Məhkəmə qərarları › İş №3(020)-270/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-270/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-270/2024 02.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon vəkil bürosunun vəkili X2, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X10, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,orta təhsilli, subay, işsiz, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu 1ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 08 noyabr 2008-ci ildə doğulmuş X5 və 31 dekabr 2009-cu ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 noyabr 2020-ci il tarixdən başlayaraq Şəxs X3 xeyirinə hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 08 noyabr 2008-ci ildə doğulmuş X5 və 31 dekabr 2009-cu ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 noyabr 2020-ci il tarixdən başlayaraq ondan X3 xeyirinə hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə alimenti hər ay vaxtında ödəmiş, lakin sonradan tələbkar alimentin artırılmasına dair iddia qaldırdıqdan sonra yeni təyin olunmuş alimenti ödəyə bilməmiş nəticədə icra sənədi üzrə 1000 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış, hüququ və vəzifələri izah olunaraq ondan icra sənədi üzrə olan aliment borcunun ödənilməsi tələb olunmuşdur. O, aliment borcunu ödəməkdən boyun qaçırmır, hər ay vaxtında alimenti ödəyir. Sonradan artırılma ilə təyin olunmuş alimenti köhnə məbləğlə ödədiyinə görə borcu yaranmışdır. Hazırda aliment borcundan 300 manat ödəmiş, qalan borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X15 məhkəmə iclasında izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 08 noyabr 2008-ci ildə doğulmuş X5 və 31 dekabr 2009-cu ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 noyabr 2020-ci il tarixdən başlayaraq Şəxs X3 xeyirinə hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu Şəxs icra sənədi üzrə olan alimenti hər ay ödəmiş, lakin son aylarda ödəməmiş və nəticədə icra sənədi üzrə 1000 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Xudiyev X9 rayon İcra və probasiya şöbəsinə gəlmiş, icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. İcra şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Beyləqan rayon vəkil bürosunun vəkili X1 Akif Eyvaz oğlunun icra sənədi üzrə alimenti ödəməkdən boyun qaçırmadığının nəzərə alınmasını və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, 08 noyabr 2008-ci ildə doğulmuş X5 və 31 dekabr 2009-cu ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 noyabr 2020-ci il tarixdən başlayaraq Şəxs X3 xeyirinə hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. İşə əlavə edilmiş 02.042024-cü il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs 300 manat pulu tələbkar X3 plastik kart hesabına ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X15 izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan aliment borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, hər ay aliment ödəmiş, yığılan 1000 manat aliment borcundan hazırda 300 manat tələbkara ödəmiş, qalan borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs icra sənədi üzrə yaranmış 1000 manat aliment borcundan 300 manat tələbkara ödəmiş və bunu sübut edən qəbzi məhkəməyə təqdim etmişdir. Qalan borcunu isə hər ay aliementlə birlikdə hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi, yəni aliment ödəməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (saat) saat üçün 6 (altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X8 və Tədris Mərkəzinə göndərilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar