Məhkəmə qərarları › İş №3(020)-342/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-342/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-342/2024 13.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 47.5 km ərazisində DYP-nin Qaradağ postunun patrul avtomobilində xidmət göstərən Cəlal və Azər adlı soyadlarını bilmədiyi polis əməkdaşları radara düşməsi ilə bağlı onu saxlayaraq sənədlərinə baxış keçirmişdir. O, isə sürət həddini aşmadığımı bildirmiş və əgər bele bir hal varsa o zaman radar barədə məlumatın ünvanına göndərilməsini bildirmişdir. Daha sonra isə sol zolaq ilə hərəkət etdiyini bildirmişlər. O, isə sol zolaqda hərəkət etməsinin səbəbini ötmə əməliyyatı etdiyim üçün əsas gətirmiş və DYP avtomobilində olan video qeydiyyat aparatından təkrar izləməsini bildirmişdir. Sonra Cəlal adlı əməkdaş ona içkili olub olmamağı ilə bağlı xidməti avtomobilində olan alkotester aparatına nəfəs verməsini bildirnişdir. O, isə etiraz etmədən alkotesterə üfləmiş və sərxoş olmadığını, bildirən zaman “sizdə içki əlamətləri var” deyərək dərhal posta getməli olduğunu bildirərək orada təkrar müayinə olunacağını bildirmişlər. Posta gəldikdən sonra yol hərəkəti kameralarına nəzarət otağında əynində təbib geyimi olan özünü isə narkoloji həkimi olaraq təqdim edən əməkdaş təkrar müayinə keçirmiş və içki əlamətlərinin olmasını qeyd etmişdir. O, isə israr edərək onu Respublika Narkoloji Mərkəzində müayinə olunmağa aparmalarını bildirmişdir. Ardından onu postun 2-ci mərtəbəsində yerləşən kabinetə, mayor rütbəli Vüqar müəllimin yanına çağırmışlar. Vüqar müəllim ona “söylədiyim kimi izahat yaz” deyərək qarşısına blank şəklində boş izahat forması qoymuşdur. O, isə izahatı özünün bildiyi kimi yazan zaman kağızı qarşısından götürərək cırıb tikə-tikə edib yüksək səs ilə əməkdaşlara səslənərək “Maşını basın ştrafnoya, pravasını lişeniya edin, ağlı başına gəlsin” deyərək otağından kobudcasına çıxmağını bildirmişdir. Yenidən onu aşağıda, yəni postun 1-ci mərtəbəsində yerləşən kamera və yola nəzarət otağında israrla barəsində yazılmış olan, üzərində İXM-nin 333.1-ci maddəsi əks olunan protokola imza etməsini bildirmişlər. O, hüquqi olaraq protokola yalnız həkim müayinəsindən sonra imza edəcəyini bildirmişdir. Beləcə getdikcə vəziyyətin gərginləşdiyini, şəxsiyyətinə kobudcasına söz ifadələrinə məruz qaldığını görərək “102” qaynar xəttinə zəng edib olanlar barədə öz şikayətini bildirmişdir. Ardından isə vaxt itirmədən dərhal Respublika Narkoloji Mərkəzinə həkim müayinəsinə yollanmışdır. Mərkəzdə müayinə olunduğu zaman ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur nəticəli cavabı alaraq yenidən, vaxt itirmədən Qaradağ postuna gəlmişdir. Sənədi təqdim edərək barəsində çıxarılan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolun ləvğ olunmasını və avtomobilini özünə geri təhvil vermələrini bildirmişdir. Sənədə baxan adını və soyadını bilmədiyi polis əməkdaşı “Onsuzda bu sənəd əsassızdır, heç bir önəm daşımır” deyərək gəl protokola imza et sonra maşınını götürüb, digər bir şəxsin sükan arxasına əyləşərək onun sürüb gedəcəyini bildirmişlər. O, isə DİN-nin 902 qaynar xəttinə zəng edərək olanları təkrar anlatmışdır. Telefonda ona əlinizdəki sənədin etibarlı olduğunu və avtomobili özünün idarə edə biləcəyini bildirmişlər. O, isə onlardan xahiş etmişdir ki, bu məlumatı Qaradağ postunun əməkdaşlarına izah etsinlər. Qaradağ postunun əməkdaşlarına 902 qaynar xəttindən verilən məlumatlardan sonra Vüqar müəllim öz otağından aşağıdakı otağa enərək barəsində yazılmış protokolu götürərək onunla birlikdə öz otağına aparmışdır. Daha sonra Postun daxilində mülki geyimdə olan Vaqif adlı şəxsi səsləyərək ona başa saldı ki guya o, İmişli rayonundandır və onun tanışıdır. Ardından öz telefonunu çıxararaq video çəkməyə başlamışdır. Onun adını və soyadını soruşmuş, sonra həmin şəxsin adını, soyadını soruşaraq həmin şəxsin onun avtomobilini idarə etməsini bildirmişdir. Çöldə yenidən video çəkiliş baş tutmuş, həmin Vaqif adlı şəxs maşını sürərək postun düz qarşı tərəfində (üzü Bakı istiqamətində) saxlayaraq maşından düşərək geriyə, posta geri qayıtmışdır. O, isə yoluna davam etmədən oncə yenidən 902 qaynar xəttinə zəng etmiş, vəziyyət barədə məlumat verdikdən sonra barəsində yazılan qanunsuz cərimədən, avtomobilini idarə edə biləcəyini dəqiqləşdirdikdən sonra saat 10:00 radələrində saxlandığı Qaradağ postundan axşam saatlarında uzaqlaşmaq imkanı olmuşdur. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın, yəni Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X3 23 mart 2024-cü ilə tarixdə saat 13:55-də müayinədən keçmiş, onun ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X1 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin şöbəyə göndərilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Baş X5 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X1 xx.xx.2024-cü il tarixdə saat 10:35-də nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Baş X5 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, X3 xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduğu halda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün həkim müayinəsindən keçirilməmişdir. X3 öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə saat 13:55-də həkim müayinəsindən keçmiş, ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X1 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1 -ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X1 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar