Məhkəmə qərarları › İş №3(020)-135/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-135/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-135/2025 22.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Beyləqan rayonu, Mayak qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mayak qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Beyləqan şəhəri Magistral küçəsində ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmaması ilə bağlı Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması zamanı Şəxs oraya gələrək, Beyləqan RPŞ-nin DYB-nin YNH-i üzrə inspektoru, polis kapitanı Səfəralı Kazımovun üstünə hücum edərək, ünvansız nalayiq ifadələr işlədərək, onun qanuni tələbinə tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qarabağ müharibəsi veteranıdır və müharibə aldığı travma ilə əlaqədar psixi xəstəlikdən əziyyət çəkir və əsəbi olduğu halda öz davranışlarını idarə edə bilmir. xx.xx.2025-ci il tarixdə baş vermiş hadisədə də o, əsəblərini idarə edə bilməmiş və etdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon PŞ-nin DYPB-nin YNH-i üzrə inspektoru, polis kapitanı X3 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:05-də X1 İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək, Beyləqan şəhəri Magistral küçədə idarə etdiyi “Mercedes” markalı **-ZR-*** dövlət qeydiyyat avtomobilə “VAZ-2106” markalı avtomobilin toqquşmasını göstərmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə getmiş və orada məlum olmuşdur ki, “Vaz-2106” markalı avtomobil “Mercedes” markalı avtomobilə toqquşduqdan sonra hadisə yerindən gələrək, yaxınlıqda yerləşən yaşayış evinin yanında dayanıb. Qarşı avtomobilin sürücüsü Rəfail Qarayevlə oraya yaxınlaşan da görmüşdür ki, “VAZ-2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan qapıları əzilmiş vəziyyətdə oradadır, sürücü isə orada yoxdur. Avtomobilə baxış keçirərək evakator vasitəsi ilə rayon PŞ-nə gəlmək istəyərkən sonradan şəxsiyyəti məlum olan Şəxs oraya gələrək, üstünə hücum etmiş, ünvansız nalayiq ifadələr işlədərək və qanuni tələbinə tabe olmamışdır. O, YPX-i inspektorları Davud Abbaszadə və Ülvi Quliyevi oraya dəvət etmişdir. Onlar Şəxs PŞ-ni aparmışlar. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin yol patruı xidməti inspektoru polis serjantı Beyləqan rayon PŞ-nin DYPB-nin YNH-i üzrə inspektoru, polis kapitanı X3 ilə eyni məzmunda ifadə verərək Səfəralı Kazımovun ifadəsində göstərdiyi xüsataların doğruluğunu təsdiq etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon polis şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli, 830 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Şəxs fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv epizod, intihar cəhdi ilə diaqnozlu psixi xəstəlik müəyyən edilir. Şəxs müəyyən edilən şəxsiyyət dəyişikliyi o drəcədə ifadə olunmamışdır ki, o, baş vermiş hadisə zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyi dərk etmək və onu idarə etmək iqtidarında olmasın. Şəxs hadisə zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyi dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Göründüyü kimi istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahat, şahid ifadələri ilə onun İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində müəyyən edilmişdir ki, baş vermiş hadisə zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyi dərk etmək və onu idarə etmək iqtidarında olmasın. Şəxs hadisə zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyi dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını və onun İİ Qarabağ müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, hesab edir ki, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar