Məhkəmə qərarları › İş №3(020)-170/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-170/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-170/2025 13.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Füzuli rayonunda anadan olan, azərbaycanlı, subay, orta təhsilli, işsiz, Füzuli rayonunda qeydiyyatda olmaqla hazırda Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə "inzibati xəta haqqında” 13 mart 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün əlavə sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 12 mart 2025-ci il tarixdə, saat 22:30 radələrində Beyləqan şəhəri, Z.Əliyeva küçəsində uca səslə nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2 izahatında göstərdi ki, 12 mart 2025-ci il tarixdə, saat 22:30 radələrində Beyləqan şəhəri, Z.Əliyeva ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin küçədə uca səslə nalayiq ifadələr işlətdiyini eşidərək həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsə küçədə uca səslə söyüş söyməyin yolverilməz olduğunu bildirərək ictiami asayişi pozmamasını bildirmiş, lakin həmin şəxs onun qanuni tələbinə məhəl qoymamış və söyüş söyməyə davam etmişdir. Bu səbəbdən də sonradan şəxsiyyəti ona məlum olan Şəxs rayon PŞ-nə gətirərək barəsində inzibati qaydada tutmaq haqqında protokol tərtib etmiş, daha sonra araşdırma nəticəsində xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 11 mart 2025-ci il tarixdə məhkəmənin qərarına əsasən 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin gün polis əməkdaşları ilə birlikdə yenidən rayon PŞ-nə getmiş, bu günədək polisin nəzarəti altında saxlanılmışdır. Polisin onu hansı səbəbə saxlaması barədə heç bir məlumatı yoxdur. Barəsində olan 150 manat cərimə valideynləri tərəfindən ödənilmiş və ödəniş qəbzi məhkəməyə təhvil verilmişdir. Protokolda göstərilənlərlə razılaşmır, belə ki, o, küçədə hər hansı bir nalayiq ifadə işlətməmiş və polis əməkdaşına qarşı hər hansı bir tabesizlik göstərməmişdir. Ümumiyyətlə o, 11 mart 2025-ci il tarixdən hazırki tarixədək polis şöbəsində saxlanılmışdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Mircəlal Yaqublu tərəfindən rayon polis şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Beyləqan rayonu, Z.Əliyeva küçəsində xidmətdə olarkən bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətməsi tərəfindən aşkar edilmiş və həmin şəxsə yaxınlaşaraq hüquqazidd hərəkətlər son qoymasını və küçədə nalayiq ifadəlr işlətməməsini həmin şəxsə bildirmiş, lakin həmin şəxs onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə əməl etmədiyindən həmin şəxsi rayon PŞ-nə dəvət etmişdir. xx.xx.2025-ci il tarixli AZA 022030 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(020)-167/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutumuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində ünvan 1 ünvansız söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Beyləqan şəhəri, Z.Əliyeva küçəsində ünvansız nalayiq söyüş söyərək səs-küy salması və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir və bu əməlləri törətmiş şəxslər həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən isə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddə üzrə məsuliyyət yaradır. İş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə, məhkəmə qeyd edir ki, 11 mart 2025-ci il tarixdə eyni polis əməkdaşı X2 tərəfindən eyni məzmunlu raport tərtib edilmiş və həmin raport əsasında 11 mart 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən Şəxs inzibati qaydada cərimə edilmişdir. Lakin həmin hadisədən 1 gün sonra yenə təfərrüatları eyni olan hadisənin ( küçədə uca səslə danışaraq nalayiq ifadələr işlətməsi) baş verməsini təsdiq edən sübutlar hal-hazırki protokola əlavə edilməmişdir. Eyni zamanda Şəxs məhkəmə iclasında verdiyi izahatda 11 mart 2025-ci il tarixdən hal-hazirki tarixədək Polis Şöbəsində saxlanıldığını bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu səbəbdən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrdə nəzərdə tutulan inzibati xəta tərkib əlamətləri yoxdur. yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş 13 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-in 510-cu və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: 13 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar