Məhkəmə qərarları › İş №3(019)-92/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-92/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-92/2022 09.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə hüquqi ünvanı Balakən rayonu, Hənifə kəndi olan Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 59956.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 23.01.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq, 16991.98 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən Şəxs MMC barəsində 22.02.2022-ci il tarixli EP0030652 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsilə düzgün tösif edilmişdir. Belə ki, iş materiallarında olan 23 yanvar 2020-ci il tarixli köçürmə sifarişindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə 59956.00 ABŞ dolları vəsait xaricə köçürülmüşdür. İş materiallarında, həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 06517 saylı, 17.01.2022-ci il tarixli məktubunda və ona əlavə edilmiş sənədlərdə Şəxs MMC tərəfindən 59956.00 ABŞ dolları məbləğində vəsaitin xaricə köçürüldüyü, lakin qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində 16991.98 ABŞ dolları məbləğində malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim olunmadığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin arayışından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ0812 Balakən rayonu Hənifə kəndidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinə əsasən banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları haqqında” Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli Qərarının 4.1-ci bəndinə əsasən rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir. Həmin Qərarın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respeublikası İXM-nin 430.4-cü maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər üçün inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC inzibati xətanın obyekti olmuş 16991.98 ABŞ dolları məbləğinin 20 faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin 20 faizi (16991.98 ABŞ dollarının 20 %-i)- 3398.396 ABŞ dolları məbləğində inzibati qaydada cərimə edilsin; həmin məbləğ Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş günü ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi üzrə Azərbaycan manatı ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar