Məhkəmə qərarları › İş №3(020)-173/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-173/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-173/2025 01.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu 2-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu 2ci Şahsevən kəndində qeydiyyatda olan, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X4 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X9 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(020)-1787/2023 saylı icra sənədinə əsasən X3 14.541,40 manat əsas, 1.765,32 manat faiz olmaqla cəmi 16.306,72 manat kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 138.92 manat pul alınıb "xxxx" ASC-yə verilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və X5 tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Bundan başqa Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-887/2023 saylı icra sənədinə əsasən X3 borca görə 604 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X2 verilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və X5 tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İcra sənədi üzrə borcları ödəməsi üçün qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etmədiyindən və icra məmurunun qanuni çağırışlarına gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş və icrası üçün polis şöbəsinə göndərilmişdir. Şəxs polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmiş və Şəxs icra şöbəsində də izahat verərək icra sənədi üzrə borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. X7 icra sənədləri üzrə borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, X4 barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(020)-1787/2023 saylı icra sənədinə əsasən ondan 14.541,40 manat əsas, 1.765,32 manat faiz olmaqla cəmi 16.306,72 manat kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 138.92 manat pul alınıb "xxxx" ASC-yə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-887/2023 saylı icra sənədinə əsasən ondan borca görə 604 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X2 verilməlidir. O, maddi imkanı zəif olduğuna görə icra sənədləri üzrə borclarından ödəniş edə bilməmişdir. Belə ki, övladı böyrək xəstəliyindən əziyyət çəkdiyinə görə əməliyyat olunmuş və bütün pulunu övladının əməliyyatına və müalicəsi üçün dərmanlara sərf etmişdir. Həmçinin işğaldan azad olunmuş Cəbrayıl rayonunda fəhlə kimi yeni işə düzəlmişdir.İcra sənədlər üzrə ödənişlər etmiş və sonucu dəfə isə xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə isə 100 manat olmaqla ümumilikdə 200 manat ödəmişdir. Bundan sonra da icra sənədi üzrə borclarından mütəmadi olaraq ödənişlər edəcəkdir. O, heç vaxt borcunu ödəməkdən qəsdən yayınmamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)-1787/2023 saylı icra sənədindən görünür ki, X3 14.541,40 manat əsas, 1.765,32 manat faiz olmaqla cəmi 16.306,72 manat kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 138.92 manat pul alınıb "xxxx" ASC-yə verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)-1787/2023 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və X5 tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-887/2023 saylı icra sənədindən görünür ki, X3 borca görə 604 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X2 verilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-887/2023 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və X5 tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. “mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərin surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə 100 manat olmaqla cəmi 200 manat kredit borcundan ödəmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X7 barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə icra sənədləri üzrə X4 borclarını üzrsüz səbəbdən icra etməməsi və icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)- 1787/2023 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-887/2023 saylı icra sənədi üzrə isə icra məmuru tərəfindən X7 barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu X7 icra sənədi üzrə borcundan ödəniş etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, X7 birinci icra sənədi üzrə borcundan ödənişlər etmiş, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə 100 manat olmaqla cəmi 200 manat ödəniş etmişdir. X1 icra sənədləri üzrə olan borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə X4 əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair X4 əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar