Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-221/2025 11.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, Beyləqan şəhəri, 20 Yanvar küçəsi ev 169-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:30 radələrində Beyləqan şəhəri, Z.Əliyeva küçəsində ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, Beyləqan rayon PŞ-nin PPXB-nin manqa komandiri Zamin Mirzəyev rayon PŞ-nin rəisinə raportla müraciət edərək xx.xx.2025-ci il tarixdə, saat 13:30 radələrində PPXB-nin polis nəfəri Şəmşir Nərimanlı ilə birlikdə rayonun Z.Əliyeva küçəsində bir nəfər şəxsin ictimai yerdə nalayiq ifadələr işlətdiyini görərək həmin şəxsə yaxınlaşıb nizam-intizama dəvət edən zaman həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərməsini və həmin şəxsin barəsində qanunamüvafiq qaydada tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən sonradan şəxsiyyəti onlara məlum olan rayon sakini Şəxs polis əməkdaşları tərəfindən rayon PŞ-nə gətirilmişdir Bundan sonra Şəxs və hadisə yerində olan PPXB-nin əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, uzun müddətdir həyat yoldaşından ayrılmış,hazırda himayəsində 12 və 14 yaşında iki uşağı vardır. Belə ki, o, həyat yoldaşından ayrılmağına baxmayaraq həyat yoldaşı ayda bir və ya iki dəfə ona zəng edərək ondan pul istəyir, həmçinin pul göndərməyəcəyi təqdirdə uşaqları ondan alacağını bildirir. Hadisə baş verən günü, yəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Beyləqan şəhəri, Z.Əliyeva küçəsi ilə piyada evinə gedən zaman keçmiş arvadı ona məxsus mobil telefona zəng edərək yenidən ondan pul istəmiş, bu zaman əsəbləşərək telefonla danışan zaman ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ərazidə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək ona küçədə söyüş söyməsini irad bildirmişdir. Lakin o, həmin vaxt əsəbi vəziyyətdə olduğuna görə əsəblərini cilovlaya bilməmiş və polis əməkdaşlarına qarşı aqressiv cavab verərək öz hərəkətlərini davam etmişdir. Bundan sonra polis əməkdaşları onu rayon PŞ-nə aparmışlar. Polis şöbəsinə getdikdən sonra törətdiyi əməldən peşman olaraq polis əməkdaşlarından üzr istəmişdir. Hazırda hərəkətlərindən peşmandır. Bir daha bu cür hərərkətlərə yol vermiyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı X8 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13:30 radələrində PPXB-nin polis nəfəri polis serjantı Şəmşir Nərimanlı ilə birlikdə rayon PŞ-nin qapı postunda xidmətdə olduqları zaman Z.Əliyeva küçəsində bir nəfər şəxsin küçədə ictimai yerdə nalayiq ifadələr işlətdiyini görüb həmin şəxslə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsə ictimai yerdə söyüş söyməyin qanun pozuntusu olduğunu izzah etmişlər. Lakin həmin şəxs ona tutulan iradlara baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməlini davam etdirmişdir. Onu intizama dəvət etməklərinə baxmayaraq əlqol ataraq onlara tabesizlik göstərmişdir. Bu səbəbdən də onlar həmin şəxsi dəvət edərək RPŞ-nə aparmışlar. PŞ-də həmin şəxsin Beyləqan şəhəri, 20 yanvar küçəsi ev 169-da yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin PPXB-nin polis serjantı X3 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı X8 ilə eyni məzmunda ifadə verərək Zamin Mirzəyevin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı X4 Beyləqan rayon PŞ-nin rəisinə ünvanladığı xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:30 radələrində PPXB-nin polis nəfəri polis serjantı Şəmşir Nərimanlı ilə birlikdə rayon PŞ-nin qapı postunda xidmətdə olduqları zaman Z.Əliyeva küçəsində bir nəfər şəxsin qanunla müəyyən olunmayan yerdə nalayiq ifadələr işlətdiyini görüb həmin şəxslə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsə qanunla müəyyən edilməyən yerdə söyüş söyməyin qanun pozuntusu olduğunu izzah etmişlər. Lakin həmin şəxs ona tutulan iradlara baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməlini davam etdirmişdir. Bu səbəbdən də onlar həmin şəxsi dəvət edərək RPŞ-nə aparmışlar. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA 022079 №-li protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. “X7” alt sistemindən əldə olunmuş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, Şəxs ümumi səbəbdən 3-cü dərəcəli gözdən əlildir. Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 489 nömrəli arayışından görünür ki, Şəxs hazırda ünvan 2 ünvanda qeydiyyatda olmaqla 1958-ci il təvəllüdlü anası Fətiyeva maniya Məhəmməd qızı, 2009-cu il təvəllüdlü övladı X5 və 2013cü il təvəllüdlü övladı X9 ilə birlikdə yaşayır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi onun izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və himayəsində 14 yaşına çatmayan uşağın olması olması məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-221/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-221/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver