Məhkəmə qərarları › İş №3(020)-279/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-279/2025

18.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-279/2025 18.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Beyləqan rayonun, Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonun, Bünyadlı kəndində qeydiyyatda olan, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, Beyləqan rayonun, Bünyadlı kəndində xidməti vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 protokolu müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində Beyləqan rayonu Bünyadlı kəndində YPXnın inspektoru polis serjantı Mətləb Paşazadə və polis kiçik leytenantı Murad Sadayzadə xidmətdə olarkən “Vaz 2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr etmə qaydalarını pozduğunu görüb ona saxla işarəsi verilmişdir. YPX-nin polis əməkdaşları sürücüyə yaxınlaşaraq özlərini təqdim edib sürücü Şəxs sənədlərini yoxlayan zaman avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığını müəyyən etmişdirlər.YPX-nin polis əməkdaşları onu rayon PŞ-nə dəvət edərək barəsində protokol tərtib ediləcəyini bildirən zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamış və onun atası həmin yerə gələrək polisin ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. YPX-nin polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır.Sonradan şəxsiyyəti müəyyən olunan sürücünün atası X4 Beyləqan rayon PŞ-nə dəvət etmələrinə baxmayaraq o, həmin avtomobilə əyləşərək avtomobili YPX-nin polis əməkdaşlarının icazəsi olmadan və özünün də idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək həmin yerdən yaşadığı mənzilin həyətinə salaraq həyətin qapılarını bağlamışdır. Bundan sonra Şəxs və hadisə yerində olan YPX əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə “Vaz 2107” markalı **-BM- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə qapıdan çıxıb bir az getdikdən sonra YPXnin polis əməkdaşları onu saxlamışdır. YPX-nin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və sənədlərini yoxlayan zaman avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığını müəyyən etmişdirlər. Bu vaxt atasının gəldiyini görüb polis əməkdaşlarına atasının şəkər və əsəb xəstəsi olduğunu bildirmişdir. Atası həmin yerə gələrək nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. Sonra ondan maşının açarını alıb maşını sürüb yaşadığı evin həyətinə aparmışdır.O, YPX-nin polis əməkdaşlarının qanuni tələbinə tabe olmuşdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i polis kiçik leytenantı X5 ilə xidmətdə olarkən “Vaz 2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr etmə qaydalarını pozduğunu görüb ona saxla işarəsi verilmişdir. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim edib sürücü Şəxs sənədlərini yoxlayan zaman avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığını müəyyən etmişdirlər.Onlar sürücünü rayon PŞ-nə dəvət edərək barəsində protokol tərtib ediləcəyini bildirən zaman onun atası həmin yerə gələrək polisin ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. YPX-nin polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də, atası öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır.Sonradan şəxsiyyəti müəyyən olunan X4 Beyləqan rayon PŞ-nə dəvət etmələrinə baxmayaraq o, avtomobilə əyləşərək avtomobili onların icazəsi olmadan və özünün də idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək həmin yerdən yaşadığı mənzilin həyətinə salaraq həyətin qapılarını bağlamışdır. Bununla bağlı onlar rayon PŞ-nə gələrək aidiyyəti üzrə raportla məruzə edərək həmin şəxslərin rayon PŞ-nə təmin olunmasını xahiş etmişdir . Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs onlara qarşı hər hansı bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i polis kiçik leytenantı X5 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X3 ilə eyni məzmunda ifadə verərək Mətləb Paşazadənin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, protokoldan görünür ki, Şəxs oğlu həmin tarixdə, saat 18:50-də inzibati qaydada tutulmuşdur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir dəlil təqdim olunmamışdır. Məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən polis əməkdaşlarına qarşı hər hansı bir tabesizlik göstərilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130 –cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar