Məhkəmə qərarları › İş №3(019)-97/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-97/2021

03.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-97/2021 03.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs qızının iştirakları ilə xx.xx.1979-cu ildə Balakən rayonunun İtitala kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri , N.Nərimanov küçəsi , ev 44, mənzil 4-də yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 157 və 510-cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 03 radələrində Balakən şəhəri N.Nərimanov küçəsində yaşadığı binanın həyətində ucadan səs-küy saldığı üçün ona iradını bildirən qonşuların ünvanına ucadan nalayiq sözlər deyərək ictimai qaydanı pozmuş, eyni zamanda həmin vaxt qonşusu Zərərçəkmiş şəxs qızını döyərək ona dərəcəsi təyin olunmamış bədən xəsarəti yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi , tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, oğlu X2 ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə Dünya Azərbaycanlilarının Həmrəyliyi günü və Yeni il münasibətilə evində oğlu ilə birlikdə ikisi üçün məclis təşkil etmişdir. Hərəsi iki bakal şampan spirtli içkisi qəbul etmişlər. Daha sonra əvvəlcə evdə telefondan, daha sonra isə həyətdə oğluna məxsus VAZ 2121 markalı, **- KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin maqnitafonundan istifadə edərək musiqi səsləndirib, rəqs etmişlər. Həmin vaxt qonşuları Gülbəsdi, nəvəsi Məhəmməd də həyətdə onlarla birlikdə rəqs etmişlər. xx.xx.2021-ci il, saat təxminən 03 radələri olmuşdur. Həmin vaxt qonşusu Reyhan adlı qadın gəlmiş və onların səs-küyünə narazılıq edərək , nəlayiq ifadələr işlətmişdir.Oğlu Fərhad da ona “biz dayanırıq evə gedirik” demişdir. Bu zaman Reyhanın qızı Vəfa gələrək polisə zəng edəcəyini bildirmiş, oğlu da demişdir ki, “get zəng elə”. Daha sonra Balakən RPŞ-nin əməkdaşları oraya gəlmişlər. Sevda oğlu Fərhadı polis əməkdaşlarının yanında təhqir etməyə başlamışdır. Həmin vaxt o, Sevdanın üstünə getmiş , Sevda onun saçından yapışmışdır. O, da Sevdanı itələdikdə tutaşaraq yıxılmışlar. Əvvəlcə Sevda yıxılmışdır. Sevda onun saçından yapışdığına görə özü də onun üstünə yıxılmışdır. Polis əməkdaşları onları ayırmışlar. Daha sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar rayon polis şöbəsinə gəlmişlər. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qızı məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə yatdığı zaman səs-küy eşidərək baxdıqda əvvəlcə qonşusu Vahidin evindən səs- küy gəldiyini eşidib Vahidə “watsapp” ani mesajlaşma xidməti vasitəsilə narazılığını bildirdikdə Vahidin onun sözünə əhəmiyyət vermədiyini, onun yanında olan digər qonşusu Fərhad Əliyevin onu həmin vaxt təhqir etdiyini, bundan sonra onların küçəyə çıxaraq Fərhada məxsus VAZ 2121 markalı avtomobilin maqnitafonundan istifadə edərək musiqi səsləndirməklə rəqs etdiklərini, rəqs edən şəxslər içərisində Fərhad, anası Elmira, qonşusu Gülbəsdi, onun nəvəsi Məhəmmədin olduğunu bildirmişdir. Həmin vaxt Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra çölə çıxmış, qonşusu Reyhan Sabirova ilə Şəxs mübahisə etdiyini, Elmira və Fərhadın Reyhanı təhqir etdiklərini görüb, onlara “102” xidmətinə zəng etmişəm, polis gəlir” demişdir. Elmira və oğlu Fərhad onun polisə məlumat verməsini qınayaraq nəlayiq ifadələrlə təhqir etmişlər. Polis əməkdaşlarının yanında Elmiranın onun üzərinə hücum edərək boğazından tutmuş, o, yerə yıxılmışdır. Onun barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qızının vət. Şəxs tərəfindən döyülməsi xüsusatında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Vət. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 510-cu (Xırda xuliqanlıq) və 521-ci (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) maddələri , vət. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 157-ci (Döymə), 510-cu (Xırda xuliqanlıq) və 521-ci maddələri ilə (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB- yə göndərilmişdir. Qərardan görünür ki, Balakən rayon MTE və PA şöbəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 06 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir: Vət. Mamedovada müəyyən edilmiş xəsarətlər - sol çənədə 03 ədəd sıyrıqlar, sol ön döş qəfəsində 3-4 qabırğa səviyyəsində bir ədəd qançır, sol baldırın yuxarı 1/3-də bir ədəd qançır, sol saidin mil-bilək nahiyəsində bir ədəd sıyrıq- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Mamedovada yuxarıda qeyd edilmiş xəsarətlərin əmələ gəlmə şəraitlərinin təhqiqat yolu ilə araşdırılması daha məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında fiziki şəxslərin üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun inzibati xətanı sərxoş törətməsi onun məsuliyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdırılan halı nəzərə alaraq hesab edirəm ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 350 ( üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar