Məhkəmə qərarları › İş №3(020)-1057/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1057/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1057/2025 01.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X3, Müdafiəci Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Laçın rayonu Xırmanlar kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu 2-ci Aşıqlı kəndinda yaşan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:45 radələrində Beyləqan şəhəri Magistral küçədə uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:45 radələrində Beyləqan rayonu Magistral küçəsində DYPB-nin inspektoru polis baş serjantı Mətləb Paşazadə ilə DYPB-nin TTİ-nin inspektoru polis kiçik leytenantı Murad Sadayzadə birlikdə xidmətdə olarkən **-BH-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobilin yolun əks istiqamətinə çıxmadan manevr etmə qaydalarını pozduğu üçün ona saxla işarəsi vermişlər. Bu zaman avtomobildə sərnişin qismində əyləşən adı sonradan məlum olan Şəxs onlara qarşı nalayiq ifadələrdən və təhqirlərdən istifadə etmişdir. Onu ictimai qaydanı və asayişi pozmamağa, qanunçuluğa və nizam-intizama dəvət etsələr də, o, öz hərəkətlərinə davam edərək daha aqressiv formada söyüş və təhqirlərdən istifadə etməyə davam etmişdir. Şəxs hərəkətlərinə hüquqi qiymət verilməsi üçün polis şöbəsinə dəvət etsələr də, o öz hüquqazidd əməllərini təkrarlayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən əraziyə post-patrul xidməti bölüyünün əməkdaşlarını çağıraraq onu rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bu səbəbdən, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:45 radələrində Beyləqan rayonu Magistral küçəsində DYPB-nin əməkdaşları ona məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobilin yolun əks istiqamətinə çıxmadan manevr etmə qaydalarını pozduğu üçün ona saxla işarəsi vermişlər. Bu zaman avtomobildə sərnişin qismində əyləşmişdir. Həmin vaxt spirtli içki qəbul etdiyi üçün əsəbi və aqressiv olmuş, onun içkili vəziyyətdə avtomobilə əyləşməsi barədə onunla arasında əvvəlcədən mübahisə olan polis əməkdaşının məlumatı verdiyindən həmin polis əməkdaşına qarşı nalayiq ifadələr işlətmişdir. O, əməlindən peşmandır və polis əməkdaşlarından üzr istəyir. Onun barəsində yüngüln inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Beyləqan rayon Polis Şöbəsinin DYPB-nin TTİ-nin inspektoru polis kiçik leytenantı X12 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:45 radələrində o və xidmət yoldaşı Beyləqan RPŞ- nin DYPB-nin inspektoru polis baş serjantı Mətləb Paşazadə ilə birlikdə Beyləqan rayonu Magistral küçəsində xidmətdə olarkən **-BH-*** dövlət qeydiyyat niaşnlı Niva markalı avtomobilin yolun əks hissəsinə çıxmadan manevr etmə qaydalarını pozduğu üçün ona saxla işarəsi vermişlər. Bu zaman avtomobildə sərnişin qismində əyləşən Şəxs onlara qarşı uca səslə nalayiq ifadələrdən və təhqirlərdən istifadə etməyə başlamışdır. Ona dəfələrlə xəbərdarlıq edib qanuni irad bildirsələr də, o bunlara məhəl qoymayaraq söyüş və təhqirlərə davam etmiş, onu polis şöbəsinə dəvət etsələr də, o polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra hadisə baş verən yerə PPX əməkdaşlarını dəvət edərək Şəxs Polis Şöbəsnə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid Beyləqan rayon Polis Şöbəsinin DYPB-nin inspektoru polis baş serjantı X1 rayon Polis Şöbəsinin DYPB-nin TTİ-nin inspektoru polis kiçik leytenantı X12 ilə eyni məzmunda ifadə verərək X8 ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X11 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində o və xidmət yoldaşı Beyləqan RPŞ- nin PPXB-nin polis nələri polis serjantı İsmayıl İsmayılovla birlikdə Beyləqan rayonu Magistral küçəsində xidmətdə olarkən RPŞnin Növbətçi Hissəsindən ona zəng olunmuş və eyni küçədə DYPB əməkdaşlarına qarşı bir nəfər şəxsin uca səslə nalayiq ifadələrdən və təhqirlərdən istifadə etməsi, polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün həmin vətəndaşın barəsində qanuni tədbir görülməsi üçün Polis Şöbəsinə gətirilməsi tapşırığı verilmişdir. Hadisə baş verən yerə yaxınlaşmışlar, adı sonradan məlum olan Şəxs öz qeyri-qanuni hərəkətlərinə davam eldiyini görüb onu Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahidlər Beyləqan rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X2 rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X11 ilə eyni məzmunda ifadə verərək X4 ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahidlərin ifadəsini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan rayon Polis Şöbəsinin DYPB-nin TTİ-nin inspektoru polis kiçik leytenantı X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:45 radələrində o və xidmət yoldaşı Beyləqan RPŞ- nin DYPB-nin inspektoru polis baş serjantı Mətləb Paşazadə ilə birlikdə Beyləqan rayonu Magistral küçəsində xidmətdə olarkən **-BH-*** dövlət qeydiyyat niaşnlı Niva markalı avtomobilin yolun əks hissəsinə çıxmadan manevr etmə qaydalarını pozduğu üçün ona saxla işarəsi vermişlər. Bu zaman avtomobildə sərnişin qismində əyləşən Şəxs onlara qarşı uca səslə nalayiq ifadələrdən və təhqirlərdən istifadə etməyə başlamışdır. Ona dəfələrlə xəbərdarlıq edib qanuni irad bildirsələr də, o bunlara məhəl qoymayaraq söyüş və təhqirlərə davam etmiş, onu polis şöbəsinə dəvət etsək də, o polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra hadisə baş verən yerə PPX əməkdaşlarını dəvət edərək Şəxs Polis Şöbəsnə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. AZA seriyalı 028081 №-li İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:45-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən etməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 22 (iyirmi iki) manat ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 21:45-dən hesablansın. Qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 22 (iyirmi iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar