Məhkəmə qərarları › İş №3(019)-79/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-79/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-79/2022 24.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X15, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X16 iştirakı ilə, xx.xx.1967-ci ildə Ermənistan Respublikası Amasya rayonunda anadan olmuş, natamam orta təhsilli,evli, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 30.01.2022-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Talalar kəndində aralarında yaranmış mübahisə zamanı qonşusu X4 bir dəfə yumruqla sifətinə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Elnur Göylərov tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 24.02.2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən rayonu Talalar kəndində arvadı X5, qızı X17 və iki az yaşlı nəvələri ilə birlikdə yaşayır. 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçədə olduğu zaman qonşusu Mahir ona onlara su gəlmədiyini dediyindən, Mahirə “gedək bulağa baxaq” demişdir. O, Mahir ilə bulağa baxdıqda qonşusu Orxan ona və Mahirə qışqıraraq, onların ünvanına nalayiq sözlər işlədərək, “nə qurdalanırsınız” demişdir. Həmin zaman o, Orxana “get bizim işimizə qarışma” demiş, Orxan onların yanına bir əlində kəlbətin, digər əlində isə bıçaqla gəlmişdir. Orxan onun üzərinə gəlmiş, bu zaman Mahir araya girərək, Orxana “buradan çıx get” demişdir. Orxan əlində olan bıçaq ilə Mahirin sifətinə xəsarət yetirmiş, daha sonra Orxan yerdən daş götürərək, Mahirin başından vurmuşdur. Oraya Orxanın atası Allahyar gələrək, Mahirin üzərinə getmiş, o, araya girərək Allahyarı uzaqlaşdırmışdır. Bu zaman Allahyar əlində olan baltanın tutacağından onun belinə vurduğu üçün yerə yıxılmışdır. Daha sonra yanlarında olan Mahirin arvadı Kəmalə 102 xidmətinə zəng vururaq şikayət etmiş və sonra onların olduqları yerə polis əməkdaşları gəlmişlər. Mübahisə zamanı ona Allahyar baltanın tutacaq hissəsi ilə bel nahiyyəsindən vurmuşdur. Ona başqa heç kim vurmamış, mübahisə zamanı orada o, Könül, Mahir, Kəmalə, Orxan, Allahyar və Əfsanə olmuş, başqa heç kim olmamış, mübahisə zamanı Orxan əlində olan bıçaqla Mahirin sifətindən xəsarət yetirmiş, Allahyar isə onun beilndən baltanın tutacaq hissəsi ilə vurmuş, başqa orada olan şəxslərdən heç kim bir-birinə vurmamışdır. Orxan Mahirə xəsarət yetirmiş, ancaq Mahir Orxana vurmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş, mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Allahyar onu vurduğundan yerə yıxılmış, o isə Allahyara vurmamışdır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahatında göstərdi ki, 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçəyə çıxan zaman qonşuları Mahir və Surxayın onun oğlu Orxanı döydüklərini görmüşdür. O, Orxanın arvadı Əfsanənin də orada olduğunu, Əfsanənin onları ayırdığını görmış, onlara yaxınlaşaraq aralamaq istəyəndə Mahir və Surxay onu yumruqla vurmuşdur. Sonra Mahir və Surxay qışqıraraq, onların arvadları Kəmalə və Könülü onların yanlarına çağırmış, sonra Könül və Kəmalə də onların olduqları yerə gələrək, onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişlər. O, oğlu Orxanı və gəlini Əfsanəni evə gətirmiş, onlar evə gəldiklərindən Kəmalə onların arxaları ilə gələrək yenə nalayiq ifadələrlə onları təhqir etmişdir. Onlar evə gəldikdən sonra gəlini Əfsanə 102 xidmətinə zəng vuraraq şikayət etmiş və daha sonra polis əməkdaşları gəlmişlər. Mübahisə zamanı ona Mahir və Surxay vurmuş, başqa heç kim ona vurmamışdır. Mahir ilə Surxay oğlu Orxanı döymüş, Mahir və Surxay onu döysələr də, onları vurmamışdır Mahirin əlində ağac olmuş, başqa heç kimin əlində heç nə olmamışdır. Mübahisə zamanı Orxan Mahirə bıçaqla xəsarət yetirməmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X28, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 izahatında göstərdi ki, 30.01.2022ci il tarixdə saat 17 radələrində yaşadığı küçəyə çixdiğından evə su gəlmədiyini görmüş, bu zaman qonşusu Surxay ona yaxınlaşmışdır. Surxaya evə su gəlmədiyini demiş, Surxay ona qonşusu Orxanın öz evinə iki su xətti çəkdiyi üçün suyun onlara gəlmədiyini bildirmişdir. Həmin vaxt onların yanına qonşusu Orxan gəlmişdir. Orxan onların yanına gələrək, onlara “siz nə axtarırsız” demiş və ardınca nalayiq ifadələr ilə onları təhqir etmişdir. Həmin vaxt oraya arvadı Kəmalə də gəlmiş, Orxan onları təhqir etdiyindən yanında olan Surxay Orxana “buradan uzaqlaş" demişdir. Sonra Orxan bir əlində olan bıçağı və digər əlində olan kəlbətini ona tərəf uzatmış, əlindəki bıçaq onun sifətini kəsmişdir. Bu zaman o, Orxanı özündən kənara itələmişdir. Sonra onların yanına Orxanın arvadı Əfsanə gəlmiş və onları təhqir etmiş, daş ataraq onu başından vurmuşdur. Mübahisə zamanı onların səs-küyünə Orxanın atası Allahyar əlində balta ilə gəlmiş, Allahyar baltanın tutacaq yeri ilə Surxayın belindən vurmuşdur. Sonra onun arvadı Kəmalə 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermiş, daha sonra isə olduqları yerə polis əməkdaşları gəlmişlər. Mübahisə zamanı ona qonşusu Orxan bıçaqla sifətinə, Orxanın arvadı Əfsanə isə başına daş vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada o, onun arvadı Kəmalə, qonşusu Orxan, Orxanın atası Allahyar, Orxanın arvadı Əfsanə, qonşuları Surxay və Surxayın arvadı Könül olmuş, başqa heç kim olmamışdır. Mübahisə zamanı qonşuları Orxan və Əfsanə onu döymüş, başqa heç kim heç kimə vurmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş və mübahisə təxminən 25-30 dəqiqə davam etmişdir. Qonşuları Orxan və Əfsanə onu döysələr də, o, onları vurmamışdır. Mübahisə zamanı qonşuları Surxay və Könül heç kimi vurmamış, əksinə Orxan Surxayı vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərdi ki, 30.01.2022ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən küçədən səslər gəldiyini eşitmiş, sonra yola çıxmışdır. Yola çıxanda qonşusu Orxan Həsənov ilə əri Mahir Osmanovun dalaşdıqlarını görmüşdür. Onlar dalaşarkən onların yanında olan Orxanın atası Allahyar və Orxanın arvadı Əfsanə də Mahirə əl-qol atmış, bu zaman o, Orxan ilə Mahiri ayırmaq üçün onların arasına girmişdir. O, Mahiri və Orxanı kənara itələyərək ayırmış, onları ayırdıqda Orxanın atası Allahyarın əlində külüng olmuşdur. Sonra o, qışqıraraq onlara “polisə şikayət edəcəyəm" deyərək, 102 xidmətinə zəng vuraraq, olanlar barədə məlumat vermişdir. Mübahisə zamanı onu heç kim vurmamış və xəsarət yetirməmişdir. Əri Mahir ilə qonşusu Orxan dalaşdıqları zaman orada o, əri Mahir, qonşusu Orxan, Orxanın atası Allahyar, Orxanın arvadı Əfsanə, qonşuları Surxay və Surxayın arvadı Könül olmuşdur. Baş vermiş mübahisə zamanı qonşuları Orxan, Allahyar və Əfsanə onun əri Mahiri döymüş, bu zaman Əfsanə daş ataraq Mahirin başına vurmuşdur. Orxan əlində olan bıçaq ilə Mahirin üzünü kəsmişdir. Mübahisə yaşadıdıqları küçədə baş vermis və mübahisə o, yola çıxdıqdan sonra təxminən 5 dəqiqə davam etmişdir. Orxan, Allahyar və Əfsanə Mahiri döysələr də, nə o, nə də ki, Mahir onları vurmamışdır. Mübahisə zamanı orada olan digər qonşuları Surxay və onun arvadı Könül heç nə etməmiş, onlar kənarda durmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərmişdir ki, o, Balakən rayonu Talalar kəndində arvadı X7, atası X10, anası X18 və iki az yaşlı övladları ilə birlikdə yaşayır. X40 qonşularından polis şöbəsinə şikayət etmiş, həmin şikayət əsasında qonşusu Surxay polis şöbəsinə gedərək, həqiqətə uyğun olmayan izahat vermişdir. 10.01.2022- ci il tarixdə qonşusu Surxayı yaşadığı küçədə görüb ona yaxınlaşaraq nəyə görə arvadı barədə söz-söhbət çıxarmasını soruşmuş, cavabında Surxay ona onun arvadı haqqında heç bir söz danışmamasını demiş, bu zaman Surxaya əgər nəsə demişdirsə, düzünü deməsini söyləmiş, Surxay da ona “get nə istəyirsən elə” deyərək, onun üstünə qışqırmışdır. Surxay onun üstünə qışqırdığından arvadı barədə danışdığı üçün ondan şikayət edəcəyini deyərək oradan çıxıb getmişdir. Şəxs ilə onun arasında mübahisə yarananda orada qonşusu Könül Məmmədova olmuş, mübahisə zamanı Şəxs yumruq atmamış və o, Könül Məmmədovanı ümumiyyətlə vurmamışdır. Şəxs ilə aralarında mübahisə yarandığından Surxay ondan təxminən 3-4 metr aralıda olmuş, Surxay ilə o, ancaq uzaqdan söz mübahisəsi etmişlər. Mübahisə zamanı nə Şəxs, nə də ki, Könül Məmmədova ona vurmamışdır. 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçəyə bulağa baxmağa çıxmışdır. O, bulağa baxıb evə qayıdarkən yolda qonşuları Mahir və Surxayı görmüş, onları gördükdə onlar ona “niyə bulaqdan iki xətt su çəkmisən” dediklərindən, onlara evinə su gələn xətt quruduğu üçün yeni xətt çəkdiyini demişdir. Surxay ona vurmaq istəyəndə o, geri çəkilmiş, sonra Surxay və Mahir hər ikisi onun üzərinə gəlmiş, Mahir onun qolundan əlində olan ağac ilə vurmuş, sonra onların yanına birinci arvadı Əfsanə, sonra isə atası Allahyar gəlmişdir. Surxay və Mahir yanlarına gələn atası Allahyarı da ağacla vurmuş, sonra Mahir qışqıraraq arvadı Kəmaləni çağırmışdır. Kəmalə onların yanına gəlmiş, sonra o, atası Allahyar və arvadı Əfsanə evə getmişlər. Onlar evə qayıdarkən Mahir və Surxay onları nalayiq ifadələrlə təhqir etmişlər. Onlar evə gəldikdən sonra arvadı Əfsanə 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Mübahisə zamanı onu Mahir və Surxay vurmuş, başqa heç kim onu vurmamışdır. Mübahisə zamanı Mahir ilə Surxay onun atası Allahyarı döymüşlər. Mahir və Surxay onu döysələr də, onları vurmamışdır. Mübahisə zamanı onun əlində su xəttini düzəltməsi üçün götürdüyü kəlbətin olmuş, əlində başqa heç nə olmamışdır. Mübahisə zamanı o, Mahirə bıçaqla xəsarət yetirməmişdir, Mahirin dedikləri həqiqətə uyğun deyildir. Mahir yalan danışır. Mübahisə zamanı orada o, arvadı Əfsanə, atası Allahyar, qonşuları Mahir, Mahirin arvadı Kəmalə, qonşusu Surxay olmuş, onlardan başqa heç kim olmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş, mübahisə 4-5 dəqiqə davam etmişdir. O, sol qolundan xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, 30.01.2022-ci il tarixdə saat 17 radələrində evdə olduğu zaman yaşadığı küçədən səslərin gəldiyini eşitmiş, küçəyə çıxdığında qonşusu Mahirin əri Orxanın yaxasından tutaraq onu ağacla vurduğunu görmüşdür. Sonra onun arxası ilə qaynatası Allahyar da küçəyə gəlmişdir. Allahyar küçəyə gəldikdə Mahirin yanında olan digər qonşusu Surxay Allahyarı tutduğundan Mahir əlində olan ağac ilə Allahyarın başından bir neçə dəfə vurmuşdur. Mahir qışqıraraq arvadı Kəmaləni küçəyə çağırmış, sonra Orxan yaşadığı evə getmiş və Kəmalə Orxanı nalayiq ifadələrlə təhqir etmişdir. Qaynatası Allahyar da evə getdiyindən Kəmalə Allahyarın başından yumruqla vurmuş və Allahyarın həmin an papağı yerə düşmüşdür. Sonra evə gedəndə Mahir onun ünvanına nalayiq sözlər işlədərək, onu təhqir etmişdir. O, 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Mübahisə zamanı onu heç kim vurmamış və xəsarət yetirməmişdir. Mübahisə zamanı birinci Mahir əlində olan ağac ilə Orxana vurmuş, daha sonra Surxay Mahirin əlində olan ağacı götürərək Orxana vurmuş, Surxay da Allahyarın başından həmin ağacla vurmuşdur. Başqa heç kim heç kimi vurmamışdır. Mübahisə zamanı orada o, qaynatası Allahyar, əri Orxan, qonşuları Mahir, Mahirin arvadı Kəmalə, Surxay və Surxayın arvadı Könül olmuş, başqa heç kim olmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş, mübahisə təxminən 56 dəqiqə davam etmişdir. O, mübahisəyə qarışmamış və heç kimi vurmamışdır. Mübahisə zamanı əri Orxan qonşusu Mahirə bıçaqla xəsarət yetirməmişdir, Mahirin dedikləri həqiqətə uyğun deyildir. Mahir yalan danışır, mübahisə zamanı əri Orxanın əlində su düzəltməsi üçün götürdüyü kəlbətin olmuş, lakin, Orxanın əlində bıçaq olmamışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 01.02.2022-ci il tarixli, 27 nömrəli rəyində göstərilmişdir ki, X2 müəyyən edilmiş xəsarətlər-sol gicgahda sıyrıq, sol qulağın seyvanında qançır-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 30.01.2022-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis baş leytenantı X25 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09.02.2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1-78,79,80,81 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hisəsində göstərilənlərə əsasən Balakən rayon Talalar kənd sakinləri X21, X7, X29, X12 və Şəxs barəsində Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surətinin İTB-nə göndərilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Balakən rayonu Talalar kənd sakinləri X13, X22, X3, X14, X6, X8 və Şəxs göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsinin 3 saylı Şəki Zaqatala regional filialı tərəfindən 24.02.2022-ci il tarixdə verilmiş **********7 nömrəli arayışdan görünür ki, Şəxs filial tərəfindən heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək, həmin izahatda Allahyar Həsənovu vurmaması və onlara fiziki ağrı yetirməməsi barədə bildirdiklərini işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirir və işin faktoloji halı kimi qəbul etmir. Belə ki, iş materialları, o cümlədən zərərçəkmiş şəxs X1 izahatı, Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X25 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09.02.2022-ci il tarixli qərarları, şahidlərin izahatları və məhkəmə-tibbi ekspertizasının 01.02.2022-ci il tarixli, 27 nömrəli rəyləri ilə Şəxs 30.01.2022-ci il tarixdə, saat 17.00-da Balakən rayonu Talalar kəndində X4 yumruqla vuraraq ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X30 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X23 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X27 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X23 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X27 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar