Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-384/2025 04.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi,məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin direktoru və təsisçisi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında DƏMX-nin X2 nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2025- ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən məlumat verilmiş inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul etmiş prokuror məhkəmə iclasına gəlməmiş. Məhkəmə işə baxılmasının yeri və müddətinin inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul etmiş prokurora vaxtında bildirilməsini nəzərə alıb, işə inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul etmiş prokurorun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Proses iştirakçılarının izahatı:
3. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru və təsisçisi Nümayəndə bildirmişdir ki, o, sözügedən hüquqi şəxsin təmsilçisi və direktorudur. Şəxs MMC-nin fəaliyyət istiqaməti yolların təmiri və bərpası işlərini görməkdir. Belə ki, Şahid 2024-cü ilin dekabr ayından 2025-ci ilin yanvar ayının sonlarına qədər, təqribən 40 gün müddətində Şəxs MMC ilə aralarında bağlanmış 06 dekabr 2024-cü il tarixli, 07 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə əsasında Şahid məxsus avtoqreyderlə bir sıra rayonların daxili yollarında yolların hamarlanması işlərini görmüşdür. Gördüyü işlərin qarşılığında aralarında olan müqaviləyə əsasən hesabdan-hesaba köçürmələr olmuşdur. Lakin cəmiyyətin vergi borcları olduğuna görə onların hesablarına vergi sanksiyası qoyulduğu üçün Şahidla aralarında olan pul məsələsini hesablar arası ödəniş edə bilmədiyi üçün Şahid bu barədə şikayət ünvanlamışdır. Həmçinin onlar arasında əmək müqaviləsi bağlana bilməzdi. Belə ki, cəmiyyət Şahid işə cəlb etmişdir ki, özünə məxsus olan avtoqreyderlə müqavilədə göstərilən xidməti göstərsin və elektron qaimə üzrə əmək haqqı alsın. Həmçinin əmək müqaviləsi bağlamalı olduğunu bilmədiyi üçün aralarında xidmətlərin göstərilməsi müqaviləsini bağlamışlar. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında DƏMX-nin X2 nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Prokurorluqda işə baxılmış və tərəflərin izahatı ilə təsdiq olunmuşdur ki, işçi ilə işəgötürən arasında heç bir əmək müqaviləsi mövcud olmamışdır. Tərəflər arasında yalnız xidmətlərin göstərilməsi haqqında müqavilə olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2025- ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsaslıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
5. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, hüquqi şəxs Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır.
6. Şəxs MMC ilə Şahid arasında 06 dekabr 2024-cü il tarixli, 07 nömrəli Xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:
7. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və cəmiyyətin əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir.
8. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
9. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
12. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
13. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatından və təqdim olunan sənədlərdən görünür ki, cəmiyyətlə Şahid arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Belə olan halda aydın olur ki, Şahid cəmiyyət tərəfindən əmək müqaviləsi bağlanmadan avtoqreyderlə cəmiyyin işlərinə cəlb edilmişdir. Həmin hal yalnız iş materialları ilə deyil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatı ilə də öz təsdiqini tapmışdır.
14. Beləliklə, məhkəmə bildirmək istəyir ki, məhkəmə iclasında izahatları alınmış şəxslərin işlədikləri şirkətin adını bilməmələri və digər amillər inzibati xəta haqqında iş üzrə ziddiyyətli hal sayıla bilməz. Çünki adı keçən şəxslər istər Laçın rayon prokurorluğunda, istərsə də məhkəmə iclasında verdikləri izahatlarında Şahid3 onlarla bir eyni şirkətdə işlədiyini bildirmələri səalhiyyətli orqan tərəfindən qəbul edilmiş qərarın əsaslılığına dəlalət edir.
15. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
16. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu məhz Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.
17. Qeyd edilməlidir ki, Şəxs MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
18. Məhkəmə, Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir.
19. Həmçinin məhkəmə Şəxs MMC-yə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
20. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
21. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
22. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
23. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
24. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
25. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
26. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
27. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
28. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
29. İXM-in 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir.
30. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraatın yekununda məhkəmə tərəfindən şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıra biləcək qərar qəbul oluna bilər. Həmin qərarda hakim tərəfindən şəxsin hansı inzibati xəta törətməsi müəyyən edilməli, müvafiq inzibati tənbeh tədbiri (inzibati cəza) seçilərək, bunun hüquqi nəticələri öz əksini tapmalıdır.
31. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
32. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramiz Nurullayev