Məhkəmə qərarları › İş №3(020)-266/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-266/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-266/2025 06.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan şəhəri SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Beyləqan rayonu SMD qəsəbəsində Zərərçəkmiş şəxs Şəxs döymüşdür. Qeyd olunanlara əsasən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə Beyləqan rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Mahmudov X6 rayon PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində oğlu Şəxs tərəfindən döyülməsini bildirməklə, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciətlə bağlı Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X4 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 aprel 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində AR İXM- nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs ilə münasibətləri normal deyildir.xx.xx.2025-ci il tarixdə saat 22 radələrində o, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan əmisi X3 yaşadığı evin qarşısında dayanan zaman atası Zərərçəkmiş şəxs həmin yerdən keçərkən heç bir səbəb olmadan onu təhqir edərək, yaxasından tutmuşdur. O da Zərərçəkmiş şəxs özündən aralamaq üçün onun sinəsindən geriyə itələyərkən, X9 yerə yıxılmışdır. Həmin vaxt oraya gələn əmisi X5 onları aralamışdır. Həmin vaxt onun əlində bıçaq olmayıb. Göstərilənlərin nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun oğludur. O, arvadından boşandıqdan sonra oğlu Şəxs evi tərk edərək nənəsinin evində yaşayır və evə gəlmir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində o, Beyləqan şəhəri SMD-4 qəsəbəsində piyada gedən zaman qardaşı Rüfət Mahmudovun evin yaxınlığında, Şəxs ilə Rüfət Mahmudov söhbət etdiyini görmüşdür. Həmin vaxt Şəxs onu təhqir etmişdir. Rüfət Mahmudov isə ona doğru gələn zaman o da Rüfət Mahmudova doğru getmək istəyərkən Şəxs təpiklə onun ayağına vurmuşdur. Həmin vaxt o, yerə yıxılıb və başı yerə dəyib. Bundan sonra X8 onları yanına gələrək onları aralamışdır. Bu səbəbdəndə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 09 aprel 2025-ci il tarixli, 198/25 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ənsə nahiyəsində qançır fonunda sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar