Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-249/2024 29.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunun, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Beyləqan şəhəri, M.Müşviq küçəsi ev 52-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Beyləqan rayonu RTS qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs özünü təqsirli bilmədi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, RTS qəsəbəsində yaşayır. Mütalib və Vilayət adlı şəxsləri tanıyır. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Onun özünə məxsus 20 baş xırdabuynuzlu heyvanı vardır. O, həmin heyvanları yaşadığı RTS qəsəbəsində yerləşən boş torpaq sahəsinin yanından keçən su arxının kənarında otarır. Həmin torpaq sahəsində isə Mütalib öz heyvanlarını otarır. Mütalib həmin torpaq sahəsinin yaxınlığında yerləşən fermanı icarəyə götürüb həmin fermada yaşayaraq iri və xırdabuynuzlu heyvanlar saxlayır. O, Mütalibin heyvan otardığı torpaq sahəsinin kənarı ilə öz heyvanlarını bir neçə dəfə otaran zaman Mütalib ona həmin yerdə heyvanlarını otarmamasını bildirmişdir. Lakin o, həmin torpaq sahəsinin rəsmi olaraq Mütalibə məxsus olmadığını bildirmişdir. Bundan başqa o, torpaq sahəsində deyil su kanalının kənarında heyvanları otarmışdır. Lakin Mütalib həmin ərazinin də ona məxsus olduğunu bildirərək onun kanalın kənarında heyvan otarmamasını bildirmişdir. Buna görə də aralarında bir neçə dəfə sözlü mübahisə baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, yenə də su kanalının kənarı ilə heyvanları otara-otara Mütalibin heyvan otardığı torpaq sahəsinin kənarına çatmışdır. Həmin vaxt Mütalib qohumu Vilayətlə birlikdə orada heyvan otarırdı. O, su kanalının kənarında heyvan otaran zaman Mütalib və Vilayət ona yaxınlaşaraq onun orada heyvan otarmamasını, oradan kənarlaşmasını bildirmişdirlər. O, isə həmin ərazinin Mütalibə məxsus olmadığını bildirərək oradan kənarlaşmayacağını onlara bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, həmin yerdən kənarlaşmayacağını bildirdiyi üçün Vilayət qəfil onun arxa tərəfindən yaxınlaşıb onu tutub sıxmağa başlamışdır. O, Vilayətdən kənarlaşmaq üçün onu itələmişdir. Həmin vaxt onun əlində çomaq olmuşdur. O, Vilayəti özündən kənarlaşdırmaq üçün çomaqla Vilayəti vurmuşdur. Lakin, həmin vaxt Vilayət onu tutub sıxdığı üçün halı pis olmuşdur. Buna görə də Vilayəti hansı nahiyələrindən vurduğunu dəqiq xatırlamır. Bundan sonra Vilayət və Mütalib oradan kənarlaşmışdırlar. O, yenə də Vilayətə yaxınlaşıb onu nə üçün boğduğunu soruşmuş və ona irad bildirmişdir. Həmin vaxt yenə də aralarında sözlü mübahisə olmuşdur. Mübahisə zaman bir-birlərinin ünvanına nəlayiq ifadələr işlətsələr də aralarında yenidən dava-dalaş olmamışdır. Bundan sonra isə polis əməkdaşları həmin yerə gəlmişdirlər. Baş vermiş mübahisə ümumilikdə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt orada başqa heç kim olmamışdır. Daha sonra o, yaşadığı evə getmişdir. Vilayət onu arxadan tutub sıxdığı üçün vəziyyəti pis olmuşdur. Onun ağrıları olduğu üçün evdə uzanmışdır. Həmin vaxt tanışı Vüsal Xanaliyev onun evinə gəlmişdir. O, Vüsala hadisə barədə məlumat verdikdən sonra Vüsal DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Aralarında baş vermiş mübahisə Beyləqan rayonu, RTS qəsəbəsi ərazisində yerləşən otlaq sahəsinə gedən yolda kanalın üstündə baş vermişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan şəhəri, RTS qəsəbəsində yaşayır. Eldar adlı şəxsi Beyləqan rayon sakini kimi tanıyır. Onunla arasında hər hansı ədavət və düşmənçilik yoxdur. Onun əmisioğlu X2 şəhəri, RTS qəsəbəsində yerləşən icarəyə götürdüyü fermada yaşayır. Həmin fermanın yaxınlığında boş torpaq sahəsi vardır. Həmin sahədə Mütalib öz heyvanlarını otarır. Hazırda o, da Mütalibin yanında yaşayır və Mütalibə heyvanları otarmaqda kömək edir. Eldar adlı şəxs həmin torpaq sahəsinə yaxınlıqda yaşayır və həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsində öz heyvanlarını otarır. Eldarın heyvan otardığı sahə əkildiyi üçün Eldar onların heyvan otardıqları sahəyə keçərək öz heyvanlarını otarır. Mütalib Eldara həmin sahədə heyvan otarmamasını bildirsə də, Eldar sahədə heyvan otarmağa davam edir. Buna görə bir neçə dəfə Eldarla Mütalib və onun arasında sözlü mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, Mütaliblə birlikdə həmin sahədə heyvanları otaran zaman Eldarda öz heyvanlarını həmin sahəyə gətirmişdir. O, və Mütalib Eldara heyvanları sahədə çıxartmasını bildirmişdirlər. Lakin Eldar heyvanları sahədən çıxartmamış və əksinə onlara sahədən çıxmalarını bildirmişdir. Buna görə də aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Eldar onun və Mütalibin ünvanına nəlayiq ifadələr işlətmişdir. O və Mütalib Eldara öz iradlarını bildirsələr də Eldar öz hərəkətlərinə davam etmişdir. Bu zaman Eldar Mütalibə heyvanları sahədən çıxartmasını bildirmiş, daha sonra isə özü Mütalibin heyvanlarını sahədən çıxartmağa çalışmışdır. Bu zaman o, heyvanların qarşısını kəsmiş və Eldara heyvanları sahədən çıxartmağa icazə verməmişdirlər. Həmin vaxt Eldar anidən ona yaxınlaşaraq onun sol qolunun bilək nahiyəsindən əlində olan ağac budağı ilə bir dəfə vurmuşdur. Eldar ondan xeyli böyük olduğu üçün o, Eldarla mübahisə etmək istəməmişdir. O, Eldardan bir qədər uzaqlaşıb heyvanları yığmağa başlamışdır. Eldar yenədə ona yaxınlaşıb bu dəfə sol çiyin nahiyəsindən əlində olan ağac budağı ilə bir dəfə vurmuşdur. O, yenədə Eldarla mübahisə etməmək üçün ondan bir qədər kənarlaşmış və heyvanları yığmağa başlamışdır. Lakin Eldar yenə də ona yaxınlaşaraq heyvanları sahədən çıxartmadığı üçün əlində olan çomaqla onun başının sol arxa təpə nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra o, Eldarın bu hərəkətlərindən əsəbiləşərək hadisə barədə DİN-nin “102” xidmətinə müraciət etmişdir. Daha sonra Eldarla mübahisə etməmək üçün həmin yerdən bir qədər kənarlaşmışdır. Baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada əmisioğlu Mütalib Həsənov olmuşdur. Hazırda Şəxslə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Beyləqan rayonu RTS qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 17 mart 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 02 mart 2024-cü il tarixli, 175/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol gicgah nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sol çiyin qurşağı və ssol said nahiyəsində qançır aşkar olunmuşdur ki, həmin xəsarətlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Şəxs Zərərçəkmiş şəxs döyməməsi barədə məhkəməyə verdiyi izahatı özünü müdafiə xarakteri dayışır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 saat üçün 6 (altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna ödənilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-249/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-249/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver