Məhkəmə qərarları › İş №3(020)-345/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-345/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-345/2024 23.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, İnzibati xəta əməlindən Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx.xx.1985-ci il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində Beyləqan rayonu, Kəbirli kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Cəsur onun qızı Əsmər Hümbətzadə ilə birlikdə kənd ərazisində riyaziyyat fənnindən hazırlığa gedir. xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində onlar hazırlıqdan çıxarkən o, qızı Əsməri yaşadığı evə gətirmək üçün özünə məxsus maşınla qızının hazırlığa getdiyi müəllimin yaşadığı evin qarşısına getmişdir. Əsmər maşına mindikdən bir neçə dəqiqə sonra ağlaya-ağlaya mənə bildirmişdir ki, Cəsur hazırlıq zamanı kiminsə ondan xoşunun gəldiyini bildirmişdir. Əsmər Cəsurun əvvəllərdə bir neçə dəfə ona bu sözləri deyərək onu narahat etdiyini bildirmişdir. O, qızı ilə bərabər avtomobil ilə gedərkən yolda Cəsurunda getdiyini görmüşdür. O, maşını saxlayıb maşından düşmüş və Cəsurun qolundan tutub nə üçün qızı Əsmərə bu cür sözlər deyərək onu narahat etdiyini bildirmişdir. Bu zaman Cəsur “əmi nə eləmişəm səhv eləmişəm” dediyi üçün o, Cəsurun sağ qolundan bir dəfə şillə vurub itələmişdir. Daha sonra isə Cəsur qaçaraq oradan uzaqlaşıb getmişdir. Bundan sonra isə o, qızını yaşadığı evə aparmışdır. Baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Mübahisə zamanı isə orada başqa heç kim olmamışdır. Həmçinin bildirdi ki, hal-hazırda Cəsurunözündən və valideyni Qanuni nümayəndə üzr istəmiş və onlarla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Kəbirli kəndində yaşayır. Şəxs onun həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Turalın qızı Əsmər onunla birlikdə kənd ərazisində riyaziyyat müəllimi olan Təranə adlı müəllimənin yanına hazırlığa gedir. Təxminən hadisədən 1 ay əvvəl o, Əsmər və digər uşaqlarla hazırlıqda olan zaman o, zarafatla Əsmərə onu başqa bir şəxsin sevdiyini bildirmişdir. Lakin həmin vaxt Əsmər onun bu sözlərinə görə hər hansı bir irad bildirməmiş, aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində o, hazırlıqdan çıxıb öz evinə gələn zaman Şəxs maşınla onun yanına yaxınlaşaraq maşını saxlamış və ona maşına oturmasını, onunla işinin olduğunu, onunla birlikdə atası Valehin yanına gedəcəyini bildirmişdir. Lakin o, Turalın maşınına oturmaqdan imtina etmiş, öz yolu ilə getməyə davam etmişdir. Bu zaman Tural maşını onun yanından sürüb çıxıb getmiş, təxminən 200 metr qabaqda yenidən maşını saxlamışdır. O, Turalın maşınının yanına çatdıqda Tural maşından düşərək qızı Əsmərə nə üçün söz atmasını bildirərək onunla mübahisə etməyə başlamışdır. O, Əsmər ilə zarafat etdiyini, əgər Əsmərin xətrinə dəymişdirsə üzr istədiyini bildirmişdir. Lakin Tural onunla mübahisə etməyə davam etmiş, mübahisə zamanı isə onun ünvanına nalayiq ifadə işlədərək onu təhqir etmişdir. Mübahisə zamanı Tural onu itələyib yerə yıxmışdır. O, ayağa qalxıb oradan uzaqlaşmaq istəyərkən Tural şillə ilə onun boynunun arxa nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra o, həmin yerdən çıxıb getmişdir. Tural da öz maşınına minib oradan uzaqlaşmışdır. O, həmin yerdən uzaqlaşdıqdan sonra yaşadığı evə getməyə başlamış, yaşadığı evə çatmağa az qalmış, Tural yenə də maşınla onun yanına yaxınlaşmış, maşını onun üzərinə sürüb onun ünvanına nalayiq ifadələr işlətmiş, yenə də onun maşına oturmasını, onu atası Valehin yanına aparacağını bildirmişdir. Lakin, o, Turalın maşınına oturmamış, yaşadığı evə gedərək atası Valehə və əmisi Talehə hadisə barədə məlumat vermişdir. Bundan sonra əmisi Valeh hadisə barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bildirdi ki, hadisədən sonra Şəxs ondan və atasından üzr istəmiş, o, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi yoxdur. Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində Beyləqan rayonu, Kəbirli kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. İşdə olan 02 mart 2024-cü il tarixli 177/2024 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş Zərərçəkmiş şəxs adına vermiş olduğu 02 mart 2024-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs boyun nahiyəsində yumşaq toxumaların əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 17 mart 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis baş leytenantı X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin və zərəçəkmiş şəxsin qanuni nümayəndəsinin ərizələrini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar