Məhkəmə qərarları › İş №3(020)-194/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-194/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-194/2024 04.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,evli, orta təhsilli, işsiz, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsinin mərkəzində ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində sərxoş halda evə gedən zaman su almaq üçün İlqar Cəfərova məxsus marketə daxil olmuşdur. O, marketdən 3 ədəd meyvə şirəsi götürərək kassaya yaxınlaşmışdır. Həmin vaxtı pul olmadığı üçün İlqar Cəfərova bildirmişdir ki, kart hesab nömrəsini versin mobil tətbiq vasitəsi ilə onlayn kart hesabına aldığı meyvə şirəsinin pulunu ödəsin. Bu zaman İlqar Cəfərov kart hesabını verməmiş və ondan pul istəmədiyini bildirmişdir. O, bir neçə dəfə İlqar Cəfərovdan kart hesab nömrəsini istəsə də, İlqar kart hesab nömrəsini vermədiyi üçün İlqarla aralarında sözlü mübahisə yaranmışdır. Onlar sözlü mübahisə edən zaman qardaşı X1 marketə daxil olmuşdur. O, həmin vaxtı qardaşı Anar Nuriyevə demişdir ki, marketdən çölə çıxsın. Bu zaman qardaşı Anar Nuriyev onun sərxoş olduğunu görərək onu itəliyib marketdən çölə çıxartmışdır. Marketin qarşısında qardaşı Anar Nuriyev onu evə aparmaq istəsə də, o, qardaşı Anarla mübahisə edərək evə getməmişdir. O, yenidən meyvə şirəsinin pulunu kartla ödəmək üçün marketə daxil olaraq İlqar Cəfərovla mübahisə etmişdir. Həmin vaxtı yenidən qardaşı Anar onu itəliyərək marketdən çölə çıxartmışıdr. Bu zaman o, marketin giriş qapısının şüşəsinə əliylə vuraraq açan zaman qapının şüşəsi sınaraq sağ biləyini şüşə kəsmişdir. O, marketə daxil olaraq İlqar Cəfərova marketi bağlıyıb getməməsi üçün nalayiq söyüş söymüşdür ki, gedib evdən aldığı şirənin pulunu gətirib versin. Onlar marketdən çölə çıxdıqdan sonra qardaşı əsəbləşərək İlqar Cəfərova təpik atan zaman yerə yıxılmışdır. Mübahisə zamanı sərxoş vəziyyətdə olduğundan ucadan danışmış və nalayiq ifadələr işlətmiş, bu zaman qəsəbə ərazisində xidmətdə olan polis əməkdaşları hadisə yerinə gəlmiş və onları sakitləşdirərək rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Mübahisə Beyləqan rayonu Örənqala qəsəbəsi ərazisində İlqar Cəfərova məxsus marketin qarşısında baş vermiş, mübahisə zamanı orada adlarını xatırlamadığı 7-8 nəfər həmkəndlilərini görmüşdür. Hadisə zamanı sərxoş vəziyyətdə olduğuna görə özündə olmamışdır. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəckdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir. Beyləqan rayonu Örənqala qəsəbəsi ərazisində ona məxsus ərzaq mağazası vardır. 26 yanvar 2024-cü il tarixdə saat 22:20 radələrində Şəxs sərxoş halda ona məxsus marketə daxil olaraq vitrindən 3 ədəd meyvə şirəsi götürərək ona yaxınlaşmışdır. Həmin vaxtı Şəxs 3 ədəd meyvə şirəsinin pulunu nisyə onun adına yazmasını demişdir. Bu zaman o, da demişdir ki, “nisyə heçnə satmır”. Beyləqan rayonu Örənqala qəsəbə sakini X2 da, həmin vaxtı marketdə olmuşdur. Daha sonra Şəxs ondan kart hesab nömrəsi istəmişdir ki, meyvə şirəsinin pulunu kartla ödəsin. O, Şəxs sərxoş olduğunu görərək ona bildirmişdir ki, səhər gəlsin hesablaşarlar. Bu zaman Şəxs onunla sözlü mübahisə etməyə başlamışdır. Şəxs onunla sözlü mübahisə edən zaman Ruslanın qardaşı Anar Nuriyev marketə daxil olmuş, həmin vaxtı Anar Nuriyev qardaşı Şəxs marketdən çölə çıxartmışdır. Daha sonra Anar Nuriyev marketə daxil olaraq ona qardaşı Şəxs nəyə görə nisyə vermədiyini demişdir. O, da, bildirmişdir ki, qardaşı Şəxs ona borcu vardır. Bu səbəbdən nisyə vermir. Həmin vaxtı yenə Şəxs yenidən marketə daxil olaraq onu söyüb təhqir etmişdir. Daha sonra Şəxs qəsdən əliylə marketin giriş qapısının şüşəsini vuraraq sındırmışdır. Bu zaman onlar marketdən çölə çıxmışlar. Şəxs marketin giriş qapısının şüşəsini qəsdən vuraraq sındıran zaman əlini şüşə kəsmişdir. Hadisə zamanı qəsəbə ərazisində xidmətdə olan rayon polis şöbəsinin əməkdaşları oraya gəlmiş və orada nə baş verdiyini soruşmuşdur. Baş verənlər barədə polisə məlumat vermiş və bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsinin mərkəzində ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Ramil süleymanovun xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və şahidin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar