Məhkəmə qərarları › İş №3(020)-13/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-13/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-13/2025 07.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X6 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Quliyev Vəkil Yelmar oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağdam rayonu, Pirzadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, am rayonu, Pirzadlı kəndində qeydiyyatda olmaqla hazırda Beyləqan rayonu Bolsulu qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Beyləqan rayon polis şöbəsi tərəfindən Şəxs barəsində İXMin 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:40 radələrində Beyləqan şəhəri, E.Əliyev küçəsində səs-küy salaraq polisin qanuni tələbinə əməl etməmiş və müayinə zamanı narkotik vasitə olan THC(marixuana) istifadə etməsi müəyyən olunmuşdur. Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X10 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə icraatına raport daxil olmuş, raportda Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:40 radələrində Beyləqan şəhəri, E.Əliyev küçəsində səsküy salaraq polisin qanuni tələbinə əməl etməmiş və müayinə zamanı narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Ona görə də xx.xx.2024-cü il tarixdə Əliyev X5 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Beyləqan rayon PŞ-nə gətirilmiş və onun barəsində İXM-in 206 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla özünü qismən təqsirli bildi və izahat verərək bildirmişdir ki, dostu X2 idarə etdiyi “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən zaman avtomobildə olmuşdur. Beyləqan şəhəri, ərazisində hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, Elzamin avtomobili bir neçə metr idarə etdikdən sonra saxlamış və polis əməkdaşları onların olduğu avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin vaxt Elzamindən spirt qoxusu gəldiyindən Elzamini polis şöbəsinə aparmaq istəyərkən Elzamin polis əməkdaşlarına yerində ona cərimə yazılmasını bildirmiş, bu zaman polis əməkdaşları ilə Elzamin arasında mübahisə baş vermişdir. Həmin vaxt o, özünə məxsus mobil telefonla onlar arasında baş verən mübahisəni və polis əməkdaşlarının qanunsuz hərəkətlərini videoya çəkmişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq çəkiliş etməməsini bildirmişlər. O, polislərə məhəl qoymamış və çəkiliş etməyə davam etmişdir. Ona görə də polis əməkdaşları onu rayon PŞ-nə aparmışlar. Polis şöbəsində ondan sidik analizi götürülmüş və onun narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Polis şöbəsində polis əməkdaşları tərəfindən təhqir olunmuş, həmçinin ağır dərəcədə döyülmüşdür. Həmin tarixdən bu günədək polis şöbəsində saxlanılmışdır. O, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Beyləqan RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, magistral küçəsində “Hyundai Tucson” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Beyləqan RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis kapitanı Əvəz Ağayev və Beyləqan RPŞ-nin DYPB-nin YPX inspektoru p Davud Abbasov ilə birlikdə xidmətdə olarkən “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin fara işıqları yanmadan və dönmə işqılarından istifadə etmədən rayonun M.Ə.Rəsulzadə küçəsinə döndüyünü görüb saxla işarəsi vermişlər. Buna baxmayaraq həmin avtomobil sonradan şəxsiyyəti onlara məlum olmuş Elzamin Məmmədov avtomobili idarə edərək rayonun E.Əliyev küçəsində saxlamışdır. Elzamin Məmmədovdan kəskin spirtli içki qoxusu gəldiyindən onu avtomobilin idarəçiliyindən kənarlaşdırıb avtomobili duracağa gətirmək istəyərkən E.Məmmədov onların qanuni tələbinə tabe olmamışdır. E.Məmmədovu dəfələrlə nizam-intizama dəvət etsələrdə E.Məmmədov onlara tabesizlik göstərməyə davam etmişdir. Həmin vaxt avtomobildə sərnişin olan sonradan şəxsiyyəti onlara məlum olan Şəxs onların xidməti fəaliyyətinə maneçilik törətmişdir. Bundan sonra onlar efir vasitəsi ilə hadisə yerinə PPXB-nin əməkdaşlarını dəvət etmişlər. Şəxs nizamintizama dəvət etsələrdə Şəxs nalayiq söyüşlər işlədərək onların qanuni tələbinə tabe olmamışdır. Bundan sonra sürücü X4 və sərnişin Şəxs PPXB-nin əməkdaşlarının köməkliyi ilə rayon PŞ-nə gətirilmişdir. Avtomobilə isə videoçəkilişlə baxış keçirilərək evakuator vasitəsi ilə rayon PŞ-nin duracağına yerləşdirilmişdir. Bundan sonra Şəxs sərxoş olmasını müəyyən etmək üçün tibbi muayinədən keçirilmiş və müayinənin nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etməsi halı müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid Beyləqan RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X1 RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş serjantı X3 ilə eyni məzmunda ifadə verərək Yusif İbrahimlinin ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, AZA 022053 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzinin(Gəncə şəhəri üzrə) xx.xx.2025-ci il tarixli 06 nömrəli ambulator-məcburi narkoloji-tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan (THC) marixuana aşkar edilmişdir. Narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon polis şöbəsi tərəfindən İXM-in 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi qismən etirafedici izahatı, şahid ifadələri ilə onun İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, onun narkomaniya xəstəliyindən əzab çəkməməsini və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin təyin edilməli, təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Eyni zamanda məhkəmə Şəxs 03 yanvar 2025-ci il tarixdə saat 22:20-də inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Bundan başqa Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci və 34.3-cü maddələrinə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar