Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-214/2025 09.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz,deməsinə görə məhkum olunmamış, Beyləqan şəhəri, H.Hacıyev küçəsi ev 59-da qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:30 radələrində sərxoş vəziyyətdə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində səs-küy salaraq ünvansız söyüşlər söymüş və həmin vaxt xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis mayoru X7 izahat verərək bildirmişdir ki, xx.xx.2025ci il tarixdə, saat 20:30 radələrində Beyləqan rayonu, M.Ə.Rəsulzadə küçəsində DYPB-nin inspektorları polis serjantları Orxan Hüseynov, Xəyal Quliyev və Vüqar Quliyev xidmətdə olduqları zaman **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində inzibati həbs olduğu üçün YPX əməkdaşları tərəfindən avtomobilin sürücüsünə saxla işarəsi verilmiş, sürücü avtomobili yolun sağ hərəkət istiqamətində saxlamışdır. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edən YPX əməkdaşları sürücüyə məlum səbəblərə görə avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirən zaman sürücü küçədə uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman YPX əməkdaşları sürücünü sakitləşdirməyə çalışaraq onu nizam-intizama dəvət etmişlər. Lakin sürücü YPX əməkdaşlarına məhləm qoymamışdır. Bu səbəbdən də sürücü YPX əməkdaşları tərəfindən rayon PŞ-nə gətirilərək NH-yə təhvil verilmiş və raportla Pş-nin rəisinə müraciət edilərək sürücünün barəsində tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. Rayon PŞ-də aparılan araşdırma nəticəsində avtomobilin sürücüsünün Beyləqan arayon sakini Şəxs olduğu məlum olmuşdur. Bundan sonra bölmənin aidiyyatı əməkdaşı kimi Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilməsi üçün ona göstəriş verilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, taksiçilik fəaliyyəti ilə məşğul olur, subaydır və yaşlı anası ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə, saat 20:30 radələrində idarə etdiyi **-QC-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Camry” markalı, avtomovil ilə Beyləqan rayonu, M.Ə.Rsəulzadə küçəsi ilə hərəkətdə olan zaman rayon ərazisində xidmətdə olan YPX əməkdaşları səs yüksəldici vasitəsi ilə ona saxla əmri vermişlər. O, YPX əməkdaşlarının saxla əmrini eşidən kimi avtomobili yolun kənarında saxlamış və avtomobildən düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Polis əməkdaşlarına yaxınlaşan zaman YPX əməkdaşları ona bildirmişlər ki, avtomobilinin inzibati həbsi var və bu səbəbdən də avtomobil duracağa yerləşdirilməlidir.Bu zaman əsəbləşərək polis əməkdaşlarına avtomobili duracağa aparmayacağını bildirmiş və küçədə uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt YPX əməkdaşları onu sakitləşdiriək nizamintizama dəvət etmiş, lakin sərxoş vəziyyətdə olduğuna görə özündə olmamış ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Buna görə də polis əməkdaşları onu xidməti avtomobilə mindirərək rayon PŞ-nə aparmışlar. Həmin vaxt spirtli içki qəbul etmişdir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol vermiyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:30 radələrində Beyləqan rayonu, M.Ə.Rəsulzadə küçəsində DYPB-nin inspektorları polis serjantları Orxan Hüseynov və Xəyal Quliyevlə xidmətdə olduqları zaman **-QC-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobil onların xidməti avtomobilin qarşısında hərəkət edən zaman elektron sistemdə avtomobilin qeydiyyat nömrəsi ilə axtarış edib sənədlərini yoxlayan zaman avtomobilin inzibati həbsdə olduğu onlara məlum olduğu üçün onlar avtomobilin sürücüsünə saxla işarəsi vermişlər, sürücü avtomobili yolun sağ hərəkət istiqamətində saxlamışdır. Həmin şəxsə yaxınlaşıb özünü təqdim edən zaman qeyd olunan səbəblərə görə avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Bu zaman sürücü küçədə uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar sürücünü sakitləşdirməyə çalışaraq onu nizam-intizama dəvət etmişlər. Lakin sürücü onlara məhləm qoymamış və öz hərəkətlərinə davam etmişdir. Sürücü əvvəl yaxındakı marketə daxil olmuş, qaçıb getmək istəmişdir. Lakin onu saxlamışlar. O, yenidən onları əl-qol atmağa başlamış, onların tələbinə tabe olmamışdır. Bu səbəbdən də sürücünu xidməti avtomobilə mindirərək rayon PŞ-nə gətirilərək NH-yə təhvil vermişlər. Polis şöbəsində həmin şəxs Beyləqan şəhər sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis serjantları X4 və X1 rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X3 ilə eyni məzmunda ifadə verərək Vüqar Quliyevin ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahid ifadələrini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan RPŞ-nin DYPB-nin inspektorları Cüqar Quliyev, Orxan Hüseynov və Xəyal Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində xidmətdə olarkən **-QC-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobil onların xidməti avtomobilin qarşısında hərəkət edən zaman elektron sistemdə avtomobilin qeydiyyat nömrəsi ilə axtarış edib sənədlərini yoxlayan zaman avtomobilin inzibati həbsdə olduğu onlara məlum olduğu üçün onlar avtomobilin sürücüsünə saxla işarəsi vermişlər, sürücü avtomobili yolun sağ hərəkət istiqamətində saxlamışdır. Həmin şəxsə yaxınlaşıb özünü təqdim edən zaman qeyd olunan səbəblərə görə avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Bu zaman sürücü küçədə uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar sürücünü sakitləşdirməyə çalışaraq onu nizamintizama dəvət etmişlər. Lakin sürücü onlara məhləm qoymamış və öz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən də sürücünu xidməti avtomobilə mindirərək rayon PŞ-nə gətirilərək NH-yə təhvil vermişlər. AZA seriyalı 022037 №-li İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli 399/2025 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə zamanı sərxoş olmuşdur. Bununlada Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-214/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-214/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver