Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-85/2021 31.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Katex kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Hüşənov X4 Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, 07.05.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 3000 manat pulu, 1200 manat dəyərində bir baş 4 illik inəyi və 15,11 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 30 mart 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, 07.05.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat pul, 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inək və 15,11 manat dövlət rüsumu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şəxs 4200 manat borcundan heç bir ödəniş etməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Şəxs həmin pulu ödəməkdən yayınmışdır. Hazırda da Şəxs maddi imkanı olmadığını bildirərək, pulu ödəmək istəmir. Şəxs qardaşı Qarabağ müharibəsində şəhid olmuşdur. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, 07.05.2020-ci il tarixli icra sənədinə əsasən ondan 3000 (üç min) manat pul, 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inək və 15,11 manat dövlət rüsumu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı olmadığına görə həmin pulu ödəyə bilmir. Özü 2-ci qrup əlildir. Həmçinin şəhid qardaşıdır. Belə ki, onun qardaşı Qarabağ müharibəsində şəhid olmuşdur. Arvadı da dializ xəstəsidir. Arvadının böyrəkləri ağır xəstədir. Hər həftə arvadını Bakı şəhərinə dializə və müalicəyə aparır. Özü xəstəliyi ilə əlaqədar işləyə bilmir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş edir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də hazırki işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, 07.05.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 3000 (üç min) manat pul və 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inək iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, 07.05.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 15,11 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 220/2020 saylı, 07.05.2020-ci il tarixli icra vərəqəsi icraya yönəldilmiş, həmin icra vərəqəsinin icrasıyla bağlı «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Şəxs borcu 4200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X6 Birliyi tərəfindən 28 oktyabr 2015-ci il tarixdə verilmiş ŞA 005620 №-li vəsiqədən görünür ki, X5 şəhid ailəsidir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 3(019)-85/2021 saylı, 15.04.2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində axtarış elan edilmişdir. Həmçinin Balakən Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qərardadı ilə işin icraatı dayandırılmışdır. 31 may 2021-ci il tarixdə Şəxs məhkəmə iclasına gəlmiş və iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respeublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi "Hornşbi Yunanıstana qarşı" iş üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, "Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququ vardır. Bu hüquq işin ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsidir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir. Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda, bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prossesual təminatların dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnun tənzimlənməsi kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır." "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X2 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, "İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışının müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsin icrası şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olduğu, həm də məhkəmə qətnaməsi ilə müəyyən olunan tələb Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından şəxsin mülkiyyət hüququ kateqoriyasına aid olduğu üçün, qətnamənin icra edilməməsi və icrası ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu və mülkiyyət hüququnu pozmuş olacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maddi imkanının olmaması və əmlak vəziyyətinin ağırlığı ilə bağlı qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, həmçinin qətnamənin icra üsülu və qaydasının dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmiş, icra sənədinin tam icra edilməməsinin onun ağır maddi vəziyyəti ilə bağlı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlər onun sözügedən icra sənədini üzrlü səbəb olmadan icra etmədiyini göstərir. Şəxs icra sənədini icra etməkdən və icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini və Qarabağ müharibəsi şəhidinin qardaşı olmasını Şəxs inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, İnzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi və Qarabağ müharibəsi şəhidinin qardaşı olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat miqdarında inzibati qaydada cərimə edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-85/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-85/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver