Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-75/2022 24.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X14, zərərçəkmiş şəxslər X6, X15, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X13 iştirakı ilə, xx.xx.1989-cu ildə Balakən rayonu Şambul kəndində anadan olmuş, təhsili olmayan, evli, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 10.01.2022-ci il tarixdə saat 12.00 radələrində Balakən rayonu Talalar kəndində aralarında yaranmış mübahisə zamanı qonşusu X16 çiyninə bir dəfə yumruqla vuraraq ona qəsdən fiziki ağrı yetirmiş, həmçinin 30.01.2022-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Talalar kəndində aralarında yaranmış mübahisə zamanı qonşusu X26 döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Elnur Göylərov tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 24.02.2022-ci il tarixli, MN ******* və 24.02.2022-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokollar tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 43.3cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Talalar kəndində arvadı X4, atası X7, anası X17 və iki az yaşlı övladları ilə birlikdə yaşayır. X54 qonşularından polis şöbəsinə şikayət etmiş, həmin şikayət əsasında qonşusu Surxay polis şöbəsinə gedərək, həqiqətə uyğun olmayan izahat vermişdir. 10.01.2022- ci il tarixdə qonşusu Surxayı yaşadığı küçədə görüb ona yaxınlaşaraq nəyə görə arvadı barədə sözsöhbət çıxarmasını soruşmuş, cavabında Surxay ona onun arvadı haqqında heç bir söz danışmamasını demiş, bu zaman Surxaya əgər nəsə demişdirsə, düzünü deməsini söyləmiş, Surxay da ona “get nə istəyirsən elə” deyərək, onun üstünə qışqırmışdır. Surxay onun üstünə qışqırdığından arvadı barədə danışdığı üçün ondan şikayət edəcəyini deyərək oradan çıxıb getmişdir. Surxay Namazov ilə onun arasında mübahisə yarananda orada qonşusu Könül Məmmədova olmuş, mübahisə zamanı Surxay Namazova yumruq atmamış və o, Könül Məmmədovanı ümumiyyətlə vurmamışdır. Surxay Namazov ilə aralarında mübahisə yarandığından Surxay ondan təxminən 3-4 metr aralıda olmuş, Surxay ilə o, ancaq uzaqdan söz mübahisəsi etmişlər. Mübahisə zamanı nə Surxay Namazov, nə də ki, Könül Məmmədova ona vurmamışdır. 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçəyə bulağa baxmağa çıxmışdır. O, bulağa baxıb evə qayıdarkən yolda qonşuları Mahir və Surxayı görmüş, onları gördükdə onlar ona “niyə bulaqdan iki xətt su çəkmisən” dediklərindən, onlara evinə su gələn xətt quruduğu üçün yeni xətt çəkdiyini demişdir. Surxay ona vurmaq istəyəndə o, geri çəkilmiş, sonra Surxay və Mahir hər ikisi onun üzərinə gəlmiş, Mahir onun qolundan əlində olan ağac ilə vurmuş, sonra onların yanına birinci arvadı Əfsanə, sonra isə atası Allahyar gəlmişdir. Surxay və Mahir yanlarına gələn atası Allahyarı da ağacla vurmuş, sonra Mahir qışqıraraq arvadı Kəmaləni çağırmışdır. Kəmalə onların yanına gəlmiş, sonra o, atası Allahyar və arvadı Əfsanə evə getmişlər. Onlar evə qayıdarkən Mahir və Surxay onları nalayiq ifadələrlə təhqir etmişlər. Onlar evə gəldikdən sonra arvadı Əfsanə 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Mübahisə zamanı onu Mahir və Surxay vurmuş, başqa heç kim onu vurmamışdır. Mübahisə zamanı Mahir ilə Surxay onun atası Allahyarı döymüşlər. Mahir və Surxay onu döysələr də, onları vurmamışdır. Mübahisə zamanı onun əlində su xəttini düzəltməsi üçün götürdüyü kəlbətin olmuş, əlində başqa heç nə olmamışdır. Mübahisə zamanı o, Mahirə bıçaqla xəsarət yetirməmişdir, Mahirin dedikləri həqiqətə uyğun deyildir. Mahir yalan danışır. Mübahisə zamanı orada o, arvadı Əfsanə, atası Allahyar, qonşuları Mahir, Mahirin arvadı Kəmalə, qonşusu Surxay olmuş, onlardan başqa heç kim olmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş, mübahisə 4-5 dəqiqə davam etmişdir. O, sol qolundan xəsarət almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X32 izahatında göstərdi ki, Balakən rayonu Talalar kəndində övladları X39 və X40 ilə birlikdə yaşayır. 10.01.2022-ci il tarixdə qonşuları Şəxs və Surxay Namazov kəndlərində küçədə mübahisə etdiklərindən onların yanında olmuş, mübahisə zamanı Şəxs Surxay Namazovun üzərinə getdiyi zaman Surxay Orxana “indi işim var, sonra gələcəm söhbət edərik” dediyindən Orxan Surxaya yumruq vurmaq istədiyində araya girərək onları ayırmış və Orxanı kənara itələmişdir. Sonra Orxan əynində olan gödəkçəsini çıxararaq yenidən Surxayın üzərinə gedərək ona yumruq vurmaq istədiyində onların arasında olduğu üçün Orxanın atdığı yumruq onun çiyninə dəymiş, Orxanın onu yumruqla vurduğundan onu kənara itələmiş və Surxay ilə birlikdə oradan çıxıb getmişdir. Oradan getdikdən sonra Orxanın onu vurması ilə bağlı 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Şəxs və Surxay Namazovun nə üstündə mübahisə etdiyini dəqiq bilməmişdir. Şəxs onu yumruqla vurduğunda onların yanında Surxay Namazov olmuş və Surxay Orxanının onu vurmasını görmüşdür. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X41 izahatında göstərdi ki, 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçəyə çixdiğında evə su gəlmədiyini görmüş, bu zaman qonşusu Surxay ona yaxınlaşmış, Surxaya evə su gəlmədiyini dediyindən Surxay ona qonşusu Orxanın öz evinə iki su xətti çəkdiyi üçün suyun onlara gəlmədiyini bildirmişdir. Həmin vaxt onların yanına qonşusu Orxan gəlmişdir. Orxan onların yanına gəldikdə onlara “siz nə axtarırsız” demiş və ardınca nalayiq ifadələr ilə onları təhqir etmişdir. Həmin vaxt oraya arvadı Kəmalə də gəlmiş, Orxan onları təhqir etdiyindən yanında olan Surxay Orxana “buradan uzaqlaş" demişdir. Sonra Orxan bir əlində olan bıçağı və digər əlində olan kəlbətini ona tərəf uzatmış, əlindəki bıçaq onun sifətini kəsmiş, bu zaman o, Orxanı özündən kənara itələmişdir. Sonra onların yanına Orxanın arvadı Əfsanə gəlmiş və onları təhqir etmiş, daş ataraq ona vurmuşdur. Mübahisə zamanı onların səs-küyünə Orxanın atası Allahyar əlində balta ilə gəlmiş, Allahyar baltanın tutacaq yeri ilə Surxayın belindən vurmuşdur. Sonra onun arvadı Kəmalə 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermiş, daha sonra isə olduqları yerə polis əməkdaşları gəlmişlər. Mübahisə zamanı ona qonşusu Orxan bıçaqla sifətinə, Orxanınarvadı Əfsanə isə daş vuraraq xəsarət yetirmişdir. Həmin zaman orada o, onun arvadı Kəmalə, qonşusu Orxan, Orxanın atası Allahyar, Orxanın arvadı Əfsanə, qonşuları Surxay və Surxayın arvadı Könül olmuş, başqa heç kim olmamışdır. Mübahisə zamanı qonşuları Orxan və Əfsanə onu döymüş, başqa heç kim heç kimə vurmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş və mübahisə təxminən 25-30 dəqiqə davam etmişdir. Qonşuları Orxan və Əfsanə onu döydüklərində onlara vurmamış, mübahisə zamanı qonşuları Surxay və Könül heç kimi vurmamış, əksinə Orxan Surxaya vurmuşdur. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X42, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 izahatında göstərdi ki, 30.01.2022ci il tarixdə saat 17 radələrində yaşadığı evdə evdə olduğunda küçədən səslər gəldiyini eşitmiş, sonra o, yola çıxmışdır. Yola çıxdığında qonşusu Şəxs ilə əri Mahir Osmanovun dalaşdıqlarını görmüşdür. Onlar dalaşarkən onların yanında olan Orxanın atası Allahyar və Orxanın arvadı Əfsanə də Mahirə əl-qol atmış, bu zaman o, Orxan ilə Mahiri ayırmaq üçün onların arasına girmiş, onları ayırarkən Mahiri və Orxanı kənara itələyərək ayırmış, onları ayırdıqda Orxanın atası Allahyarın əlində külüng olmuşdur. Sonra o, qışqıraraq onlara “polisə şikayət edəcəyəm" deyərək 102 xidmətinə zəng vuraraq, olanlar barədə məlumat vermişdir. Mübahisə zamanı ona heç kim vurmamış və xəsarət yetirməmişdir. Əri Mahir ilə qonşusu Orxan dalaşdıqları zaman orada o, əri Mahir, qonşusu Orxan, Orxanın atası Allahyar, Orxanın arvadı Əfsanə, qonşuları Surxay və Surxayın arvadı Könül olmuşdur. Baş vermiş mübahisə zamanı qonşuları Orxan, Allahyar və Əfsanə onun əri Mahiri döymüş, Orxan, Allahyar və Əfsanə onun əri Mahiri döydüklərindən Əfsanə daş ataraq Mahiri vurmuşdur. Orxan əlində olan bıçaq ilə Mahirin üzünü kəsmişdir. Mübahisə yaşadıdıqları küçədə baş vermis və mübahisə o, yola çıxdıqdan sonra təxminən 5 dəqiqə davam etmişdir. Orxan, Allahyar və Əfsanə Mahiri döysələr də, nə o, nə də ki, Mahir onlara vurmamış, o, yola çıxdığından mübahisə zamanı orada olan digər qonşuları Surxay və onun arvadı Könül heç nə etməmiş, onlar kənarda durmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X43 izahatında göstərmişdir ki, Balakən rayonu Talalar kəndində arvadı X2, qızı X18 və iki az yaşlı nəvələri ilə birlikdə yaşayır. 10.01.2022-ci il tarixdə qonşusu X32 ilə küçə ilə gəldikləri zaman digər qonşusu Şəxs ilə qarşılaşmış, Şəxs ona “sən niyə mənim qardaşımdan şikayət etmisən dediyindən, ona “mən şikayət etməmişəm, əksinə sənin qardaşın məndən şikayət edib” demiş, sonra Şəxs onunla mübahisə etməyə başlamış və ona “mən bu söhbəti belə qoymayacam, bu söhbətin sonuna qədər gedəcəm” demişdir. Bu zaman ona “işim var getməliyəm, istəsən sonra söhbət edərik” dediyindən Orxan əynində olan gödəkçəsini çıxararaq onun üzərinə gəlmiş, Orxan onun üzərinə gəldiyindən yanında olan qonşusu Könül Məmmədova araya girərək, Orxanın onun üzərinə gəlməsinə imkan verməmiş, sonra Şəxs onu vurması üçün yumruq atdığında onun yumruğu Könül Məmmədovanın çiyninə dəymişdir. X51 yumruğunun təsirindən yerə yıxılmış, sonra ayağa qalxmış və Könül ilə birlikdə oradan çıxıb getmişlər. Orxan isə öz-özünə danışa- danışa oradan başqa istiqamətə çıxıb getmişdir Şəxs ilə aralarında əvvəllər heç bir mübahisə olmamışdır. Mübahisə zamanı Şəxs ona yumruq atmış, lakin onun atdığı yumruq yanlarında olan Könül Məmmədovaya dəymişdir. Mübahisə zamanı nə o, Şəxs, nə də ki, Orxanın Həsənov ona vurmamışdır. Həmin vaxt Könül Orxanı vurmamış, Şəxs Könül Məmmədovaya yumruq vurduğundan orada o, özü olmuş və bunu görmüşdür. 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçədə olduğu zaman qonşusu Mahir ona onlara su gəlmədiyini dediyindən, Mahirə “gedək bulağa baxaq” demişdir. Mahir ilə bulağa baxanda qonşusu Orxan ona və Mahirə qışqıraraq nalayiq sözlər işlədərək “nə qurdalanırsınız” demişdir. Həmin zaman o, Orxana “get bizim işimizə qarışma” demiş, Orxan onların yanına bir əlində kəlbətin, digər əlində isə bıçaqla gəlmişdir. Orxan onun üzərinə gəlmiş, bu zaman Mahir araya girərək Orxana “buradan çıx get” demişdir. Orxan əlində olan bıçaq ilə Mahirin sifətinə xəsarət yetirmiş, daha sonra Orxan yerdən daş götürərək Mahirin başından vurmuşdur. Oraya Orxanın atası Allahyar gələrək Mahirin üzərinə getdiyindən o, araya girərək Allahyarı uzaqlaşdırmışdır. Bu zaman Allahyar əlində olan baltanın tutacağından onun belinə vurmuş, nəticədə o, yerə yıxılmışdır. Daha sonra yanlarında olan Mahirin arvadı Kəmalə 102 xidmətinə zəng vururaq şikayət etmiş və sonra onların olduqları yerə polis əməkdaşları gəlmiş, mübahisə zamanı ona Allahyar baltanın tutacaq hissəsi ilə bel nahiyyəsindən vurmuşdur. Ona başqa heç kim vurmamış, mübahisə zamanı orada o, Könül, Mahir, Kəmalə, Orxan, Allahyar və Əfsanə olmuş, başqa heç kim olmamış, mübahisə zamanı Orxan əlində olan bıçaqla Mahirin sifətindən xəsarət yetirmiş, Allahyar isə onun beilndən baltanın tutacaq hissəsi ilə vurmuşdur. Başqa orada olan şəxslərdən heç kim bir-birinə vurmamış, Orxan Mahirə xəsarət yetirdiyindən Mahir Orxana vurmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş, mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, Allahyar onu vurduğundan yerə yıxılmış, o, Allahyara vurmamışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 12.01.2022-ci il tarixli, 06 nömrəli rəyində göstərilmişdir ki, X8 müəyyən edilmiş xəsarət-sol çiyin oynağında əllədikdə ağrılıq, sağ bud çanaq oynağı nahiyəsində arxa səthində qançır--bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, 10.01.2022-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 02.02.2022-ci il tarixli, 24 nömrəli rəyində göstərilmişdir ki, X19 müəyyən edilmiş xəsarətlər-sağ göz altında, sifətinin sağ qulaq ətrafı sahəsində sıyrıqlar,sol ənsədə şişkinlik-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 30.01.2022-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Mahir Osmanovda bıçağın ağzı-iti ucu ilə yetirilməyə uyğun xəsarət olmadı. İşdə olan məhkəmə-tibbi ekspertizasının 31.01.2022-ci il tarixli, 26 nömrəli rəyində göstərilmişdir ki, Şəxs müəyyən edilmiş xəsarət-sol budun orta 1/3-də bayır səthdə sıyrıq-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, 30.01.2022-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis baş leytenantı X33 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14.01.2022-ci il tarixli qərarından görünür ki, X6 şikayəti əsasında toplanmış HK-1-11 saylı material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs Ailahyar oğlunun barəsində Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün İTB-nə göndərilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Balakən rayonu Talalar kənd sakini X20 göndərilməsi qərara alınmışdır. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis baş leytenantı X33 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09.02.2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1-78,79,80,81 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hisəsində göstərilənlərə əsasən Balakən rayon Talalar kənd sakinləri Şəxs Ailahyar oğlu, X4, X41, X9 və X21 barəsində Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surətinin İTB-nə göndərilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən Rayon Prokuroruna, Balakən rayonu Talalar kənd sakinləri X10, X28, X1, Şəxs Ailahyar oğluna, X3, X5 və X29 göndərilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilir ki, 30.01.2022-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Talalar kənd sakinləri X41, X27 və X43 ilə Şəxs, X11 və X4 aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şəxs Mahir Təhməzovun sifətinə bıçaqla vuraraq xəsarət yetirməsi toplanmış izahatlarda, ekspert rəyində və Balakən RPŞ-nin CAB-dan daxil olmuş raportda öz təsdiqini tapmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AZ-İV seriyalı 347095 nömrəli və AZ- İV seriyalı 561295 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X34 22.08.2019-cu ildə, X47 04.02.2021-ci il tarixdə anadan olmuş, ataları Şəxs, anası X4 yazılmışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək, həmin izahatda Könül Məmmədovanı və Mahir Osmanovu vurmaması və onlara fiziki ağrı yetirməməsi barədə bildirdiklərini işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirir və işin faktoloji halı kimi qəbul etmir. Belə ki, iş materialları, o cümlədən zərərçəkmiş şəxslər X6 və X15 izahatları, Balakən RPŞ-nin TQnin təhqiqatçısı, polis baş leytenantı X33 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14.01.2022-ci il və 09.02.2022-ci il tarixli qərarları, şahidlərin izahatları və məhkəmə-tibbi ekspertizasının 12.01.2022-ci il tarixli, 06 nömrəli və 02.02.2022-ci il tarixli, 24 nömrəli rəyləri ilə Şəxs 10.01.2022-ci il tarixdə, saat 12.00-da Balakən rayonu Talalar kəndində X22 yumruqla çiynindən vuraraq və 30.01.2022-ci il tarixdə, saat 17.00-da Balakən rayonu Talalar kəndində X26 döyərək onlara qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində iki azyaşlı uşağının olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Qeyd etmək lazımdır ki, inzibati xətalar haqqında qanunvericilikdə eyni və müxtəlif vaxtlarda törədilən inzibati xətalara eyni orqan tərəfindən bıxıldıqda daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddində inzibati tənbehin verilməsi nəzərdə tutulsa da, eyni və müxtəlif vaxtlarda eyni orqan tərəfindən baxılan İXM-nin bir maddəsi ilə nəzərdə tutulmuş xətalara görə (hazırki halda İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətalar) təyin olunmuş tənbeh növlərinin qismən və ya tamamilə toplanılmaqla qəti inzibati tənbehin verilməsi qaydası müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respeublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 66.2-ci maddəsi Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara görə qəti tənbehin verilməsi üçün qanunun analogiyası üzrə tətbiq oluna bilər. Belə ki, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla qanunun və hüququn analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası İXMdə şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi İXM-nin eyni bir maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara eyni orqan tərəfindən baxıldıqda qəti inzibati tənbehin verilməsi qaydası nəzərdə tutulmasa da, bu xüsusda hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edib, sonda qəti tənbehin verilməsi məsələsi şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi qanunun analogiyası üzrə tətbiq oluna bilər. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların, o cümlədən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X24 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X12rşı işlər). Məhkəmə nəzərə çatdırır ki, əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X48rşı işdə (32- 34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd). Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X35rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi bildirdi ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X12rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X23rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Azərbaycan Respublikasıının daxili qanunvericiliyində inzibati xətalar və cinayət əməlləri ayrıca hüquq sahələri kimi təsnifləşdirildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 1-ci Engel meyarı hazırki işdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə ikinci və üçüncü Engel meyarlarını tətbiq etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, ikinci Engel meyarı, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktını və ona görə də onun ağırlıq dərəcəsinin yüksək olmasını göstərir. Üçüncü Engel meyarı isə hüquq pozuntusunun xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin oluna bilən və ya təyin olunmuş sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza olmasıdır. Şəxs barəsində icraatı başlanmış Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzədə tutulmuş inzibati xətalar milli qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmasa da, 2-ci və 3-cü Engel meyarlarına görə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndinin mənası baxımından cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onların ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, həmin maddələrin sanksiyasında fiziki şəxslər üçün cərimə və inzibati həbs nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs törədilməsi 10 yanvar 2022-ci il tarixə saat 12-yə istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə və törədilməsi 30 yanvar 2022-ci il tarixə saat 17 radələrinə istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə ayrıca inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İXM-nin 34.1 və 34.4-cü maddələri və qanunun analogiyası üzrə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə həmin tənbeh növləri qismən toplanmaqla qəti tənbeh tətbiq olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsi və himayəsində iki azyaşlı uşağının olması kimi məsuliyyətini yüngülləşdirilən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs törədilməsi 10 yanvar 2022-ci il tarixə saat 12-yə istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimə növündə və törədilməsi 30 yanvar 2022-ci il tarixə saat 17 radələrinə istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İXM-nin 34.1 və 34.4-cü maddələri və qanunun analogiyası üzrə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə həmin cərimə tənbeh növləri qismən toplanmaqla ona cərimə növündə qəti tənbeh tətbiq olunmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X37 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X25 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X38 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs törədilməsi 10 yanvar 2022-ci il tarixə saat 12-yə istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs törədilməsi 30 yanvar 2022-ci il tarixə saat 17 radələrinə istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat məbləğində inzibati qaydada cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1 və 34.4-cü maddələri və qanunun analogiyası üzrə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə təyin olunan bu cərimə tənbehləri qismən toplanılsın və Şəxs qəti olaraq 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X25 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X38 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-75/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-75/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver