Məhkəmə qərarları › İş №3(019)-72/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-72/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-72/2021 11.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1964-cü ildə Balakən rayonu Şambul kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Balakən rayonu Şambul kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından müvafiq icazə olmadan 1 ədəd təklüləli ov silahı, 2 ədəd konserv qutularında barıt kütləsi, 49 ədəd boş və 1 ədəd dolu 16 kalibrli patronları qanunsuz olaraq saxlamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Balakən rayonu Şambul kəndində yaşayır. Balakən rayonu Meşəşambul kəndində “Kompleks” adlanan sahədə yerləşən fermada çoban işləyir. Mərhum atası X3 beş ilə yaxındır ki, vəfat etmişdir. Atası vəfat etdikdən sonra onun əvvəllər istifadə etdiyi 16 kalibrli təklülə ov tüfəngi ona qalmışdır. Qeyd etdiyi ov tüfəngini Balakən rayonu Meşəşambul kəndindəki fermada olan tikilidə saxlayır və ondan sahəliklərə gələn heyvanları qorxutmaq üçün istifadə etmişdir. Mərhum atasından qalan ov tüfənginə aid heç bir sənədləri yoxdur. Polis əməkdaşları ilə söhbət etdiyi zaman onlar ondan tüfənginin olub-olmadığını soruşmuş və onlara sənədsiz tüfənginin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ondan yuxarıda qeyd olunan ov tüfəngini, 2 ədəd konserv qutularında olan barıt kütləsini, 49 ədəd boş və 1 ədəd dolu 16 kalibrli patronları götürmüşlər. Ov fəaliyyəti ilə məşğul olmamışdır və olmur. İnzibati xətanı törətməsindən səmimi peşmandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş edir. İş materiallarında olan Balakən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat-müvəkkili, polis mayoru X1 RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Çingiz Aslanova ünvanlandığı xx.xx.2021-ci il raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 10:30 radələrində Balakən RPŞ-nin CAB-nin baş əməliyyat-müvəkkili, polis mayoru Şəmsəddin Novruzov və Balakən RPŞ-nin əməliyyat-müvəkkili, polis baş leytenantı X6 rayonu Meşəşambul kəndi ərazisində xidmət aparan zaman Balakən rayonu Şambul kənd sakini xx.xx.1964-cü il təvəllüdlü X2 Meşəşambul kənd ərazisində yerləşən “Kompleks” adlanan çöl sahəsində olan qoyun fermasında çobanlıq etdiyi və yaşadığı tikilidə sonuncu ilə profilaktiki söhbət aparıİdıqda o, özündə qanunsuz olaraq saxladığı 01 (bir) ədəd təklülə ov tüfəngini, 02 (iki) ədəd konserv qutularında barıt kütləsini, 49 (qırx doqquz) ədəd boş və 1 (bir) ədəd dolu 16 kalibrli patronları təqdim etdi. Bununla əlaqədar Rafael Saramanov qanunsuz saxladığı 01 (bir) ədəd təklülə ov tüfəngi, 02 (iki) ədəd konserv qutularında barıt kütləsi, 49 (qırx doqquz) ədəd boş və 1 (bir) ədəd dolu 16 kalibrli patronları ilə birlikdə Balakən RPŞ-nə dəvət edilərək gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq və işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ondan götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd təklüləli ov silahı, 2 ədəd konserv qutularında barıt kütləsi, 49 ədəd boş və 1 ədəd dolu 16 kalibrli patronlar dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat məbləğdə inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan götürülmüş, Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd təklüləli ov silahı, 2 ədəd konserv qutularında barıt kütləsi, 49 ədəd boş və 1 ədəd dolu 16 kalibrli patronlar dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar