Məhkəmə qərarları › İş №3(020)-145/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-145/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-145/2025 27.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2066/2020 saylı icra sənədinə əsasən Şəxs 17000 manat məbləğində pul vəsaiti alınıb X1 verilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2021-ci il tarixli icraata başalamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin 2(020)-1054/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1888 manat borc və 38.88 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. Həmçinin Beyləqan rayon Məhkəməsinin 2(020)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 16.619 manat pul və dövlət rüsumuna görə 140 manat alınıb X3 verilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. İcra sənədləri üzrə borcunu ödəməsi üçün qanuni icra tədbirləri görülmüş, borclu birinci icra sənədi üzrə müxtəlif vaxtlarda olmaqla ümumilikdə 2000 manat ödəniş etmiş, digər iki icra sənədləri üzrə isə qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. İcra sənədləri üzrə borclarını tam icra etmədiyi üçün Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilir, belə ki, birinci icra sənədi üzrə maddi imkanı çatdığı qədər müctəlif vaxtlarda 2000 manata yaxın pul ödəmişdir. Digər icra sənədləri üzrə borcundan isə bu günədək heç bir ödəniş etməmişdir. İcra sənədləri üzrə borcunu tamolaraq ödəməməsinə səbəb rəsmi iş yerinin olmaması və maddi imkanının aşağı olmasıdır. Ona vaxt verilərsə icra sənədi üzrə borclarını hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alıb məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2066/2020 saylı icra sənədindən görünür ki, Şəxs 17000 manat məbləğində pul vəsaiti alınıb X1 verilməlidir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2- 2(113)-2066/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1054/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 1888 manat borc və 38.88 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-1054/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan rayon Məhkəməsinin 2(020)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 16.619 manat pul və dövlət rüsumuna görə 140 manat alınıb X3 verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan Beyləqan rayon Məhkəməsinin 2(020)-21/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədləri üzrə borclarını tam olaraq ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və Şəxs borcun ödənilməməsinin səbəbi kimi maddi imkanının olmadığını və maddi vəziyyətinin aşağı olması ilə bağlı izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, borclu tərəfindən icra sənədlərinin icra edilməməsi üçün əsas sayıla bilməz. Göründüyü kimi, Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədləri qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni xx.xx.2025-ci il tarixdən, saat 17:50-dən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar