Məhkəmə qərarları › İş №3(020)-192/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-192/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-192/2024 04.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs Zərəçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, ailəli, işsiz, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində özünə məxsus evin həyətində qonşusu X2 ilə mübahisə edərək Aybəniz Abdullayevaya qarşı nalayiq söyüşlər söyərək təhqir etmiş və onu cəmiyyət içərisində hörmətdən salmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta əməlini törətmiş şəxs Şəxs özünü qismən təqsirli bildi və izahat verərək göstərdi ki, X2 onun həmkəndlisi və qonşusudur. Onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Aybəniz Abdullayevaya məxsus toyuq hini onunla arada yerləşdiyindən Aybəniz Abdullayeva toyuq hinində yandırdığı peçin tüstüsü onun evinə dolur. Bununla bağlı bir neçə dəfə Aybəniz Abdullayevaya öz iradını bildirmiş, lakin heç bir nəticə verməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı evin həyətinə çıxan zaman Aybəniz Abdullayevanın toyuq hinində yandırdığı peçin tüstüsünün onun evinə dolduğunu görmüş və qonşusu Aybəniz Abdullayevanı çağıraraq “belə şey olmaz bu işə bir əlac etmək lazım olduğunu” deyərək öz iradını və peç durbasının yerinin dəyişdirlməsini bildirmişdir. Bu zaman Aybənizin həyat yoldaşı Cavid Abdullayev evdən çölə çıxaraq ona qarşı nalayiq ifadə işlətmiş, o, da onların nalayiq ifadələrinə qarşı cavab olaraq söyüş söymüşdür. Aybəniz Abdullayeva həmin vaxt DİN-nin 102 xidmətinə onun barəsində şikayət vermişdir. Bu zaman oraya polis əməkdaşı gəlmiş və ona yaxınlaşaraq özünü təqdim edərək onunla söhbət edərək nə baş verdiyini soruşmuşdur. O, da polis əməkdaşlarına hadisəni olduğu kimi danışmışdır. Bundan sonra polis əməkdaşları onu rayon PŞ-nə dəvət etmişlər. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun həmkəndlisi və qonşusudur. Onunla aralarında bir neçə dəfə sözlü mübahisələri olmuş, lakin onların əvvəlki mübahisələri bu qədər ciddi olmamışdır. Özünə məxsus evin Şəxslə qonşuluqda yerləşən hissəində toyuq hinləri var, həmin hində balaca cücə saxladığı üçün havanın soyuq vaxtlarında həmin toyuq hinində odun peçi yandırır və həmin peçin tüstüsü ətrafa yayaılır. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən özünə məxsus evdə olan zaman qonşusu Şəxs onları çağırdığını eşitmiş və bu barədə həyat yoldaşı Cavid Abdullayevə məlumat vermişdir. Cavid Abdullayev evdən çölə çıxaraq Şəxs çağırışına cavab verən zaman Şəxs onlara məxsus toyuq hinində yanan peçin tüstüsünün onu narahat etdiyini bildirmiş, onun və həyat yoldaşı Cavidin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmişdir.Şəxs onları uca səslə təhqir etməsini qonşuluqda yaşayanlarda eşitmişdir. Bundan sonra O, DİN-nin 102 xidmətinə zəng edərək Şəxs hərəkətləri barədə şikayət vermişdir. Bundan bir qədər sonra oraya polis əməkdaşları gəlmiş və həmin vaxt onların mübahisələri bitmişdir. Şəxs həmin vaxt onu və həyat yoldaşı cavid Abdullayevi təhqir edərək cəmiyyət arasında nüfüzdan salan hərəkətlər etmişdir. Ona görə də Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilən X3 məhkəmə iclasında izahat verərək zərərçəkmiş şəxs X2 ilə eyni məzmunda izahat verərək Aybəniz Abdullayevanın izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində özünə məxsus evin həyətində qonşusu X2 ilə mübahisə edərək Aybəniz Abdullayevaya qarşı nalayiq söyüşlər söyərək təhqir etmiş və onu cəmiyyət içərisində hörmətdən salmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə məhkəmə iclasında Şəxs 28 fevral 2024-cü il tarixdə, Beyləqan rayon, 1-ci şahsevən kəndində özünə məxsus evin həyətində qonşusu Aybəniz Abdullayevanın ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etməsi və A.Abdullayevanı cəmiyyət içərisində hörmətdən salması və onun bu hərəkətləri qonşuların narahatçılığına səbəb olması kifayət qədər sübuta yetmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qanunauyğun və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar