Məhkəmə qərarları › İş №3(019)-91/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-91/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-91/2024 19.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X9 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Baradova (İbrahimova) Gülnar Eldar qızının iştirakı ilə, xx.xx.1988-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində yaşayan- Baradova (İbrahimova) Gülnar Eldar qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Baradova (İbrahimova) X12 Rayon Məhkəməsinin e-2(019)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 tərəfindən Baradova (İbrahimova) Gülnar Eldar qızı haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 19 fevral 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 göstərdi ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X3 cavabdeh Şəxs ilə birgə nikahlarından olan, 05 avqust 2014-cü ildə anadan olmuş X15 və 06 fevral 2016-cı ildə anadan olmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-a kimi ünsiyyətdə olmalıdır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. X10 həmin icra sənədini üzrsüz səbəbdən icra etməmiş, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X10 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində öüzü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X11 onunla birgə nikahlarından olan, 05 avqust 2014-cü ildə anadan olmuş X15 və 06 fevral 2016-cı ildə anadan olmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00a kimi ünsiyyətdə olmalıdır. O, heç vaxt uşaqların ataları ilə görüşməsinə maneçilik etməmişdir. Uşaqların ataları ilə görüşməsinə icazə verir, sadəcə uşaqlar görüşmək istəmirlər. Barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 göstərdi ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən o, cavabdeh Şəxs ilə birgə nikahlarından olan, 05 avqust 2014-cü ildə anadan olmuş X15 və 06 fevral 2016-cı ildə anadan olmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-a kimi ünsiyyətdə olmalıdır. Qətnamə çıxandan sonra bir dəfə də olsun uşaqlarla görüşə bilməmişdir. Uşaqları öyrədirlər. Uşaqlar ona yaxın gəlmirlər. Dəfələrlə uşaqlarla görüşmək üçün məktəbə getmiş, müəllimə ona mübahisəni öz aralarında həll etmələrini bildirmişdir. Onun uşaqlara heç bir zərər vermək fikri yoxdur. Qəyyumluq komissiyası onunla və uşaqlarla görüşmüş, komissiya da uşaqlara kənar təsir olması barədə rəy vermişdir. Gülnar Baradova barəsində qanuni qərarın qəbul edilməsini tələb edir. İşdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı X3 cavabdeh Şəxs ilə birgə nikahlarından olan, 05 avqust 2014-cü ildə anadan olmuş X15 və 06 fevral 2016-cı ildə anadan olmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-a kimi ünsiyyətdə olmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin e- 2(019)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu X6 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Balakən RİHB-nın müavini, Qəyyumluq və Himayə Komissiyasının sədri X4 rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 06 oktyabr 2023cü il tarixli məktubundan görünür ki, X11 və borclu Şəxs Balakən Rayon İcra Hakimiyyətinin yanında Qəyyyumluq və Himayə Komissiyasına dəvət olunmuş və onların hər ikisi ilə ayrılıqda söhbət aparılmışdır. Həmçinin uşaqlarla fərdi şəkildə söhbətlər aparılaraq onların fikirləri dinlənilmişdir. Müəyyən olunmuşdur ki, Şəxs övladları X15 və X2 yanında ataları haqqında onların yaşlarına uyğun olmayan fikirlər söyləyir və onların Söhrab Baradovla ünsiyyətdə olmaları üçün heç bir səy göstərmir. Eyni zamanda yetkinlik yaşına çatmayan S.Baradovun və S.Baradovanın təhsil aldığı məktəbin psixoloqu öz rəyində uşaqların ataları ilə ünsiyyətdə olmaq və görüşmək istəmədiklərini bildirmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X15 və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 olmaqla Baradova (İbrahimova) Gülnar Eldar qızının himayəsində iki azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respeublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi "Hornşbi Yunanıstana qarşı" iş üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, "Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququ vardır. Bu hüquq işin ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsidir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir. Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda, bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prossesual təminatların dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnun tənzimlənməsi kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır." "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X7 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, "İnsan Hüquqlarının və X7 X1 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışının müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsin icrası şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olduğu, həm də məhkəmə qətnaməsi ilə müəyyən olunan tələb Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından şəxsin mülkiyyət hüququ kateqoriyasına aid olduğu üçün, qətnamənin icra edilməməsi və icrası ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu və mülkiyyət hüququnu pozmuş olacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Baradova (İbrahimova) Gülnar Eldar qızı tərəfindən Balakən Rayon Məhkəməsinin e-2(019)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halınının olmamasını, icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşdəki mötəbər sübutlarla, o cümlədən Balakən RİHB-nın müavini, Qəyyumluq və Himayə Komissiyasının sədri X4 rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 06 oktyabr 2023cü il tarixli məktubu ilə də Baradova (İbrahimova) Gülnar Eldar qızı tərəfindən Balakən Rayon Məhkəməsinin e-2(019)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi təsdiq olunur. Göstərilənlər Baradova (İbrahimova) Gülnar Eldar qızının sözügedən icra sənədini üzrlü səbəb olmadan icra etmədiyini göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Baradova (İbrahimova) Gülnar Eldar qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Baradova (İbrahimova) Gülnar Eldar qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsində inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətanı himayəsində iki azyaşlı uşağı olan qadın kimi törətməsini və ilk dəfə inzibati xəta törətməsini Baradova (İbrahimova) Gülnar Eldar qızının inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Baradova (İbrahimova) Gülnar Eldar qızının Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xətanı himayəsində iki azyaşlı uşağı olan qadın kimi törətməsi və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Baradova (İbrahimova) Gülnar Eldar qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X17 hazırki inzibati xəta haqqında iş üzrə Baradova (İbrahimova) Gülnar Eldar qızının hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Baradova (İbrahimova) Gülnar Eldar qızına göstərilən hüquqi yardımla bağlı müdafiəçi X16 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114,115-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Baradova (İbrahimova) Gülnar Eldar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Baradova (İbrahimova) Gülnar Eldar qızına göstərilən hüquqi yardımla bağlı müdafiəçi X16 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar