Məhkəmə qərarları › İş №3(020)-386/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-386/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-386/2023 11.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştrakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 17 radələrində yaşadığı Beyləqan rayonu, Kəbirli kəndində yerləşən, həmkəndlisi Əlqəmə Hümbətova məxsus kafedə 20 qəpik puldan kartla qumar oynaması Beyləqan rayon polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahatında göstərdi ki, 09 mart 2023-cü il tarixdə saat 17 radələrində həmkəndlisi Əlqəmə adlı şəxsin evinin həyətində yerləşən kafesinə getmiş, kafedə bir qədər dayandıqdan sonra orada olan həmkəndliləri Orxan Vəliyev, Müzəffər Rəhimov, Natik Əliyev, Elnur Qurbanov, Elmir Əmiraslanlı və Elməddin Babayevlə 20 qəpik puldan kartla qumar oynamaq qərarına gəlmişlər və masaya əyləşərək 20 qəpik puldan qumar oynamağa başlamışlar. Qumar oynamağa başladıqdan bir qədər sonra kənd ərazisində xidmətdə olan rayon polis şöbəsinin əməkdaşları kafeyə daxil olmuş, stolun üstündə olan 72 ədəd oyun kartını, oyun masasında olan pulu götürərək onları polis şöbəsinə aparmışlar. Hərəkətlərindən peşimandır. Bir daha belə hərəkətlər yol vermiyəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində xidməti zərurətlə əlaqədar rayon ərazisində xidmətdə olarkən Beyləqan rayon Kəbirli kənd sakini X4 yaşadığı evinin həyətində yerləşən kafedə qumar oyunlarını təşkil etdiyi barədə əməliyyat məlumatı almış, bundan sonra rayon PŞ-nin CAB-nin əməliyyat bölməsinin əməkdaşları ilə birlikdə Beyləqan rayonu Kəbirli kəndinə getmiş və kənd sakini Əlqəmə Hümbətova məxsus evin həyətində olan kafeyə daxil olarkən həmin kafedə bir neçə nəfər kənd sakininin pul ilə kart qumar oyunu oynadığını görərək həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşan zaman masanın üzərində qumar kartı və pul əskinasları olmuşdur. Həmin şəxslər qumar oynadıqlarına görə onlara özlərini təqdim edərək həmin şəxsləri rayon PŞ-ə gətirmişlər. PŞ-də həmin şəxslərin Beyləqan rayonu Kəbirli kənd sakinləri X15, X2, X5, X6, Şəxs, X17, X9 və qumarxananı təşkil edən X7 olmaları onlara məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru X3 ilə eyni məzmunda izahat verərək, A.Abdullayevin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 18 mart 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis baş leytenantı X10 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Beyləqan rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 17 radələrində yaşadığı Beyləqan rayonu, Kəbirli kəndində yerləşən, həmkəndlisi Əlqəmə Hümbətova məxsus kafedə 20 qəpik puldan kartla qumar oynaması Beyləqan rayon polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Beləliklə məhkəmə iclasında dindirilən inzibati xəta əməli törətmiş şəxsin izahatı və iş materialları ilə Şəxs pulla qumar oynaması kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 525ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati qaydada tədbir görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs şəxsiyyətini, əməlini etiraf etməsi ilə yanaşı hərəkətindən səmimi peşimançılıq hissi keçirməsini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. İşdə maddi sübut olan 102 (bir yüz iki) manat pul müsadirə edilsin, 72 ədəd oyun kartları məhv edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar