Məhkəmə qərarları › İş №3(020)-266/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-266/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-266/2023 06.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, orta təhsilli, evli, bir uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2195/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 21 iyun 2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment tutularaq X1 verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra Şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2195/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 21 iyun 2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment tutularaq X1 verilməlidir. İcra sənədi üzrə borcundan maddi imkanı olmadığından heç bir ödəniş etməmiş, icra sənədinin könüllü icrası barədə icra məmuru tərəfindən ona vaxt verilmişdir. Lakin verilmiş müddət ərzində maddi imkanı olmadığından icra sənədi üzrə alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 1016 manat aliment borcu yaranmışdır. Beyləqan rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq barəsində məhkəmənin məcburigətirmə qərarı olduğunu bildirmiş və polis əməkdaşları ilə birlikdə Beyləqan rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. İcra şöbəsində icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunun ödənilməsi tələb olunmuşdur. İcra sənədi üzrə olan aliment borcundan hazırda 500 manat ödəniş etmiş, qalan borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. İşsizdir. Fəhləlik edərək qazandığı pulu özünün dolanışığına sərf edir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2195/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 21 iyun 2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment tutularaq X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə olan alimentdən indiyədək heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1016 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Çağırışlarına gəlmədiyinə görə Şəxs barəsində məcburigətirmə qərarı verilməsi üçün məhkəməyə vəsatət vermiş, məhkəmə Z.Qurbanovun barəsində məcburigətirmə qərardadı çıxararaq icrası üçün Beyləqan rayon PŞ-ə göndərmişdir. Zamiq Əliyev polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmiş, icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə olan aliment borcunu ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda tələbkara olan borcundan 500 manat ödəmiş, qalan borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2195/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Şəxs 21 iyun 2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment tutularaq X1 verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan aliment borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, hazırda icra sənədi üzrə aliment borcundan 500 manat ödəmiş, qalan borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs hazırki tarixdə isə icra sənədi üzrə aliment borcundan 500 manat tələbkarın hesabına ödəmişdir. Qalan borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar