Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-317/2025 19.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Quliyev Vəkil Yelmar oğlunun iştirakları ilə oğlunun iştirakı ilə, xx.xx.1963-cü il tarixdə İmişli rayonun, Sarxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Beyləqan rayonun, İmamverdilər kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində Beyləqan rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 18 iyun 2025-ci il tarixdə vətəndaş Şəxs DİN 102 xidmətinə şikayət daxil olmuşdur.Beyləqan rayonu, İmamverdilər kənd sakini vətəndaş Şəxs şikayətlə bağlı Beyləqan rayon polis şöbəsinə çağırılmışdır. Şəxs həmkəndlisi Taleh Hüseynovu polis şöbəsində görərək əsəbləşmişdir.Bundan sonra o, Beyləqan rayon Polis Şöbəsinin inzibati binasında olan vaxt uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra hadisə yerində olan polis əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda polis şöbəsində təhlükəsizlik kameralara işləmədiyinə görə həmin hadisənin videogörüntülərini məhkəməyə təqdim etmək mümkün deyildir və hadisə olan zamanı orada olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə evdə olan zaman polis əməkdaşları onların yaşadığı evə gələrək, oğlu ilə birlikdə onları Beyləqan rayon polis şöbəsinə aparmışlar. O, polis şöbəsində olan vaxt uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı və ya polisin qanuni tələbini pozmamışdır.O, polis şöbəsində Taleh Hüseynovu və İbrahim Əsgərovu görməmişdir.O, Talehə və İbrahimə qarşı nalayiq ifadələr işlətməmiş və söyüş söyməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o, X2 ilə X5 yaşadıqları evə gedərək, sonuncunu atası ilə birlikdə Polis Şöbəsinə dəvət etmişlər və onlarla birlikdə şöbəyə gəlmişlər. Şöbəyə daxil olduqdan zaman 2-ci mərtəbdə koridorunda onlar X4 görərək, ona qarşı uca səslə nalayiq ifadələr işlətmişlər. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ona qarşı hər hansı bir nalayiq ifadələr işlədilməmişdir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirmişdir ki, o, 18 iyun 2025-ci il tarixdə vətəndaş Şəxs DİN 102 xidmətinə verdiyi şikayətlə bağlı Beyləqan rayon polis şöbəsinə çağrılmışdır. Polis şöbəsinin inzibati binasına daxil olub ikinci mərtəbəyə qalxarkən orada Şəxs və Azər Əsədovu görmüşdür.Həmin vaxt Şəxs və Azər Əsədov onu görüb üstünə gələrək uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı və ya polisin qanuni tələbini pozmuşdular. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə polis nəfəri X3 tərəfindən rayon polis şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə İmamverdilər kənd sakini vətəndaş Şəxs DİN-nin 102 xidmətinə mütamadi olaraq zəng edib xidmətin iş rejmini pozması ilə bağlı yaxınlaşaraq polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinin inzibati binasında Şəxs və X9 uca səslə nalayiq ifadələr işlətməsi tərəfindən aşkar edilmiş və həmin şəxsə yaxınlaşaraq hüquqazidd hərəkətlər son qoymasını və binada nalayiq ifadəlr işlətməməsini həmin şəxslərə bildirmiş, lakin həmin şəxslər onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə əməl etməmişdirlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində Beyləqan rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətməsi, ictimai qaydanı pozması, polisin qanuni tələbinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir və bu əməlləri törətmiş şəxslər həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən isə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddə üzrə məsuliyyət yaradır. İş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər zidiyyətli ifadələr vermişdir. Halbuki ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu səbəbdən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrdə nəzərdə tutulan inzibati xəta tərkib əlamətləri yoxdur. yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 33 (otuz üç) manat ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: xx.xx.2025-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 33 (otuz üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-317/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-317/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver