Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-303/2025 27.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, şikayət vermiş şəxs İ.M.İsmayılovnun iştirakı ilə, 04 avqust 1987-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla, yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28325203 nömrəli elektron qərardan İ.M.İsmayılovun vermiş olduğu şikayətə və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ.M.İsmayılov şikayətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28325203 nömrəli elektron qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, vətəndaş İ.M.İsmayılov 02 iyun 2025-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Sənqəçal qəsəbəsi ərazisində “Man TGX 18 440 yük markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs İ.M.İsmayılov verdiyi şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, o, BB 591777 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünəməxsus olan “Man TGX 18.440” yük markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə müxtəlif formatda yükləri, müxtəlif istiqamətlərdə daşıyaraq ailəsini dolandırmaqla məşğul olur. 02 iyun 2025-ci il tarixdə həmin avtomobilə arpa yükləyərək Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən adını unutduğu qəbul məntəqəsin apararkən, yük avtomobillə birlikdə Beyləqan rayonu ərazisində olan rəsmi olaraq sertifaksiyadan keçirilmiş şəhadətnaməlı tərəzi vasitəsi ilə qeyd olunan tarixdə saat 19:14 radələrində çəkilmiş və çəki 39870 kiloqram olmuşdur. Çəkilmənin rsəmi olması səbəbilə bu barədə 02 iyun 2025-ci il tarixli, 41149 nömrəli tərəzi qəbzi təqdim olunmuş və məhz bundan sonra o, yoluna davam etmişdir. Qaradağ rayonu, Sənqəçal qəsəbəsi ərazisində olan polis postunda quraşdırılmış və “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə” məxsus tərəzinin üzərindən keçərkən heç bir əlavə yüklənmə aparılmadan, bu dəfə yükün avtomobillə birlikdə ümumi çəkisi 40 tondan artıq olmuşdur. Bu əsasla barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatı xəta əməlini törətməsinə dair 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28325203 nömrəli elektron qərar qəbul edilərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunmuşdur. Bundan başqa "Man TGX 18.440” yük markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilində olan yükü təyinat nöqtəsində təhvil verən zaman avtomobildə olan yükün çəkisinin 39680 kiloqram olması bir daha onun inzibati xəta törətmədiyini tam olaraq təsdiq etmişdir və bu barədə 02 iyun 2025-ci il tarixli, 16981 nömrəli qəbz təqdim olunmuşdur. O, barəsində tərtib olunan 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28325203 nömrəli elektron qərarla razı deyil, qərar qanunsuz olaraq qəbul edilmişdir. Odur ki, həmin qərarın ləğv olunması və barəsində aparılan inzibati xəta haqqında ış üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar BDYPİ-nin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə BDYPİ-nin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in BDYPİ-nin EQ seriyalı 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28325203 nömrəli elektron qərarının surətindən aydın olur ki, vətəndaş İ.M.İsmayılov eyni tarixli protokola əsasən M-2 47.9 km, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Qaradağ rayonu, Sənqəçal qəsəbəsi ərazisində avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, “Man TGX 18 440 yük markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil 02 iyun 2025-ci il tarixdə, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Qaradağ rayonu, Sənqəçal qəsəbəsində polis postunda quraşdırılmış tərəzidən keçərkən limit 39870 kiloqram olduğu halda, daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 40000 kq artıq olmuşdur. BDYPİ-nin Qİİ tərəfindən 02 iyun 2025-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Man TGX 18 440 yük markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İ.M.İsmayılovdur. Azərbaycan Respublikası DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü sübut və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa, şikayətçinin məhkəməyə təqdim etdiyi 02 iyun 2025-ci il tarixli, 41149 nömrəli çəki qəbzində də aydın olur ki, sürücü İ.M.İsmayılov həmin tarixdə, yük doldurma yerini tərk edərkən idarə etdiyi yük avtomobilinin brutto çəkisi 39870 kiloqram olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İ.M.İsmayılov “Man TGX 18 440 yük markalı, ** SB *** dövlət qeydiyyat nişanlı yük avtomobilini yuxarıda qeyd olunan vaxtda idarə edərkən idarə etdiyi avtomobilin maksimum kütləsi 40 tonu keçməmiş, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, N° 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi İcazənin verilməsi Qaydasının 4.2-ci maddəsinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçti alətləri və cihazları, hərəkətdə olaıı belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Həmin qaydanın 4.3-cü bəndində əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olub-olmaması araşdırılmadan İ.M.İsmayılovun təqsirinin olması əsas götürülərək qərar qəbul olunmuşdur. Bundan başqa, eyni gündə, eyni avtomobil eyni yüklə birlikdə iki müxtəlif yerdə çəkildiyi zaman müxtəlif çəkilər olmuşdur ki, həmin çəkilərdən biri rəsmi qaydada sertifikatı olan tərəzi tərəfindən çəkilsə də, digərinin belə bir sənədi işdə mövcud deyildir. Azərbaycan Respublikası Dİn Baş X5 İdarəsinə məhkəmə iclasında iştirakı və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə dəfələrlə məlumat verilsə də BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iş üzrə əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, şəxsin barəsində həmin əmələ yol verilməsinə dair şübhəli məqam mövcuddur. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İ.M.İsmayılov barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 353.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən İ.M.İsmayılov barəsində Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28325203 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 53.1.2, 131-136-cı maddələrini rəhbər tutaraq məhkəmə adından, Q Ə R A R A A L D İ: İ.M.İsmayılovun şikayəti təmin edilsin. İ.M.İsmayılovun Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28325203 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-303/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-303/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver