyyat vasitəsini əlindən alaraq polis şöbəsinin duracağına apardılar. O, iradını bildirərək qeyd etdi ki, axı etdikləri hərəkət qanunsuz və əsassızdır. Bu zaman Balakən YPX-nin əməkdaşı Nümayəndə ona dedi ki, bu rayonda qanun odur. Daha sonra o, Balakən Rayon Polis Şöbəsinə getdi və YPX-nin əməkdaşlarına yaxınlaşaraq nəqliyyat vasitəsini təhvil almaq istədi. Bu zaman Nümayəndə ondan 300 manat məbləğində pul istəmişdir, o da imkanının olmadığını və pulu hansı məqsədlə verməli olduğunu soruşduqda ona dedi ki, nəqliyyat vasitəsinin rayon ərazisində idarə olunmasının xərcidir. Daha sonra o, evə gəldi. Bu gün təkrar olaraq səhər saatlarında avtomobilini götürmək üçün polis şöbəsinə yaşınlaşdı və ona eyni sözün təkrarlandığını, protokolun yazılmadığını, 300 manat gətirdiyi halda maşını təhvil ala biləcəyini bildirdilər. Axşam saat 16:00-a dək vaxt verdilər. O da onların istədiyi məbləği verə bilmədi. Bu səbəbdən ona qanunsuz olaraq protokol tərtib etdilər. Onu da qeyd edir ki, DYP-nin əməkdaşları onu saxlayarkən özlərini və xidməti vəsiqələrini təqdim etməyiblər, bundan əlavə onun barəsində tərtib edilən protokolun surəti ona təqdim edilməmişdir. Buna görə də pozulmuş hüquqlarının bərpası üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə barədə qərarı qanunsuz, əsassız və ədalətsizdir. 1) İlk növbədə onun barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə barədə qərardan təsadüfən məlumatı olub. Həmin qərar ona hər hansı şəkildə təqdim edilməmişdir (İXM-maddə 57.1). 2) Barəsində tərtib olunan protokol əsasında inzibati tənbeh tətbiq edilməsi barədə qəbul edilərkən onun iştirakı təmin olunmamış, izahatı alınmamış, vəsatəti və etirazı olubolmaması aydınlaşdırılmamışdır (İXM-maddə 61,76,78). 3) Həmçinin qəbul edilən qərar ona təqdim olunmamış, şikayət vermək hüquqları izah edilməmişdir (İXM-Maddə 115). 4) Protokol üzrə inzibati xəta haqqında məsələyə baxmaq qanunla məhkəmənin səlahiyyətinə aid edildiyi halda Balakən Rayon Polis Şöbəsinin DYPB öz mülahizəsinə əsaəsn birtərəfli qaydada işə baxaraq onun 400 manat cərimə olunması qənaətinə gəlmişdir (İXM-maddə 43.2,81.3,96). Onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilərkən sərxoş vəziyyətdə olub-olmaması xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməmiş, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında heç bir protokol tərtib olunmamış, olunubsa belə ona elan və təqdim edilməmişdir. Həmin maddə ilə təqsirli bilinməsinə dair qərar verilərkən də belə sübutların olmamasına baxmayaq 400 manat məbləğində cərimə edilmişdir. Hansı ki, maddənin qeyd hissəsində Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda səxsin sərxoşluq vəziyyətində olduğunun hesab edildiyi bildirilir. Halbuki İXM-nin 99.1-ci maddəsinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi halı inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi göstərilmişdir. Göründüyü kimi Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə barədə qərarı qəbul edərkən Qanunvericiliyin yuxarıda sadalanan tələblərini kobud surətdə pozmuşdur. Ona görə də hazırkı şikayətlə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsinə nail olmaq istəyir. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarına görə yol patrul xidməti əməkdaşı Nümayəndə inzibati xəta haqqında protokolu zəruri proseduralara riayət edilməsi hallarını, habelə inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmasını sübut etməlidir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində Balakən rayon Polis Şöbəsinin DYPB əməkdaşı tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı 14 iyun 2023-cü il tarixli protokola və inzibati icraata xitam verilməsi, həmin prokotokol əsasında qəbul edilmiş 20 iyun 2023-cü il tarixli inzibati xətaya dair qərarın ləğv edilməsi, hesablanmış inzibati cərimə borcunun dəbbə pulu ilə birlikdə adından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı Nümayəndə şikayətə etiraz edərək, göstərdi ki, şikayət əsassızdır. Belə ki, X9 barəsində düzgün olaraq xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin vaxt X9 avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. X9 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunidir. Belə ki, X4 vaxt nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Həmçinin istər alkotestr müayinəsi zamanı, istərsə də Balakən Rayon Mərkəzi Xəstəxanasında aparılan həkimnarkoloqun tibbi müayinəsi zamanı X6 0,432 promili alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Bu da X5 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə təqsirli bilinərək, tənbeh edilməsi üçün əsas verir. Həmin 333.1-ci maddənin sanksiyasında da 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar da X7 təqdim olunmuşdur. Şikayət əsassızdır, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11.19 radələrində xəstəxananın təcili yardın şöbəsində olarkən polis əməkdaşları X1 tibbi müayinəsi üçün gətirmişlər. Onu alkotestrlə yoxlamışlar. X6 0,432 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. O bu barədə məlumatı qeyd etmiş, həkim Əsgər Axundov isə aktı tərtib edib vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında göstərdi ki, o, Balakən RMX-də həkim narkoloqun vəzifələrini yerinə yetirir, həkim-narkoloqun funksiyalarının ona həvalə edilmsi barədə xəstaxana rəhbərliyinin əmri vardır. X9 xx.xx.2023-cü il tarixdə Vəliyev Emil tərəfindən xəstəxanaya gətirilmiş, həkim Ayşə Mustafayeva tərəfindən yoxlanılmışdır. Növbəti gün o, akt tərtib edərək YPX əməkdaşına vermişdir. İşdə olan Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı Nümayəndə tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP5905210 №-li inzibati xəta haqqında potokoldan görünür ki, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İN:64 161 nömrəli alkotestr yoxlamasının nəticələrinə dair kağız daşıyıcıda əks olumuş məlumatdan görünür ki, alkotestr yoxlaması zamanı X6 0.432 promili alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 16 dekabr 2023-cü il tarixli, 645 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı X6 hadisə vaxtı 0,432 promili alkoqol sərxoşluğu aşkar edilmişdir. İşdə olan Balakən RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli elektron qərarından görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X5 idarə etdiyi Opel-Astra minik markalı 10MA768 qeydiyyat nömrəli avtomaşın xx.xx.2023-cü il tarixdə avtonəqliyyat vasitəsinin saxlanma duracağına yerləşdirilmiş və xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İş materiallarına əlavə olunmuş «Balakən Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin 13 yanvar 2024-cü il tarixli 18-1-27/3-1-64/2024 əmrindən görünür ki, «Balakən Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin əməliyyatxana bölməsinin Bölmə müdiri (həkim ümumi cərrah) vəzifəsində çalışan X11 narkoloq işinin aparılması həvalə edilmişdir. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Balakən RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ən əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-də və digər qanunvericilik aktlarında inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Qanunda inzibati xəta haqqında protokol şikayətin və bu şikayət qaydasında ona baxılmasının predmeti kimi müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə qərar deyildir. İnzibati xəta haqqında protokol şəxs haqqında Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş inzibati xəta haqqında icraatın başlanması üçün bir hüquqi sənəddir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Azərbaycan Respublikası İXM-nin 114.1 və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qanunda inzibati xəta haqqında işə baxılarkən çıxarılmış qərarlardan, o cümlədən inzibati tənbeh vermə qərardan şikayət və ya protest vermək hüququ nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsində isə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən hansı qərarların qəbul edilməsi göstərilmişdir. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi və inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən baxılması nəzərdə tutulmuşdur. Qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət və ya protestin verilməsi və inzibati xəta haqqında protokoldan şikayət və ya protestə baxılaraq müvafiq qərarın qəbul edilməsi təsbit edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi 15 dekabr 2023-cü il tarixdə saat 15.00-da aşkar olunmuş, həmin vaxt X9 onda alkoqol sərxoşluğunu göstərən alkotestr məlumatına etiraz etdiyinə görə qanunu tələbinə əsasən o, həkim müayinəsinə aparılmış və həkim narkoloqun sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı 16 dekabr 2023-cü il tarixdə tərtib olunub yol polisi bölməsinə təqdim olunduğu üçün İXM-nin 101.2-ci maddəsinə əsasən onun barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunmuşdur. Yəni bu protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs barəsində məlumatların əlavə aydınlaşdırılmasının tələb olunduğu halla bağlı olmuşdur. Bu da qanunvericiliyin tələbinə tam uyğundur (İXM-nin 101.2-ci maddəsi). Bundan başqa xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunarkən qanunun (İXM-nin 100-cü maddəsi və sair) digər tələblərinə də əməl edilmişdir. Belə ki, həmin inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitənin göstəriciləri, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan qanunda nəzərdə tutulmuş digər məlumatlar göstərilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə izahat vermək, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək və protokolu imzalamaq təklif edilmiş, X9 tərəfindən protokola hər hansı qeyd daxil edilməmişdir. Eyni zamanda iş materiallarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolun surətini də almışdır. Belə ki, onun tərəfindən həmin protokol alınmadığı şəraitdə protokolun nömrəsi və tarixi göstərilməklə ondan şikayət edilməsi ağlabatan deyildir. Qeyd olunan sözügedən inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uğyun tərtib edilməməsi barədə şikayətin tamamilə əsassız olmasını göstərir. X5 barəsində olan xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə gəldikdə isə hesab edirəm ki, bu hissədə də şikayət əsassızdır və həmin xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolda X9 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, xx.xx.2024-cü il tarixli TP6210914 saylı inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində isə dörd yüz manat məbləğində cərimə və nəqliyyat vasitəsini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqnıda» 15 fevral 2016-cı il tarixli 795 №-li Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən baxılması müəyyən edilmişdir. Belə olan halda Balakən RPŞ DYPB tərəfindən bu xətalar haqqında işə baxılması və xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X9 haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat cərimə tənbehinin tətbiq olunması qanunun tələblərinə uyğundur. Məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X4 vaxtda alkoqol sərxoşluğunda olmaqla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işdəki sübutlarla təsdiq olunur. X5 şikafət ərizəsində sərxoş olmadığı halda İXM-nin 333.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab etmiş və bu əsasla barəsində şikayət etdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İşdəki sübutlardan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə saat 15-də Balakən rayonu ərazisndə istifadəsində olan Opel Astra minik markalı 10MA768 minik markalı avtomobilini idarə edərkən Balakən RPŞ DYPB-nin yol patrul xidməti tərəfindən saxlanılmış, alkotestdən keçirilmiş və alkotestr müayinəsi zamanı onda 0,432 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Həmçinin bu alkotestr cihazının məlumatı ilə razılaşmayan X9 həkim narkoloqun müayinəsindən keçirilməsi üçün Balakən Rayon Mərkəzi Xəstəxanaına aparılmış və tibbi müayinədən sonra onda 0,432 promili alkoqol sərxoşluğu müəyyən edilərək, bu barədə xx.xx.2023-cü il tarixli, 645 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, 645 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X6 0,432 promili alkoqol sərxoşluğunun olması təsdiq edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinin tələbi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın tələbinə əsasən xüsusi texniki vasitə və həkim narkoloqoun müayinəsi ilə X6 alkoqolun konsentrasiyasının 0,3 promilindən artıq olması (0,432 promili) müəyyən edildiyi üçün onun həmin vaxt avtomaşını alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi faktoloji hal olaraq müəyyən olunmuşdur. Ona görə də X9 haqlı olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X3 vaxtda alkoqol sərxoşluğu vəziyyətində avtomobili idarə etməməsi, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi və İXM-nin 333.1-ci maddəsilə əsassız olaraq 400 manat məbləğində cərimə olunması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən (İXM-nin 96.2-ci maddəsi) şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması xüsusi texniki cihazın göstəricilərinə əsasən və ya həkim müayinəsi ilə müəyyən olunur. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əsasən şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması alkotestrdən keçmə yolu və ya həkim-narkoloqun tibbi müayinəsinin nəticələri ilə müəyyən edilir. İşdə olan alkotestr məlumatı və həkim-narkoloqun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 645 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X5 həmin vaxt avtomaşını idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən RPŞ DYPB-nin X5 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsinin faktoloji və hüquqi baxımdan əsaslı olması tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, o cümlədən X5 vəsatəti əsasında şahidlərin dindirilməsi həyata keçirilmiş, onların izahatları və təqdim edilmiş yazılı sənədlərin hüquqi qiymətləndirilməsi həyata keçirilmiş və bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmışdır. Həmçinin aydınlaşdırılmışdır ki, işdə barəsində şikayət edilən xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunda nəzərdə tutulmüş əsaslar, o cümlədən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Ona görə də həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayətdə göstərilən dəlillər əsassızdır və heç bir faktoloji hal və hüquqi əsaslara malik deyildir. Həmçinin DYPB-nin inspektoru barəsində xüsusi qərardad çıxarılması barədə müvafiq faktoloji və hüquqi əsaslar da müəyyən edilməmişdir. Qeyd olunanlara istinad edən məhkəmə həmçinin hesab edir ki, şikayət hesablanmış inzibati cərimə borcunun dəbbə pulu ilə birlikdə onun adından silinməsi barədə qərar çıxarılması hissəsində də əsassızdır və təmin olunmamalıdır. Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarına və hüquq normalarının tələbinə uyğun olaraq xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün əsasların olmaması müəyyən edilmiş və həmin qərarın dəyişdirilmədən saxlanması nəticəsinə gəlinmişdir. Belə olan halda həmin cərimə və dəbbə pulu inzibati tənbeh vermə haqqında bu qərarın hüquqi nəticəsidir. Ona görə də sözügedən xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli qərarla təyin edilmiş inzibati cərimənin və yaranmış dəbbə pulunun silinməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bu xüsusat bu hissədə də şikayətin tamamilə əsassız olmasını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, yekun olaraq bu nəticəyə gəlirəm ki, X5 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Polis X16 Polisi X2 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X5 şikayəti təmin edilməsin. Balakən Rayon Polis X16 Polisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli TP6210914 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-70/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-70/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver